Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2861/2025 23.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Y.Məmmədəliyev küçəsi, döngə-1, dalan-1-də yerləşən 5 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Nəbiyev X11 rayonu, Xırdalan ş., Y.Məmmədəliyev küç., döngə- 1, dalan-1, ev-5 ünvanında yerləşən evi 2023-cü il il tarixdə X5 32000 manata almışdır. Həmin evin mülkiyyət hüququnu təsdiq edən sənəd (yəni çıxarışın) olmadığı üçün notarial qaydada alqı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdır. X7 məxsus evin iddiaçıya satılmasına dair videogörüntü və satıcının ərizəsi vardır. X4 evi iddiaçıya satarkən həmin evdə kirəyəçi olaraq Cavabdeh yaşadığını qeyd edərək cavabdehin evdən çıxması üçün bir ay vaxt verilməsini iddiaçıdan xahiş etmişdir. Lakin Cavabdeh sonradan müxtəlif bahanələr gətirərək evdən çıxmaqdan imtina etmişdir. Bununla bağlı iddiaçı Abşeron rayon Polis İdarəsinə şikayət etmişdir. Abşeron rayon Polis İdarəsindən iddiaçının şikayətinə cavab olaraq mülki iş olduğu üçün “İşin araşdırılaraq mülki mübahisə olduğundan məhkəməyə müraciət etməyini tövsiyyə etmişdirlər”. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Həmçinin qeyd etmək istəyir ki, evin kommunal ödənişləridə (Azərişiq, Azərqaz, Azərsu) iddiaçının adınadır. Cavabdeh iddiaçıya məxsus evdə qalaraq, qeyri-qanuni məskunlaşmışdır. Hal-hazırda cavabdehə evdən çıxmağı, boşaltmağı bildirsə də, cavabdeh buna məhəl qoymayaraq, evdən çıxmaqdan imtina edir. Cavabdeh iddiaçının evində yaşaması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı öz vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçının dedikləri tamamilə yalandır. Belə ki, iddiaçı onun yaşadığı-Abşeron rayonu, Xırdalan şəhəri, Y.Məmmədəliyev küçəsi, döngə-1, dalan-1-də yerləşən 5 saylı evi almaq məqsədilə ora gəlmişdir. Bu zaman o, iddiaçıya bu evi artıq onun aldığını və X6 onu aldadacağını bildirmişdir. Övladı xaricdədir və o tək yaşayır. Odur ki, 2023-cü ilin oktyabr ayında çox çətinliklə yığdığı pulu N.Eldara verərək, ona ev tikməsi barədə razılığa gəlmişlər. Lakin Eldarın dəstə üzvləri həbs olunduğundan, Eldar ona ev tikə bilməmişdir. Belə ki, N.Eldar və onun əlbir olduğu bir qrup şəxsin dələduzluq əməllərinə görə cinayət işi açılmış, digər cinayətkar qrup isə axtarışdadır. Onu da qeyd edir ki, evin rəsmi sənədi yoxdur. Eldar eyni damın altında və tək kərpicdən ibarət 5 ev tikmiş və həmin evlərdən birini ona verəcəyini bildirmişdir. Lakin o razılaşmayaraq Eldarın ona Qafqaz Universitetinin yaxınlığında ev tikəcəyini söz verdiyini bildirmişdir. O, Eldardan şikayət edəcəyini bildirdikdə Eldar su, işıq və qazı onun adına keçirmişdir. Qərib adlı şəxs hazırda yaşadığı evə gələndə bilmişdir ki, Eldar evi ondan gizli Qərib adlı şəxsə satmış və onun iştirakım olmadan hər hansı yollarla işıq, qaz və suyu onun adından çıxararaq Qəribin adına keçirmişdir. Bu evin qiyməti 32000 deyil, 15000 manatdır. O, ev üçün Eldara 15000 manat ilkin ödəniş və 3 ay müddətin hər ay 500 manat olmaqla pul ödəmişdir. Odur ki, o, evin pulunu ödəmişdir və hazırda evdə yaşayır. Eldar və iddiaçı arasında olan məsələnin ona heç bir aidiyyatı yoxdur. Bu səbəbdən o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 cavabdehin izahatına uyğun izahat vermişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -“Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli inventor aktından görünür ki, Cavabdehnln yaşadığı Xırdalan şəhəri, Quşçuluq y/m ünvanına baxış keçirilmiş və heç bir nöqsan aşkar edilməmişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, A/X.Xidməti ünvanında yaşayan abonent Cavabdeh elektrik enerjisindən istifadəyə görə 12 manat borcu vardır. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli abunə haqqında cədvəldən görünür ki Xırdalan şəhəri, ev (bina) 0001, mənzil 0572 ünvanında yaşayan İddiaçı elektrik enerjisindən istifadəyə görə 11,52 manat borcu vardır. -“Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli abonentin saldosundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yaşayan İddiaçı 2025-ci il üzrə 140,19 manat borcu vardır. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 evi iddiaçıya satmış, iddiaçı evə gələn zaman isə evdə cavabdehin yaşadığı müəyyən edilmişdir. Belə ki, Novruzov Eldar Cavabdeh pul məbləği müqabilində ev tikəcəyini vəd etmiş, lakin evi vəd verdiyi yerdə və formada tikməmişdir. Bundan sonra Eldar hazırkı mübahisəli evi təqdim edə bilmədiyi ev əvəzinə cavabdehə vermişdir. Bu səbəbdən tərəflər arasında mübahisə yaranmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Y.Məmmədəliyev küçəsi, döngə-1, dalan-1-də yerləşən 5 saylı evdən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 139-1.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan konkret sənədlər siyahısını müəyyən etmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Y.Məmmədəliyev küçəsi, döngə-1, dalan-1-də yerləşən 5 saylı evə dair kommunal xidmətlər (işıq, qaz) iddiaçının adına olsa da, iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsas olmamışdır. Həmçinin, Mülki Məcəllənin: 14.3. maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 146.1. maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə iclasında tərəflərin izahatlarından göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Y.Məmmədəliyev küçəsi, döngə-1, dalan-1-də yerləşən 5 saylı evinin hüquqmüəyyənedici sənədi yoxdur və özbaşına tikilidir. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Abşeron rayonu, Xırdalan şəhəri, Y.Məmmədəliyev küçəsi, döngə-1, dalan-1-də yerləşən 5 saylı evi aralarında olan razılığa əsasən Cavabdeh qeyri-rəsmi satmışdır. Sözügedən evdə qaz, işıq və suya dair cavabdehin adına olması, cavabdehin həmin evdən istifadə etməsini və hazırda da həmin evdə yaşamasını təsdiq edir. Daha sonra X9 cavabdehin xəbəri və razılığı olmadan evi iddiaçı X8 qeyri-rəsmi satmışdır. Lakin iddiaçı sözügedən evdən istifadə edə bilməmişdir, ümumiyyətlə həmin evə dair iddiaçının hər hansı istifadə və sahiblik hüququ yaranmamışdır. Belə ki, işıq və qazın adına keçirilməsi şəxsin həmin evə dair istifadə və sahiblik hüququnun yaranması demək deyildir, bu hər hansı hüquq yaratmır. Göründüyü kimi iddiaçı və cavabdeh mübahisəli evə bərabər statusa malikdirlər. Məhkəmə, eyni zamanda, İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasına dair münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı, mübahisəli fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etdiyi halda, həmin evə dair o, istifadə, sahiblik, mülkiyyət hüququ olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, İddiaçı sahiblik və istifadəsində olduğunu iddia etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Y.Məmmədəliyev küçəsi, döngə-1, dalan-1-də yerləşən 5 saylı evə hüquqmüəyyənedici sənədləri olmadığından hər hansı hüquqları yoxdur. Odur ki, iddiaçın mübahisəli evə dair hüquqları olmadığından onun evdən cavabdehin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır. Bununla bağlı, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə bir hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirilməlidir. İddia tələbini irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “..Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları ümumiləşdirib qeyd edir ki, iddia ərizəsi İddiaçı iddia tələbi əsaslı deyildir, bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2861/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2861/2025
23.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver