Məhkəmə qərarları › İş №e-2(012)-2754/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2754/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2754/2025 24.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3500 ABŞ dolları məbləğində pulun, həmçinin ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvalayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə 300 manat məbləğində xidmət haqqı ödənilmişdir. Odur ki, qətnamə qəbul edərkən bu xərcin də nəzərə alınmasını və cavabdehdən tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsi əsasında İddiaçı MMC-nin işçisi olmuşdur. İddiaçı, cavabdeh Koreya Respublikasında olduğu dövrdə “CNS Services Korea Corp” şirkətindən iddiaçıya çatdırılmalı olan pul vəsaitinin 3500 ABŞ dollarının həmin şirkətdən alınaraq iddiaçıya çatdırılmasını cavabdehə tapşırmışdır. Cavabdeh 29 oktyabr 2024-cü il tarixdə 3500 ABŞ dolları məbləğini “CNS Services Korea Corp” şirkətindən təhvil almış, buna dair müvafiq sənədi imzalamış, lakin 4 aydan çox vaxt keçməsinə baxmayaraq həmin vəsaiti iddiaçıya verməmişdir. Ona görə də, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, Koreyada təhsil almış və xx.xx.2023-cü ildə əmək müqaviləsi əsasında İddiaçı MMC-nin işçisi olmuşdur. O, öz hesabına məzuniyyət götürərək işlə əlaqədar Koreyaya getmişdir. Belə ki, o, Koreya Respublikasında olduğu dövrdə “CNS Services Korea Corp” şirkətindən İddiaçı MMC-yə çatdırılmalı olan pul vəsaitinin-3500 ABŞ dollarının həmin şirkətdən alınaraq İddiaçı MMCyə çatdırılmasını ona tapşırılmışdır. Lakin o, həmin tapşırığın yerinə yetirilməsi, eləcə də xarici ölkədə qalma, yaşama xərclərinin və məsrəflərinin qarşılanması üçün həmin məbləği sərf etmiş, yəni öz şəxsi məqsədləri üçün həmin pulu istifadə etməmişdir. Onu da bildirir ki, həmin pulu istifadə edərkən o, İddiaçı MMC-dən icazə almamışdır. Həmin pulu yalnız İddiaçı MMC-nin işlərinin görülməsi vaxtı özünün qalması xərclərinə görə sərf etmişdir. Məhkəmə cavabdehi dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək direktor köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. -İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 29K-2 nömrəli öz hesabına məzuniyyət haqqında əmrdən görünür ki, direktor köməkçisi Cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən 30 gün işə gəlməyəcəyindən, həmi günlər üçün işçinin xahişini nəzərə alaraq, ona ödənişsiz məzuniyyət verilməsi və əmək haqqının hesablanmaması, işçinin xx.xx.2024-cü il tarixindən işə başlaması qərara alınmışdır. -İddiaçı MMC tərəfindən “CNS Services Korea Corp” şirkətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, danışmalarına uyğun olaraq, avtomobillərə dair tələbləri üzrə məbləğin bir hissəsinin geri qaytarılması kimi 3500 ABŞ dolları məbləğində ödənişin alındığı təsdiq olunur. -0516327 nömrəli əmək kitabçasından görünür ki, Cavabdeh əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xx.xx.2025-ci il tarixli 13-K nömrəli əmr ilə xitam verilmişdir. -Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil ilə -İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli EM-1615VK-18240/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və qəbzlərdən görünür ki, İddiaçı MMC hüquqi yardımın göstərilməsi üçün Vəkil 300 manat ödəniş etmişdir. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək direktor köməkçisi vəzifəsində işləmişdir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 29K-2 nömrəli öz hesabına məzuniyyət haqqında əmrdən göründüyü kimi direktor köməkçisi Cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən 30 gün işə gəlməyəcəyindən, həmi günlər üçün işçinin xahişini nəzərə alaraq, ona ödənişsiz məzuniyyət verilmişdir. Daha sonra İddiaçı MMC tərəfindən “CNS Services Korea Corp” şirkətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli qəbzə əsasən, danışıqlarına uyğun olaraq, avtomobillərə dair tələbləri üzrə məbləğin bir hissəsinin geri qaytarılması kimi 3500 ABŞ dolları məbləğində ödənişin alındığı təsdiq olunmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçının “CNS Services Korea Corp” şirkətinə ödənilməsini tapşırdığı 3500 ABŞ dolları məbləğində pul cavabdeh tərəfindən alınaraq iddiaçıya qaytarılmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 777-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbuletməsindən sonra qüvvəyə minir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətietməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmədə iş materiallarını və sübutları araşdıraraq qeyd edir ki, İddiaçı MMC-nin işçisi olan Cavabdeh öz hesabına məzuniyyət götürərək işlə əlaqədar Koreyaya getməsi, o, Koreya Respublikasında olduğu dövrdə “CNS Services Korea Corp” şirkətindən İddiaçı MMC-yə çatdırılmalı olan pul vəsaitinin 3500 ABŞ dollarının həmin şirkətdən alınaraq İddiaçı MMC-yə çatdırılmasının ona tapşırılması, lakin onun həmin pulu şəxsi ehtiyacları üçün istifadə etməsi və istifadə edərkən İddiaçı MMC-dən icazə almaması cavabdehin izahatı və pulun götürülməsi barədə snədlə öz təsdiqini tapmışdır. Lakin cavabdeh izahatında həmin pulun iddiaçının tapşırığının yerinə yetirilməsi, eləcə də, xarici ölkədə qalma, yaşama xərclərinin və məsrəflərinin qarşılanması üçün sərf etdiyini bildirsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, pulun alınması cavabdeh tərəfindən etiraf edilmiş, lakin pulu iddiaçının işlərinin görülməsinə özünün zəruri qalma ehtiyacları üçün xərcləməsini bildirsədə və bunları sübut etmək yükü onun üzərinə düşsə də, dediklərini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin araşdırılan hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsi olmuş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş nəticədə onun tərəfindən öhdəlik pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə, eyni zamanda iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Konstitusiyanın 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Beləliklə Məhkəmə işin araşdırılan hallarını, sübutları tədqiq edib belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli və Cavabdeh 3500 ABŞ dolları, (Mərkəzi Bankın ödəniş günü nəzərə alınmaqla məzənnəsinə uyğun olaraq manatla borc) tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin iş materiallarında olan Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli EM-1615VK- 18240/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və qəbzlərdən göründüyü kimi İddiaçı MMC hüquqi yardımın göstərilməsi üçün Vəkil 300 manat ödəniş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin;

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) ABŞ dolları, (Mərkəzi Bankın ödəniş günü nəzərə alınmaqla məzənnəsinə uyğun olaraq manatla borc) 300 (üç yüz) manat hüquqi yardım üçün xidmət haqqı və 80 (səksən) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar