Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2751/2024 25.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kərimli Günay Qiyasəddin qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-nın onun qarşısında 31 avqust 2021-ci il tarixli, kooperativ tərəfindən inşa olunan binada alqi-satqı üçün 387/2021 №-li müqavilədən irəli gələn öhdəliklər artıq ödənilmiş 6049,60 manat həcmində pul vəsaitinin, tərəflərindən ödənilmiş 82 manat dövlət rüsumunun Cavabdeh MTK-ya aid edilməsinə və ümumilikdə 6131,60 manat məbləğinin Cavabdeh MTK-dən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi və İddiaçı arasında bağlanmış 31 avqust 2021-ci il tarixli, “Kooperativ tərəfindən inşa olunan binada alqi-satqi üçün müqavilə №387/2021”-nin 1.1. bəndinə əsasən ünvan 1 ünvanında MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3-cü giriş, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 87.0 (səksən yeddi) m2-dən ibarət 56 saylı, 2 otaqlı mənzil İddiaçı satılmışdır. Müqavilənin 3.1. bəndi ilə həmin mənzilin 1,0 m2-nin qiyməti 796,00 (yeddi yüz doxsan altı) manat olmaqla, onun dəyəri 69 210,00 (altmış doqquz min iki yüz on) manat müəyyən edilmişdir. Bildirmək istəyir ki, “Payçı” olaraq İddiaçı 31 avqust 2021-ci il tarixli, “Kooperativ tərəfindən inşa olunan binada alqi-satqi üçün müqavilə № 387/2021”-də nəzərdə tutulmuş öhdəliklərini vaxtında və ləyaqətlə yerinə yetirmişdir. Belə ki Cavabdeh MTK tərəfinidən verilmiş 02 noyabr 2023-cü il tarixli “Maliyyə arayışı №141/2023”-də ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 87.0 (səksən yeddi) m2 olan 56 saylı mənzilinin 69 210,00 (altmış doqquz min iki yüz on) manatdan ibarət pay dəyəri İddiaçı tərəfindən kooperativə ödənilmiş və həmin tarixə onun Cavabdeh MTK qarşısında heç bir borcu olmadığı öz təsdiqini tapmışdır. Həmin məbləğ İddiaçı tərəfindən ümumi sahəsi 87.0 (səksən yeddi) m2 təşkil edən mənzil üçün Cavabdeh MTK-nə ödənilmişdir. Buna baxmayaraq “Koopertaiv” olaraq Cavabdeh MTK 31 avqust 2021-ci il tarixli, Kooperativ tərəfindən inşa olunan binada alqi-satqi üçün müqavilə №387/2021”-nin nəzərdə tutulmuş öhdəliklərini tam həcmdə yerinə yetirməmişdir. Belə ki, qeyd edilən müqavilədə nəzərdə tutulduğu kimi ümumi sahəsi 87.0 (səksən yeddi) m2 təşkil edən 2 otaqlı mənzil İddiaçı satmalı olduğu halda, kooperativin ona satdığı mənzilin ümumi sahəsi 79,40 (yetmiş doqquz.40) m2 təşkil edir. Bu fakt ünvan 1 (hazırda ev 1043) yerləşən yaşayış binasının 56 saylı mənzilinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”-ı aldıqdan sonra İddiaçı məlum olmuşdur. Belə ki, həmin fakt 17 noyabr 2023-cü il tarixində ünvan 1 (hazırda ev 1043) yerləşən yaşayış binasında ümumi sahəsi 79,40 (yetmiş doqquz.40) m2-dən ibarət 2 otaqlı, 56 saylı mənzilin **********03-05301-093072 reyestr nömrəsi ilə İddiaçı adına rəsmiləşdirildiyinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”-da öz təsdiqini tapmışdır. Beləliklə, müəyyən olunur ki, 31 avqust 2021-ci il tarixli, Kooperativ tərəfindən inşa olunan binada alqi-satqi üçün müqavilə №387/2021”-yə əsasənCavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı satılmış ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü giriş, 8-ci mərtəbəsində 56 saylı, 2 otaqlı mənzilin ümumi sahəsi 87.0 (səksən yeddi) m2-dən ibarət deyil, həmin mənzilin ümumi sahəsi 79,40 (yetmiş doqquz.40) m2 olmaqla Müqavilədə nəzərdə tutulduğundan 7,60 (yeddi.60) m2 azdır. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq və mənzilin sahəsinin fərqinə dair ixtilafı məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh Mənzil Tikinti Kooperativinə 08 fevral 2024-cü il tarixində Pretenziya ünvanlanmışdır. Həmin pretenziyaya Cavabdeh MTK-nin onlara ünvanlanmış 04/2024 saylı, 24 fevral 2024-cü il cavab məktubunda müxtəlif bəhanələr göstərilməklə haqlı tələbləri yerinə yetirilməmişdir. Qeyd etdiklərinə əsasən hesab edir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı satılmış ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3- cü giriş, 8-ci mərtəbəsində 56 saylı, 2 otaqlı mənzilin çatışmayan hissəsini naturada qaytarmaq mümükün oladığından, onun pul ilə ifadəsini, yəni mənzilin çatışmayan 7,60m2-dən ibarət hissəsinin hər 1,0m2 üçün 796,00 (yeddi yüz doxsan altı) manat olmaqla cəmi - 7,60m2 x 796,00 manat = 6 049,60 (altı min qırx doqquz.60) manat həcmində artıq ödənilmiş pul vəsaitininin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair tələbləri haqlıdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, vəkili və nümayəndəsi Nümayəndə izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi Vəkil2 izahatında və ərizəsində bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, tərəflər arasında mübahisəli mənzilə dair ilkin müqavilə 31 avqust 2021-ci il tarixində deyil, 08 avqust 2018-ci ildə tarixində bağlanmışdır. İddiaçının maddi vəziyyəti və ev şəraiti ağır olduğundan, onun yaşaması üçün mənzili olmadığından, tərəflər razılığa gəlmişlər ki, ilkin müqavilə bağlandığı andan üç il ərzində mübahisəli mənzilin dəyərini təşkil edən vəsaiti cavabdehə ödəyəcəkdir. Eyni zamanda iddiaçı adı çəkilən mənzildə təmir işləri apararaq, orada yaşamaq qərarına gəldiyindən, tərəflər arasında “Təmir öhdəliyi üçün” 32/2018 saylı xx.xx.2018-ci il tarixli Müqavilə bağlanmışdır ki, həmin Müqaviləyə əsasən, iddiaçı mənzilin dəyərini ödəməkdən imtina etdiyi və ya mənzili cavabdehə geri qaytarmaq qərarına gəldiyi təqdirdə, mənzil üzrə təmir dəyəndirilərək cavabdeh tərəfindən hər bir kv.metrə görə müqavilə şərtlərinə uyğun olaraq vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda tərəflər arasında “Çoxmənzilli yaşayış sahəsinin idarəedilməsi haqqında” xx.xx.2018-ci il tarixində 23 saylı müqavilə imzalanmışdır ki, həmin müqaviləyə əsasən, iddiaçı ona məxsus olan ümumi sahəsi 87 kv.m. təşkil edən mənzilin hər 1 kv.m. görə, binanın saxlanılması üçün 0,30 manat olmaqla, ümumilikdə 26,10 manat məbləğində haqqın ödəməsi vəzifəsini üzərinə götürmüşdür. Tərəflər arsında bağlanmış ilkin müqavilənin üzərindən üç il keçdiyi zaman, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, yəni mənzilin dəyərini tam ödəmədiyinə görə cavabdehdən xahiş edərək, müqavilə üzrə müddətin uzadılmasını xahiş etmişdir. Cavabdehin rəhbəri də iddiaçıya kompromisə gedərək, 08 avqust 2018-ci ildə tarixli müqaviləni ləğv edərək, onunla 31 avqust 2021-ci il tarixli yeni müqavilə bağlamaqla, yerdə qalan vəsaitin ödənilməsinə 2 il vaxt vermişdir. Nəticədə, iddiaçı ümumi sahəsi 87 kv.m. təşkil edən mənzildə 2018-ci ildən yaşamasına baxmayaraq, onun dəyərini beş il ərzində ödəmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında mənzilin alqı-satqısına dair müqavilə imzalansa da, tərəflər arasında faktiki olaraq podrat müqaviləsi imzalanmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. İddiaçı mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Tərəflər arasında bağlanmış sonuncu 31 avqust 2021-ci il tarixli Müqavilə üzrə mənzilin göstərilmiş 87 kv.m. təşkil edən sahəsinə dair bildirmək istəmişdir ki, cavabdeh öz üzərinə götürdüyü müqavilə öhdəliklərini tam icra etmiş və müqavilədə nəzərdə tutulan sahəni iddiaçıya təhvil vermişdir. İşin bu halı iş üzrə tərtib edilmiş ekspertiza rəyi ilə də tam olaraq öz təsdiqini tapır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş mənzilin plan sxemində göstərilmiş mənzilin sahələrinin sayı və ölçüsü tərtib edilmiş xx.xx.2024-cü il tarixli ekspertiza rəyi ilə üst-üstə düşmüşdür. Həmin rəyə əsasən də, mübahisəli mənzilin dəhlizi- 14,8 m2, sanitar qovşağı-4,5 m2, sanitar qovşağı-2,3 m2, mətbəx-14,7 m2, yaşayış otağı- 16,8 m2, yaşayış otağı-23,0 m2, balkon- 5,6 m2, balkon-5,3 kvadrat metrdən ibarət olması göstərilməklə, mübahisəli mənzilin sahələriini topladıqda, mənzilin ümumi sahəsinin 87 kv.m. təşkil etdiyi məlum olur. Tərtib edilmiş ekspertiza rəyinin nəticə hissəsində məhkəmənin qoyduğu suala cavab olaraq həmçinin o da göstərilmişdir ki, “mənzilin fasad divarlarının çöl hissəsindən, qonşu divarların en hissəsinin yarısına qədər olan sahəsi hesablanarkən arakəsmə divarların yerləşdiyi sahə (çöldən-çölə) nəzərə alındıqda, sözügedən ünvan 3 ünvanında tikilən binanın 3-cü girişinin 8-ci mərtəbədə yerləşən və İddiaçı məxsus 56 nömrəli mənzilin sahəsi 87,0 m2 təşkil edir.” Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 87,0 kv.metr olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Belə ki, bu fakt keçirilmiş ekspertiza üzrə ekspert rəyi ilə öz təsdiqini tapır. Yuxarıda qeyd olunduğu kimi, ekspert rəyi ilə mənzilin fasad divarlarının çöl hissəsindən, qonşu divarların en hissəsinin yarısına qədər olan sahəsi hesablanarkən arakəsmə divarların yerləşdiyi sahə (çöldən-çölə) nəzərə alındıqda, sözügedən ünvan 3 ünvanında tikilən binanın 3-cü girişinin 8-ci mərtəbədə yerləşən və İddiaçı məxsus 56 nömrəli mənzilin sahəsi 87,0 m2 təşkil edir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi tam əsassızdır. Digər tərəfdən o da qeyd olunmalıdır ki, iddiaçı 2018-ci ilin sonlarında mənzili təmir etdirib bu mənzilə köçərək yaşamaqla, təmir etdiriyi mənzilin ümumi sahəsinin nə qədər təşkil etdiyi ona məlum olmuşdur. Mənzil iddiaçıya “Təmir öhdəliyi üçün” bağlanmış xx.xx.2018-ci il tarixli Müqavilə bağlandığı zaman təhvil verildiyindən və iddiaçı bu mənzildə artıq tərəflər arasında bağlanmış “Çoxmənzilli yaşayış sahəsinin idarəedilməsi haqqında” xx.xx.2018-ci il tarixində 23 saylı müqavilə tarixindən yaşadığından, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı bu mənzili təmir etmək üçün sahibliyə və istifadəsinə qəbul etmiş, mənzili qəbul edərkən, onun ölçülərinin və sahəsinin müqavilədə göstərilən sahəyə uyğun olmadığına dair cavabdehə hər-hansı bir irad bildirməmiş və aktda bu barədə öz qeydini yazmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu biləbilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göstərilənləri nəzərə alaraq, iddiaçının iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilmlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 387/2021 saylı kooperativ tərəfindən inşa olunan binada mənzil alqı-satqısı üçün müqavilədən görünür ki, ünvan 3 ünvanında tikilən bina, başa çatdıqdan sonra, həmin binanın 3-cü girişi, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 87 m2 olan, 2 otaqlı, 56 saylı mənzili payçı İddiaçı təhvil verməyi, koorperativ Cavabdeh MTK öz öhdəsinə götürmüşdür. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında binanın 3-cü girişi, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 87 m2 olan, 2 otaqlı, 56 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir və onun - Cavabdeh MTK-ya borcu yoxdur. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı ünvan 4 ünvanında yerləşən 56 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********03-05301-093072 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq); 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6821 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 56 saylı mənzilin ümumi sahəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli 2-ci və 3.8-ci bəndinin tələblərinə uyğun olaraq 79,4 m2 olduğu müəyyən edilmişdir. Mənzilin fasad divarlarının çöl hissəsindən, qonşu divarların en hissəsinin yarısına qədər olan sahəsi hesablanarkən arakəsmə divarların yerləşdiyi sahə (çöldən-çölə) nəzərə alındıqda, sözügedən ünvan 3 ünvanında tikilən binanın 3-cü girişinin 8-ci mərtəbədə yerləşən və İddiaçı məxsus 56 nömrəli mənzilin sahəsi 87,0 m2 təşkil edir. Baxış zamanı təqdim olunan ünvan 4, 2 otaqlı, 56 saylı mənzilin texniki göstəricilərinin (otaqların yerləşmə vəziyyəti, ölçüləri, sahələri, otaqların sayı və s.), iş materiallarında olan “Texniki pasport” un göstəriciləri ilə (sahəsi 79.4 m2 olaraq göstərilən) eynilik təşkil etdiyi müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, -Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 387/2021 saylı kooperativ tərəfindən inşa olunan binada mənzil alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 3 ünvanında tikilən binanın 3-cü girişi, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 87 m2 olan, 2 otaqlı, 56 saylı mənzili payçı İddiaçı təhvil verilmişdir. İddiaçı həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi, **********03-05301-093072 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində çıxarış alaraq mülkiyyət hüququ əldə etmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 79,40 (yetmiş doqquz.40) m2 qeyd edilmişdir. Qeyd edilən mənzil sahəsini əsas gətirərək iddiaçı məhkəməyə müraciət edərək ona satılmış ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü giriş, 8-ci mərtəbəsində 56 saylı, 2 otaqlı mənzilin ümumi sahəsi 87.0 (səksən yeddi) m2-dən ibarət deyil, həmin mənzilin ümumi sahəsi 79,40 (yetmiş doqquz.40) m2 olmaqla müqavilədə nəzərdə tutulduğundan 7,60 (yeddi.60) m2 az olduğunu bildirmiş, yaranmış fərqin çatışmayan hissəsini naturada qaytarmaq mümükün oladığından, onun pul ilə ifadəsini, yəni mənzilin çatışmayan 7,60m2-dən ibarət hissəsinin hər 1,0m2 üçün 796,00 (yeddi yüz doxsan altı) manat olmaqla cəmi - 7,60m2 x 796,00 manat = 6 049,60 (altı min qırx doqquz.60) manat həcmində artıq ödənilmiş pul vəsaitininin cavabdehdən tutularaq iddiaçıya ödənilməlməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6821 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 56 saylı mənzilin ümumi sahəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli 2-ci və 3.8-ci bəndinin tələblərinə uyğun olaraq 79,4 m2 olduğu müəyyən edilmişdir. Mənzilin fasad divarlarının çöl hissəsindən, qonşu divarların en hissəsinin yarısına qədər olan sahəsi hesablanarkən arakəsmə divarların yerləşdiyi sahə (çöldən-çölə) nəzərə alındıqda, sözügedən ünvan 3 ünvanında tikilən binanın 3-cü girişinin 8-ci mərtəbədə yerləşən və İddiaçı məxsus 56 nömrəli mənzilin sahəsi 87,0 m2 təşkil edir. Baxış zamanı təqdim olunan ünvan 4, 2 otaqlı, 56 saylı mənzilin texniki göstəricilərinin (otaqların yerləşmə vəziyyəti, ölçüləri, sahələri, otaqların sayı və s.), iş materiallarında olan “Texniki pasport” un göstəriciləri ilə (sahəsi 79.4 m2 olaraq göstərilən) eynilik təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, ekspertiza rəyini əsas sübut kimi qiymətləndirir. Belə ki, rəydən göründüyü kimi mübahisəli mənzilin fasad divarlarının çöl hissəsindən, qonşu divarların en hissəsinin yarısına qədər olan sahəsi hesablanarkən arakəsmə divarların yerləşdiyi sahə (çöldən-çölə) nəzərə alındıqda 87 m2 təşkil edildiyi qeyd edilmişdir. Tərəflər arasında bağlanmış müqavilədən görsənir ki, mübahisəli mənzilin ümumi sahəsi 87 kv2 göstərilmiş cavabdeh tərəf bunları qəbul edərək müqaviləyə imza atmışdır. Müqavilə tərflər arasında şərtlərlə müəyyən edilmiş, azad iradə ifadəsi olmaqla yazılı əqdir. Həmin əqdi bağlayarkən tərəflər üzərlərinə öhdəliklər götürmüş və bu öhdəliklər üzrə cavabdehdirlər. Məhkəmə qeyd edir ki, tərəflər arşında bağlanmış müqavilə mahiyyət etibari ilə podrat müqaviləsidir. Cavabdeh tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən yerinə yetirdiyi işdən qazanc, fayda götürmək məqsədi daşıyır. Ona görə də tikinti işləri aparılarkən mənzillərin ümumi sahəsi onlar tərəfindən çöldə-çölə ölçüləri ilə aparılır ki, bu isə onların fəaliyyət istiqamətlərinə uyğundur. Ona görə də məhkəmə tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş mənzilin ümumi sahəsinin 87m2 göstərilməsini əsaslı sayır və ekspert rəyi ilə həmin sahə təsdiq edildiyindən iddia tələbini əsassız hesab edərək təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, 100 manat ekspertiza xərci isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2751/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2751/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver