Məhkəmə qərarları › İş №e-2(012)-255/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-255/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-255/2025 17.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən İİİ şəxs X6 vəkili-nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürməyən İİİ şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya (müstəqil tələb irəli sürməyən İİİ şəxslər X11 və X7) qarşı mənzilin təhvil verilməsi və ya mənzilin dəyərinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və ya mənzilin dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 2 ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.m olan, 3 otağa izole edilmiş 65 nömrəli və Xırdalan şəhəri, Heydər Əliyev prospekti 2 ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m olan 2 otağa izole edilmiş 70 nömrəli mənzillərin iddiaçıya təhvil verilməsi, əks təqdirdə bugünkü bazar dəyərinə uyğun olaraq mənzillərin dəyərinin cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında Xırdalan şəhəri, Heydər Əliyev pr., 2 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə xx.xx.2018-ci il tarixdə 92 və 91 saylı müqavilələr bağlanmışdır. Müqavilələrin 1-ci bəndinə əsasən müqavilənin əsas predmeti: Xırdalan şəhəri, Heydər Əliyev pr., 2 ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.m olan 65 nömrəli mənzili 3 otaqdan ibarət olub bir pay kimi verir və Xırdalan şəhəri, Heydər Əliyev pr., 2 ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m olan 70 nömrəli mənzili 2 otaqdan ibarət olub bir pay kimi verir. Müqaviləyə əlavə olunmuş Maliyyə arayışında göstərilir: “verilir X8 ötəri ki, həqiqətən Cavabdeh MTK Xırdalan şəhəri, Heydər Əliyev pr., 2 ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.m olan 65 nömrəli mənzilin dəyərini tam ödəmişdir”. Həmçinin müqaviləyə əlavə olunmuş Maliyyə arayışında göstərilir: “verilir X8 ötəri ki, həqiqətən Cavabdeh MTK Xırdalan şəhəri, Heydər Əliyev pr., 2 ünvanda inşa olunan 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m olan 70 №-limənzilin dəyərini tam ödəmişdir”. İddiaçı tərəfindən mənzilin pay dəyərinin ödənilməsinə baxmayaraq, mənzil cavabdeh tərəfindən təhvil verilməmişdir. İddiaçı X16 dəfələrlə cavabdehdən mənzilin təhvil verilməsini tələb etsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Hal-hazırda bina tam tikilmiş və istismara verilmişdir. Göründüyü kimi müqavilə bağlanan andan hal-hazırki müddətədək, yəni 6 ilə yaxın müddət ərzində cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnəmə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, hər iki mənzildə hazırda yaşayış var. Tərəflərindən korrupsiyaya müraciət olunmamışdır. Binanın komendantından öyrənmişdir ki, digər şəxslərə verilmiş müqavilələrin tarixi iddiaçının müqaviləsinin tarixindən sonraya aiddir. Ekspert rəyindən qismən də olsa, iddiaçıya məxsus müqavilələrin mövcudluğu təsdiq olunmuşdur. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh MTK elektron kabinet vasitəsilə məlumatla müraciət edərək, A blokunda cəmi 10 mərtəbə və sonuncu mənzilin nömrəsinin 54 olduğunu, həmin blokda cəmi 54 mənzilin mövcud olduğunu, iddiaçının iddia etdiyi mənzillərin mövcud olmadığını bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən İİİ şəxs X6 vəkili-nümayəndəsi Vəkil iddia tələbinin onların marağına toxunan hissədə rədd olunmasını xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Xatirə Həsənova 2019-cu ildən ona məxsus 65 nömrəli mənzildə yaşayır. Rəydən görünür ki, imza direktora aid deyil. Bu baxımdan iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ belə yoxdur. Müqavilə olmadığı halda söhbət yoxluqdan gedir. Belə halda iddiaçının hansı mənzili tələb etməsi sual altındadır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən İİİ şəxs X7 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə təmirsiz şəkildə 70 nömrəli mənzili müqavilə əsasında almışdır. Mənzilin alan kimi MTK işçiləri – Səməd adlı komendant və gözətçi binanın qapısını açaraq mənzili ona təhvil vermişdir. Daha sonra mənzili təmir edərək, polisdə qeydiyyata düşmüş, fasadın düzəldilməsi, hasar və s. xərcləri məhz o çəkmiş, həmçinin qaz, su, işıq kommunal xidmətlərini öz adına keçirmişdir. Binaya qaz çəkilənə kimi ancaq yay aylarında gəlirdi, indi isə mütəmadi olaraq yaşayır. Mənzilə dair çıxarışı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X21 və satıcı Cavabdeh MTK-nın sədri X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 91 saylı müqavilədən görünür ki, alıcı Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.m olan, 3A otaqlı, 65 nömrəli mənzilini kvadratmetri 680 manat olmaqla, ümumi dəyəri 89760 manat məbləğə satıcıdan almışdır. -X21 və satıcı Cavabdeh MTK-nın sədri X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 92 saylı müqavilədən görünür ki, alıcı Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m olan, 2A otaqlı, 70 nömrəli mənzilini kvadratmetri 680 manat olmaqla, ümumi dəyəri 55120 manat məbləğə satıcıdan almışdır. -Maliyyə arayışlarından görünür ki, Abdul Rahim tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda yerləşən binanın A giriş, 11-ci mərtəbədəki ümumi sahəsi 132 kv.m olan 3A otaqlı və ümumi sahəsi 81.06 kv.m olan 2A otaqlı mənzillərə görə pay dəyəri kimi müqavilələrə müvafiq olaraq 89760 manat və 55120 manat pul vəsaiti Cavabdeh MTK-ya tam ödənilmişdir və MTK-ya borcu yoxdur. -X3 və satıcı Cavabdeh MTK-nın sədri X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 94 saylı müqavilədən görünür ki, alıcı Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132.27 kv.m olan, 3B otaqlı mənzilini kvadratmetri 550 manat olmaqla, ümumi dəyəri 72748 manat məbləğə satıcıdan almış, maliyyə arayışına əsasən, həmin mənzilin pay dəyəri kimi müqaviləyə müvafiq olaraq 72748 manat pul vəsaitini Cavabdeh MTK-ya tam ödəmişdir və MTK-ya borcu yoxdur. -Abşeron RPŞ QvŞV bölməsinin xx.xx.2024-cü il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Çinar-An MTK, bina A, mənzil 65 ünvanda müvəqqəti qeydiyyata alınmışdır. -xx.xx.2022-ci il tarixli akt və xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvana dair qaz və su kommunal xidmətləri X6 adınadır. -X2 və satıcı Cavabdeh MTK-nın sədri X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 13A saylı müqavilədən görünür ki, alıcı Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m olan, 2A otaqlı mənzilini kvadratmetri 500 manat olmaqla, ümumi dəyəri 40530 manat məbləğə satıcıdan almış, maliyyə arayışına əsasən, həmin mənzilin pay dəyəri kimi müqaviləyə müvafiq olaraq 40530 manat pul vəsaitini Cavabdeh MTK-ya tam ödəmişdir və MTK-ya borcu yoxdur. -xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, ünvan 2 ünvana dair qaz kommunal xidməti X4 adınadır. -Azərbaycan Respublikasının Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 2-2-02/3/2-222026304/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş İdarənin İstintaq idarəsində AR Cinayət Məcəlləsinin 308.2 və 313cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılır. Cinayət işi üzrə hazırkı vaxtadək X14 müraciəti istintaq orqanına daxil olmamış, qeyd edilən şəxsin zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməmiş, habelə sorğuda qeyd edilən mənzillə bağlı hər hansı müqavilə iş materiallarında müəyyən edilməmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1927 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh MTK ilə İddiaçı oğlunun adlarından olan xx.xx.2018-ci il tarixli 91 nömrəli müqavilənin 2-ci vərəqində Cavabdeh MTK-nın sədri Abbasov G” qrafasındakı imza və həmin müqaviləyə dair maliyyə arayışında “sədri” qrafasında imza, xx.xx.2018-ci il tarixli 92 nömrəli müqavilənin 2-ci vərəqində Cavabdeh MTK-nın sədri Abbasov G.” qrafasındakı imza və həmin müqaviləyə dair maliyyə arayışında “sədri” qrafasında imza - X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/1376 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh MTK ilə Abdul Rahim arasında bağlanmış 08 may 2018-ci il tarixli 91 və 92 nömrəli müqavilələrində və maliyyə arayışlarında olan möhür əksləri sənədlərin üzərinə birbaşa vurulmuşdur. Cavabdeh MTK-nın 2018-ci ildə istifadədə olan möhürün eksperimental və sərbəst əks nümunələri tədqiqata təqdim edilmədiyindən, tədqiq olunan Cavabdeh MTK ilə Abdul Rahim arasında bağlanmış 08 may 2018-ci il tarixli 91 və 92 nömrəli müqavilələrində və maliyyə arayışlarında olan möhür əkslərinin müqayisəli tədqiqatı aparılmadı. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/401 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş Cavabdeh Mənzil-Tikinti kooperativi ilə Abdul Rahim oğlu arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikildiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A bloku, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81,06 kv.m olan, 2A otaqlı 70 nömrəli mənzilə dair 8 may 2018-ci il tarixdə imzalanmış 92 nömrəli müqavilə (i.v.103-104) və maliyyə arayışında (i.v. 105), eyni binanın A bloku, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132 kv.m olan, 3A otaqlı 65 nömrəli mənzilə dair 8 may 2018-ci il tarixdə imzalanmış 91 nömrəli müqavilə (i.v.106-107) və maliyyə arayışında (i.v. 108) olan «kənar dairənin içərisində azərbaycan və ingilis dillərində “*AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X13” mətni, orta dairənin içərisində Cavabdeh mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri» olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədlərə birbaşa vurulmuşdurlar. Həmin möhür əksləri ekspertizaya təqdim olunmuş "xxxx" MTK-nın möhür nümunələri 2013-ci ildən 2022-ci ilin may ayına qədər istifadə olunan möhür - xx-xx-2025” əlyazılan olan 3 vərəqdəki “*AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X13” mətni, orta dairənin içərisində Cavabdeh mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. -Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə mübahisə predmetini təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., 2 ünvanında inşa olunan 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.m olan 3 otağa izole edilmiş 65 №-li və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., 2 ünvanında inşa olunan 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok 11-ci mərtəbə, ümumi sahəsi 81,06 kv.m olan 2 otağa izole edilmiş 70 №li mənzillərə baxış keçirilmiş, baxış zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., 2 ünvanında inşa olunan 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok 11-ci mərtəbə, müqaviləyə əsasən ümumi sahəsi 132 kv.m olan 3 otağa izole edilmiş 65 №-li mənzilin 1 mətbəx otağı, 1 qonaq otağı və 1 yataq otağı və giriş hissədən ibarət olduğu və həmin mənzildə X9 yaşadığı müəyyən edilmiş, bundan əlavə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., 2 ünvanında inşa olunan 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok 11-ci mərtəbə, ümumi sahəsi 81,06 kv.m olan 2 otağa izole edilmiş 70 №-li mənzilə baxış zamanı təmirli qapısının olması müəyyən edilmiş, mənzildə yaşayışın mövcud olubolmamasının dəqiqləşdirilməsi məqsədilə dəfələrlə qapı döyülərək çağırış edilmiş, lakin mənzildən hər hansı bir şəxs qapını açmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2-ci maddəsinə əsasən hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.2-ci maddəsinə əsasən kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 111.10-cu maddəsinə əsasən kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşdən görünür ki, mübahisəli mənzillərlə bağlı məhkəməyə təqdim edilmiş xx.xx.2018ci il tarixli, 91 və 92 saylı müqavilələrdə və maliyyə arayışlarında olan möhür MTK-nın möhürü olsa da, imza MTK-nın direktoru tərəfindən icra olunmamışdır. Bu Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1927 saylı, xx.xx.2025-ci il tarixli, 5/1376 saylı və xx.xx.2025-ci il tarixli, 5/401 saylı ekspert rəyləri ilə də öz təsdiqini tapır. İddiaçı isə həmin müqavilələrin hansı şəraitdə və kiminlə bağlanmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə məhkəməyə ünvanladığı ərizədə A blokunda cəmi 54 mənzilin mövcud olduğunu, iddiaçının iddia etdiyi mənzillərin mövcud olmadığını göstərmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxslər də həmçinin iddia tələbini qəbul etməmişlər. Həmçinin qeyd edilən mənzillər üçüncü şəxslər tərəfindən müqavilə bağlanılaraq təhvil alınmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatlarının dəyəri olan 395 manat (125 manat + 70 manat + 200 manat) pul vəsaiti isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək məhkəmə belə qərara gəlir ki, mübahisəli mənzillərlə bağlı təqdim edilən xx.xx.2018-ci il tarixli, 91 və 92 saylı müqavilələr Cavabdeh MTK-nın rəhbəri X5 tərəfindən imzalanmadığından həmin müqavilələr əhəmiyyətsiz olmaqla etibarsız hesab edilməli və iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən İddiaçı Cavabdeh MTK-ya (müstəqil tələb irəli sürməyən İİİ şəxslər X11 və X7) qarşı mənzilin təhvil verilməsi və ya mənzilin dəyərinin ödənilməsi tələbi təmin edilməməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatlarının dəyəri olan 395 manat pul vəsaiti isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin iddiaçıya ona dəymiş maddi ziyanla bağlı Cavabdeh MTK-ya qarşı iddia tələbi irəli sürmək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MTK-ya (müstəqil tələb irəli sürməyən İİİ şəxslər X11 və X7) qarşı mənzilin təhvil verilməsi və ya mənzilin dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Aparılmış ekspert tədqiqatının dəyəri kimi 395 manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar