Məhkəmə qərarları › İş №e-2(012)-2774/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2774/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2774/2023 27.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh İddiaçı MMC-nin xeyrinə ümumilikdə 1770 manat pulun və 38 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə orada təhsil alan X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış təhsilin təşkili haqqında 417/2020 (T2016-2017) saylı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC X2 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, Cavabdeh isə 2021-2022-ci təhsil ili üçün 3500 manat məbləğində təhsil haqqını Cəmiyyətə ödəməlidir. Cavabdehin övladına təhsil verilsə də, o, təhsil haqqının 2000 manat hissəsini ödəmiş, 1500 manat borcu qalmışdır. Bununla bağlı ona xx.xx.2022-ci il tarixli pretenziyalar edilsə də, o, borcun ödənilməsini təmin etməmişdir. xx.xx.2022-ci il tarixli müqavilənin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmş borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən ödənilməli dəbbə pulu 270 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək 970 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək 1270 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh bildirdi ki, illik 3500 manat təhsil xərcindən 2000 manatını ödəmiş, pandemiya səbəbindən qalan 1500 manatı isə ödəyə bilməmişdir. Maddi imkanı yaxşılaşan kimi borcunu ödəyəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış təhsilin təşkili haqqında 417/2020 (T2016-2017) saylı xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC onun övladı X2 təhsil proqramlarının mənimsənilməsi ilə təmin edir, bunun müqabilində Cavabdeh isə 2021-2022-ci təhsil ili üçün 3500 manat məbləğində təhsil haqqını Cəmiyyətə ödəməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı MMC 417/2020 (T2016-2017) saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1500 manat borcun ödənilməsi barədə Cavabdeh xəbərdar etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC-də təhsil alan X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh təhsilin təşkili haqqında 417/2020 (T2016- 2017) saylı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC-yə 1500 manat təhsil haqqı borcu və 270 manat dəbbə pulu borcu qalmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC-də təhsil alan X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh təhsilin təşkili haqqında 417/2020 (T2016- 2017) saylı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC-yə 1000 manat təhsil haqqı borcu və 270 manat dəbbə pulu borcu qalmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı MMC ilə arasında təhsilin təşkili haqqında 417/2020 (T2016-2017) saylı xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır və bu müqaviləyə əsasən İddiaçı MMC onun övladı X2 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, bunun müqabilində Cavabdeh isə 2021-2022-ci təhsil ili üçün 3500 manat məbləğində təhsil haqqını Cəmiyyətə ödəməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetrisə də, Cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş, təhsil haqqından 2500 manat ödəsə də, 1000 manat borcu qalmışdır. Bu borc işdəki mötəbər sübutlarla, o cümlədən cavabdehin öz izahatı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsindən göründüyü kimi, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Yuxarıda da qeyd olunduğu kimi, cavabdehin iddiaçı qarşısında müqavilə öhdəliyi qalmışdır və o, müqavilə üzrə üzərinə götürdüyü təhsil haqqını ödəmək vəzifəsini tam yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təhsil haqqı kimi iddiaçının cavabdehdən 1000 manat tələb etməsi qanunidir və iddia bu hissədə təmin edilməlidir. İddianın dəbbə pulu borcunun ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqavilənin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmş borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 270 manat cərimənin məbləği azaldılmalı və 30 manat müəyyən edilməlidir. Bu məbləğdə dəbbə pulunun müəyyən edilməsi tərəflərin hər ikisinə münasibətdə mütənasibdir və onların mənafelərinə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində təhsil haqqı və 30 manat dəbbə pulu borcu olmaqla, cəmi 1030 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 38 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat məbləğində təhsil haqqı, 30 manat dəbbə pulu olmaqla, cəmi 1030 manat və dövlət rüsumu kimi 38 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar