Məhkəmə qərarları › İş №e-2(012)-2739/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2739/2021

18.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2739/2021 18.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyətdə olan yaşayış sahəsinin boşaldılması və ondan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyətdə olan yaşayış sahəsinin boşaldılması və ondan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 22.12.2020-ci il tarixli çıxarışına əsasən ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B ünvanında yerləşən 22A nömrəli mənzildən çıxarılması, həmin mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 25.11.2016cı il tarixli, 2(004)-294/2016 saylı icra vərəqəsinə əsasən X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsi məqsədilə Cavabdeh3 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B ünvanında yerləşən 22A nömrəli mənzil açıq hərraca çıxarılmış, keçirilmiş hərraclar baş tutmamış elan edildiyindən mənzil banka təklif olunmuş, 11.09.2019-cu il tarixli, 42/1-2 nömrəli hərrac protokolu rəsmiləşdirilmiş, həmin protokol əsasında mənzil bankın mülkiyyətinə keçmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı qeydiyyat nömrəsi ilə 22.12.2020-ci il tarixində çıxarış alınmışdır. Bankın mülkiyyətində olan əmlakın boşaldılması üçün cavabdehlərə 11.01.2021-ci il tarixində HD- 05/21 nömrəli məktub göndərilmiş, lakin heç bir nəticə verməmişdir. Qəbul olunacaq məhkəmə qətnaməsinə əsasən bankın mülkiyyətində olan yaşayış sahəsi cavabdehlər tərəfindən boşaldıldığı zaman cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüquqlarına da xitam verilməlidir. Belə ki, cavabdehlərin həmin yaşayış sahəsində qeydiyyatda olmaları ev üzərində iddiaçının mülkiyyət hüququnun sərbəst istifadəsinə mane törədədir. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 22.12.2020-ci il tarixli çıxarışına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B ünvanında yerləşən 22A nömrəli mənzildən çıxarılması, həmin mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq məhkəmə işə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-294/2016 saylı, 25 noyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Xidməti MMC-yə, Yasamal Rayon İcra Şöbəsi və İddiaçı ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbi”nə dair iddiası qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllə, ev 1B, 22 saylı mənzilin satılması ilə bağlı hərrac, hərracın yekunları barədə 27 iyun 2014-cü il tarixli 55/02 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanılmış 27 iyun 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASCnin Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilə mülkiyyət hüququ barədə qeydiyyat və onun əsasında verilmiş “çıxarış”ın ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin satılması ilə bağlı yenidən açıq hərrac keçirilməsi qət edilmişdir. Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları barədə 42/1-2 nömrəli, 11 sentyabr 2019-cu il tarixli protokolunun surətindən görünür ki, Cavabdeh3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1B nömrəli evin 22A nömrəli mənzili Yasamal Rayon Məhkəməsinin 2(004)- 294/2016 saylı, 25.11.2016-cı il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-58-7H saylı, 22.05.2019-cu il tarixli sifariş məktubunun və İddiaçı ASCnin 10939 saylı, 28.08.2019-cu il tarixli məktubunun icrasına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən hərracda alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 22.12.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəzi” filialıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 18.01.2021-ci il tarixli arayışların surətindən görünür ki, Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6, RPİ ünvanında, Cavabdeh2 və Səmədov X5 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, mənzil 22 A ünvanında qeydiyyatdadırlar. Mülki işin materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü, 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı evin 22A saylı mənzili Yasamal Rayon Məhkəməsinin 2(004)-294/2016 saylı, 25.11.2016-cı il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-58-7H saylı, 22.05.2019-cu il tarixli sifariş məktubunun və İddiaçı ASC-nin 10939 saylı, 28.08.2019-cu il tarixli məktubunun icrası əsasında açıq hərracda satılmışdır. Hazırda qeyd olunan mənzilin mülkiyyətçisi İddiaçı Açıq Səhmdar Cəmiyyətidir, lakin buna baxmayaraq, bir ailə üzvü olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə yaşamaqla qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hazırda iddiaçının mülkiyyətində olan mənzildə yaşamaqla qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından onların həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməli və onlar həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə iddia tələbinin “Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B ünvanında yerləşən 22A nömrəli mənzildən çıxarılması, həmin mənzildən onun istifadə hüququna xitam verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6, RPİ ünvanında qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh mübahisələndirilən ünvanda qeydiyyatda deyil, habelə iddiaçı Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı evin 22A saylı mənzilindən istifadə hüququnun olması və həmin mənzildə yaşaması barədə məhkəməyə hər hansı sübutu təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia tələbləri üzrə dövlət rüsumu 10 manat təşkil etdiyindən və iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 7 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı evin 22A saylı mənzilindən çıxarılmalı, Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı evin 22A saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 7 (yeddi) manat hissəsi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı evin 22A saylı mənzilindən çıxarılsınlar. Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı evin 22A saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamə Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı evin 22A saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 7 (yeddi) manat hissəsi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar