Məhkəmə qərarları › İş №e-2(012)-2549/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2549/2022

30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2549/2022 30.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, RB/AB 6997 saylı kredit müqaviləsi üzrə 3791,61 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 94,88 manat məbləğində faiz borcu və 1879,03 manat məbləğində dəbbə pulu borcu, cəmi 5765,52 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 77,66 manat, cəmi 122,66 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus İmişli rayonu, Əlqulular kəndindəki 1,18 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli, RB/AB 6997saylı kredit müqaviləsi üzrə cəmi 5765,52 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 122,66 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus İmişli rayonu, Əlqulular kəndində 1,18 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, RB/AB 6997 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh məxsus İmişli rayonu, Əlqulular kəndində 1,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, RB/AB 6997 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/AB 6997saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. Eyni zamanda, həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. Qeyd olunanlara əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, lakin kredit borcunun məbləğinin şişirdildiyini bildirdi. İddiaçı ASC məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə nümayəndəsini göndərməmiş, məhkəməyə ərizə göndərərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan xx.xx.2019-cu il tarixli, RB/AB 6997 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə illik 5 faizlə 13000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü kredit məbləğini müvafiq qrafikə əsasında 36 ay ərzində ümumilikdə 13000 manat əsas borca görə, 1329 manat faiz borcuna görə ödəniş nəzərdə tutulmuş və həmin ödəniş planını Cavabdeh imza etmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, RB/AB 6997 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 3791,61 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 94,88 manat məbləğində faiz borcu və 1879,03 manat məbləğində dəbbə pulu borcu, cəmi 5765,52 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, RB/AB 6997 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan və borcalan Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh mülkiyyətində olan İmişli rayonu, Əlqulular kəndində 1,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında xx.xx.2019-cu il tarixli, RB/AB 6997 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri müəyyən edilməmişdir. İş materiallarında olan notariat kontorunda təsdiq olunan xx.xx.2019-cu il tarixli ərizədən müəyyən edilir ki, ipoteka qoyanın arvadı X1 əri Cavabdeh mülkiyyətində olan İmişli rayonu, Əlqulular kəndində 1,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evinin İddiaçı ASC-yə kreditin təminatı üçün ipotekaya qoyulmasına razıdır və həmin evə tutma yönəldikdə və o satıldıqda evi qeydşərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan İmişli rayonu, Əlqulular kəndində 1,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 6 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2022ci il tarixli bildirişdən müəyyən edilir ki, İmişli rayonu, Əlqulular kəndində 1,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi və bunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaları barədə Cavabdeh İddiaçı ASC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2022-ci il tarixli ərizədən müəyyən edilir ki, İddiaçı ASC ipoteka predmeti olan İmişli rayonu, Əlqulular kəndində 1,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh göndərilmiş bildirişin ünvana çatdırılmasını qeyd edərək, tutmanın yönəldilməsi haqqında bildirişi qeydə almağı ƏMDK yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsindən xahiş etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixli, RB/AB 6997 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, 1879,03 manat cərimənin məbləği azaldılmalı və 30 manat müəyyən edilməlidir. Kredit borcu cavabdeh tərəfindən mübahisələndirildiyi üçün məhkəmə xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixli, RB/AB 6997 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 3795,75 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 90,15 manat məbləğində faiz borcu vardır. Məhkəmə bu rəylə tamamilə razılaşır və hesab edir ki, cavabdehin məlum kredit müqaviləsi üzrə əsas və faiz borcu məhz rəydə göstərildiyi kimidir. Bununla belə, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, əsas borc bankın tələb etdiyi məbləğdə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin razılaşma ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən iddia bu hissədə qismən təmin edilməli, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən xx.xx.2019-cu il tarixli, RB/AB 6997 saylı kredit müqaviləsi üzrə 3791,61 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 90,15 manat məbləğində faiz borcu və 30 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 3911,76 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan İmişli rayonu, Əlqulular kəndində 1,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evinin qiyməti barədə tərəflər arasında razılaşma olmadığından məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsi təmin edilmişdir. Belə ki, işdə olan “X2 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, YDQM 012-079/2022 saylı hesabatından görünür ki, ipoteka predmetinin likvid dəyəri 36000 manat təşkil edir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan İmişli rayonu, Əlqulular kəndində 1,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti məhz həmin rəydə qeyd edildiyi kimi 36000 manat müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, borcun ödənilməsi barədə tələb Cavabdeh mülkiyyətində olan ipoteka predmeti olan İmişli rayonu, Əlqulular kəndində 1,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə edilən pul borcun ödənilməsinə yönəldilməli, Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmalı və həmin əmlak boşaldılmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarından müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 77,66 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 45 manat dövlət rüsumu, həmçinin qiymətləndirmə ekspertizasının keçirilməsi üçün 500 manat pul ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 77,66 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu, həmçinin qiymətləndirmə ekspertizasının keçirilməsi üçün ödənilmiş 500 manat pulun yarısı, yəni 250 manat pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, cavabdehdən aparılmış ekspertiza xərci kimi 100 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3791,61 manat əsas kredit borcu, 90,15 manat faiz borcu və 30 manat dəbbə borcu olmaqla, cəmi 3911,76 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan ipoteka predmeti olan İmişli rayonu, Əlqulular kəndində 1,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 36000 manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə edilən pul borcun ödənilməsinə yönəldilsin, Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılsın və həmin əmlak boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 77,66 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun əvəzi, həmçinin qiymətləndirmə ekspertizasının keçirilməsi üçün ödənilmiş 250 manat pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar