Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-284/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış torpaq sahəsinin ona aid hissəsindən cavabdeh tərəfindən çəkilmiş hasarın onun öz hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması, hüquqi xidmət üçün çəkdiyi 150 manat xərcin və ödədiyi 100 manat dövlət rüsumunun (cəmi-250 manat) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-284/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 255.0.5-ci maddəsinə əsasən, mülki iş üzrə icraat dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8750 saylı məktubu ilə rəy Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-284/2024 saylı qərardadına əsasən, iddiаçı İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-7503/2024 saylı məktubundan görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən X2 adına olan 0.02 ha torpaq sahəsinin hansı inzibati ərazi vahidliyi daxilində yerləşməsi ilə bağlı xx.xx.2024-cü il tarixli (d/0 **********) müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Ramana südçülük sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Sabunçu rayonu) aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 40.1. maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 02 iyun 2021-ci il Qərarındakı hüquqi mövqeyə görə, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Hazırki iddia ərizəsinin mahiyyətindən göründüyü kimi isə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılmasını məhkəmədən xahiş etmişdir ki, sözügedən daşınmaz əmlak Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşməklə mülki iş materiallarına əlavə olunmuş 4 saylı Abşeron Ərazi İdarəsinin məktubu ilə də öz təsdiqini tapır. Beləliklə də, hazırki mülki iş müstəsna aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Sabunçu rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 39.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-284/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-284/2024
24.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver