Məhkəmə qərarları › İş №e-2(012)-2825/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2825/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2825/2022 05.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərişıq Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 890.26 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırki iş üzrə xx.xx.2022-ci il tarixinə saat 10:50-yə, xx.xx.2022-ci il tarixinə saat 12:00-a, xx.xx.2022-ci il tarixinə saat 11:20-yə təyin olunmuş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclaslarına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 188.3. maddəsinə əsasən, işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. Mülki iş materiallarından göründüyü kimi, e-2(012)-2825/2022 saylı mülki iş üzrə 3 (üç) dəfə hazırlıq məhkəmə iclasları təyin olunmasına baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli № 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar