Məhkəmə qərarları › İş №e-2(012)-282/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-282/2023

26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-282/2023 26.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi iş stajına malik olma faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, onun xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək Qaradağneft NQÇİ-nin Mənzil Komunal Kontorunda böyük mühəndis vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Azneft” Birliyi Təmir-Tikinti İdarəsinin 6 nömrəli tikinti sahəsində usta vəzifəsində, 1982-ci ildən 1986-cı ilədək X1 Birliyində ixtisasçı vəsifəsində, 1986-cı ildən xx.xx.1991-ci ilədək Abşeron rayon Aqrar–Sənaye Kombinatının baş mühasibatlığında böyük mühasib vəzifəsində, xx.xx.1991-ci il tarixdən Abşeron şərab emalı zavodunda, 1991-ci ildən 1992-ci ilədək Abşeron “ŞNASİ" Aqrar firmasında direktor müavini vəzifəsində, 1992-ci ildən 1993-cü ilədək yenidən Abşeron Aqrar-Sənaye Kombinatında ixtisasçı vəzifəsində, 1993-cü ildən 1995-ci ilədək Mehdiabad Konserv zavodunda direktor vəzifəsində və xx.xx.1995-ci ildən 2000-ci ilədək Maştağa tərəvəzçilik-südçülük sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi, habelə onun vəkili və nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək ərizəyə uyğun izahat verdilər və onun təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası DSMF-nin nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclasında ərizəyə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin DOST Agentliyinin 6 saylı Dost Mərkəzinin nümayəndəsi Nümayəndə3 iştirak etdiyi məhkəmə iclasında ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi qismən məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə görə işin icraatına həmin hissələrdə xitam verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrdə nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4-cü bəndinə görə lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 13.1-ci bəndinə görə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə görə əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndinə görə əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. İşdən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək Qaradağneft NQÇİ-nin Mənzil Kommunal Kontorunda böyük mühəndis vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Azneft” Birliyi Təmir-Tikinti İdarəsinin 6 nömrəli tikinti sahəsində usta vəzifəsində, xx.xx.1991-ci il tarixdən Abşeron şərab emalı zavodunda və xx.xx.1995-ci ildən 2000-ci ilədək Maştağa tərəvəzçilik-südçülük sovxozunda işləməsi müxtəlif qurumlar tərəfindən təsdiq edilmiş arxiv arayışları ilə təsdiq edilir, yəni bu faktın yenidən məhkəmə qaydasında xüsusi icraat qaydasında təsdiq edilməsinə heç bir zərurət yoxdur. Başqa sözlə, 2006-cı il yanvarın 1-dək sığortaolunan kimi Ərizəçi qazandığı əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər (arxiv arayışları) mövcuddur və həmin faktın təkrar məhkəmə qaydasında müəyyən edilməsi yuxarıda qeyd edilən normaların tələblərinə ziddir. Ərizəçi bu barədə müvafiq sənədləri əvvəlcə əmək pensiyasını təyin edən orqana təqdim etməklə ona əmək pensiyasının təyin edilməsini tələb etməli, həmin orqanın rədd cavabını aldıqdan sonra isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Yəni mübahisənin bu hissəsinə yuxarıda qeyd edilən normalara əsasən mülki deyil, inzibati icraat qaydasında baxılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iş qismən məhkəmədə baxılmalı olmadığından Ərizəçi xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək Qaradağneft NQÇİ-nin Mənzil Kommunal Kontorunda böyük mühəndis vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Azneft” Birliyi Təmir-Tikinti İdarəsinin 6 nömrəli tikinti sahəsində usta vəzifəsində, xx.xx.1991-ci il tarixdən Abşeron şərab emalı zavodunda və xx.xx.1995-ci ildən 2000-ci ilədək Maştağa tərəvəzçilik-südçülük sovxozunda işləməsi faktının müəyyən edilməsi hissəsində işin icraatına xitam verilməli, ərizəçiyə isə bununla bağlı ilkin olaraq müvafiq orqana müraciət etmək, imtina cavabı aldığı təqdirdə isə müvafiq inzibati məhkəməyə iddia ilə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək Qaradağneft NQÇİ-nin Mənzil Kommunal Kontorunda böyük mühəndis vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1980ci il tarixədək “Azneft” Birliyi Təmir-Tikinti İdarəsinin 6 nömrəli tikinti sahəsində usta vəzifəsində, xx.xx.1991-ci il tarixdən Abşeron şərab emalı zavodunda və xx.xx.1995-ci ildən 2000-ci ilədək Maştağa tərəvəzçilik-südçülük sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar