Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2911/2022 12.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X1, Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayədəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə, üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi, inzbati tənbehin ləğv edilməsi və maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Təhsil Şöbəsinin verdiyi 15 fevral 2022-ci il tarixli, K-18 saylı əmri tam ləğv edilərək onun Masazır kənd 4№-li tam orta məktəbin direktor əvəzi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh (işə götürən) Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Təhsil Şöbəsindən tutularaq ona ödənilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Təhsil Şöbəsinin 15 fevral 2022-ci il tarixli, K-18 saylı əmri ilə ona verdiyi töhmətin (intizam tənbehi) ləğv edilməsi, cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Təhsil Şöbəsinin və Cavabdeh1 əmək qanunvericiliyinin tələbələrini pozan qanunsuz hərəkətləri səbəbi ilə ona dəymiş 1000 manat məbləğindəki mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, 50 manat mediasiya xərci və 300 manat hüquqi xidmətə dair xərc olmaqla, cəmi 350 manat cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, ingilis dili müəllimidir və 2015-2016-ci illərdə Sabunçu rayonu 155 №-li tam orta məktəbdə ingilis dili müəllimi, eyni zamanda Güvən nəşriyyatında müəllim-metodist vəzifəsində çalışmışdır. 2016-2018-ci illərdə fizika, riyaziyyat, informatika təmayüllü liseydə, 2019-2021-ci illərdə Masazır kənd 4№-li tam orta məktəbdə ingilis dili fənnini tədris etmişdir. xx.xx.2021-ci ildə ona Masazır kənd 4№-li tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra etmə vəzifəsi təklif olunmuş və o da öz növbəsində məktəbdə adı çox hallanan korrupsiyanın qarşısını almaq, vətəninə xeyirli olmaq məqsədi ilə heç bir “ödəniş” vermədən bu təklifi qəbul etmişdir. xx.xx.2021-ci ildə sınaq müddəti bitsə də, bu müddət avtomatik olaraq uzadılmışdır. Lakin müddətin uzadılması barədə əmr Abşeron Rayon Təhsil şöbəsinin müdiri Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixində, yəni 1 ay 10 gün gecikmə ilə verilmişdir. Məhz həmin xx.xx.2022-ci il tarixli əmrdə deyilir ki, ona Masazır kənd 4№-li tam orta məktəbin müəllimi İddiaçı AR Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən yenidən 3 (üç) ay müddətinə həmin məktəbin direktor səlahiyyətləri əmək haqqı fərqi ödənilməklə həvalə olunsun. Yəni əmr geriyə şamil olunmuşdur. Hətta bir görüşlərində 3 aylıq sınaq müddətimin bitməsinə baxmayaraq Cavabdeh1 ondan imalı bir formada soruşmuşdur ki, “İşləmək istəyirsən mi?”. O bu sualın mənasını sonra başa düşmüşdür. Lakin heç bir hərəkət etməmişdir. Hətta başqa formalarda da onu dəfələrlə sınağa çəksələr də, nəticələr uğursuz olmuşdur. Qeyd edir ki, məktəbdə direktor səlahiyyətləri icra edən gündən 1 ay ərzində məktəbin əsas ehtiyacları üçün öz şəxsi vəsaitindən 4300 manatdan çox pul da xərcləmişdir. Çünki istər inventar rəisi Eldar müəllimdən, istərsə də Cavabdeh1 məktəbin ehtiyaclarını necə qarşılamaq lazım olduğunu soruşanda “öz cibindən xərcləyəcəksən” cavabını almışdır. Hamıya yaxşı məlumdur ki, yeni regional təhsil idarələri yaradılacağına görə Abşeron rayon təhsil şöbəsindəki bir çox metodistin işi ixtisara düşəcəkdir. Bundan yan keçə bilmək üçün xüsusilə Abşeronda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən müəllimlərin yerinə həmin metodistlərin təyin etməyə başlamışlar və bu proses mart ayına qədər yekunlaşmalı idi. Yəni nə bahasına olursa olsun, Abşeron Rayon Təhsil şöbəsinin müdiri Cavabdeh1 mart ayına qədər onun xx.xx.2021-ci il tarixindən yenidən 3 ay müddətinə Masazır kənd 4№-li tam orta məktəbin direktor əvəzi təyin edilməyi barədəki xx.xx.2022-ci il tarixli əmri ləğv etməli və onun tutduğu direktor əvəzi vəzifəsinə özünün işsiz qalma təhlükəsi altında olan metodistlərindən birini təyin etməli idi. Bu məqsəd ilə hətta dəfələr ilə ondan öz xahişi ilə ərizə yazaraq işdən ayrılmağını istədi, bunu etmədiyi təqdirdə onu cəza formasında (töhmət verərək) işdən çıxardacağını bildirmişdir. Lakin onun alnı ağ, vicdanı təmiz olduğu üçün bu hədələrdən qorxmamış və ərizəni yazmamışdır. Lakin ona qanunsuz da olsa töhmət verilib işdən azad edilmişdir. Bunun üçün əvvəlcə xx.xx.2022-ci il tarixdə onu məktəblərinin rus bölməsi üzrə təsviri incəsənət müəlliminin vatsapla iş istəmə adı ilə eşq elan etməsi ilə yoxlamışlar, lakin bu cəhdləri də baş tutmamışdır. xx.xx.2022-ci il tarixdə isə məktəbin hərbi rəhbəri Adil Əliyevin əli ilə başqa bir şər əmələ əl atmışlar. Qanunu pozsalar da, bu versiya ilə onu töhmət verib işdən azad etmişlər. Belə ki, həmin tarixdə (xx.xx.2022 tarixində) hərbi rəhbər direktor otağında ona yaxınlaşıb öz hərbi otağında hərbi plakatların uşaqlar tərəfindən korlandığı, bunun üçün 8 manatlıq yapışdırıcıya ehtiyac olduğunu, lakin həmin sinifdə dərs deyən müəllimlərin köməklik göstərmədiyini bildirmişdir. Məsələnin həll yolunun nə olduğunu soruşunda Biologiya laboratoriyasındakı 11a sinfi ilə yerdəyişməsini məsləhət bilmiş və o da bununla razılaşmışdır. Bir müddət sonra məktəbin müşahidə kameralarından görmüşdür ki, Abşeron rayon təhsil şöbəsinin metodisti Aslan Həziyev (vəzifəsindən azad olunduğu deyilir) və yanında hansısa hərbi komissarlıqdan Fərid adlı bir şəxs məktəb rəhbərliyinin xəbəri və icazəsi olmadan məktəbə daxil olmuşlar (onlara məktəbin hərbi rəhbəri Adil Əliyevin zəng elədiyi sonradan məlum oldu). Qapıçı Sənubər xanım onları direktor otağına yönləndirsə də, hərbi rəhbər Adil Əliyev onları birbaşa 2-ci mərtəbədəki hərbi otağa aparmışdır. O, dərhal direktor otağından çıxıb, hərbi otağa getmişdir. Aslan müəllimlə görüşdükdən sonra, özünü təqdim etməyən hərbi geyimdə Fərid adlı şəxs ona irad tutmağa başlamışdır ki, şəhidlərin şəklinin olduğu lövhənin (arxa fonunda) qələmlə yazılıb korlandığı üçün niyə heç bir tədbir görülməmişdr. Həmin yazılar uzaqdan baxanda görünmədiyi üçün o bir qədər də lövhəyə yaxınlaşmış və ancaq lövhəyə 40-50 sm yaxınlaşdıqdan sonra heç şagird yazısına bənzəməyən ağ fonda bir neçə göy qələmlə düz-əyri xətlərin çəkildiyini sezmişdir. Həmin vaxt həmin otaqda dərs keçən ibtidai sinif müəllimi Jalə Əhmədova həmin xəttlərdən xəbəri olmadığını bildirmişdir. Həmin sinif otağında 3 sinif dərs keçir və həmin lövhənin aşağı hissəsində lövhəni tərtib etdirən ibtidai sinif müəllimi Elnaz Xəlilovanın adı və sinfi qeyd olunmuşdur. O Fərid adlı şəxsə hərbi rəhbərin bu barədə ona məlumat vermədiyini qeyd etmiş və məlum olmuşdur ki, bu yazı faktını bilən sadəcə odur və bu nəticəyə gəlmək olar ki, öz sinfinə daxil olub, lövhəni yazıb və həmin şəxslərə planlı şəkildə məlumat ötürüb onu şərləmək üçün sudan ucuz ssenari qurmuşlar. Təxminən 1 saat sonra Cavabdeh1 və aparıcı məsləhətçi Adil Qurbanov da məktəblərinə tələsik təşrif buyurmuşlar. Ona məktəbi idarə edə bilmədiyi səbəbilə könüllü ərizə yazıb vəzifəsindən imtina etməyini istəsələr də, o, bununla razılaşmamış və özlərinin onu çıxartmasını istəmişdir. Növbəti gün 15 fevral 2022-ci il tarixdə Cavabdeh1 əmri ilə onu vəzifəsindən azad etmişlər. Həmin əmrdə deyilir ki, ona güya vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmiş və direktor səlahiyyətlərinin icra etməyinə xitam verilmişdir. Hesab edir ki, bu isə qanunazidd addımdır. Hesab edir ki, həmin 15 fevral 2022-ci il tarixli əmr Cavabdeh1 tərəfindən tamamilə Əmək Məcəlləsinin tələbləri pozularaq verilmişdir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə iddia tələbini müdafiə edərək, iddiaçının izahatıyla eyni məzmunlu izahat verdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçıya ilkin olaraq 2021-ci ilin oktyabr ayında 3 ay müddətinə direktor vəzifələrini müvəqqəti olaraq icra etməsi Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən həvalə edilmişdir. Onlar direktor vəzifələrini müvəqqəti olaraq icra etməsi üçün müəllim seçərkən diaqnostik balı çox olan işçiləri seçirlər. Mübahisə predmeti olan məktəbin kollektivi yenidir və iddiaçının da diaqnostik balı yüksək olduğu üçün, direktoru müvəqqəti icra edilmək üçün seçilmişdir. 2022-ci ilin yanvar ayında isə yenidən iddiaçıya 3 ay müddətinə direktor vəzifələrini müvəqqəti olaraq icra etməsi həvalə edilmişdir. Lakin, iddiaçı bu məsuliyyətin öhdəsindən lazımınca gəlməmişdir. Məktəbin hərbi müəllimi təhsil şöbəsini məlumatlandıraraq, məktəbin hərbi otağında yerləşən şəhidlərin plakatlarının yazıldığını bildirmişdir. Sözügedən məktəb yoxlanış üçün komissiya göndərilmiş və qeyd edilən hal aşkar edilmişdir. Eyni zamanda, məktəbdə şagirdlərin də davamiyyətinin çox aşağı həddə olduğu müəyyən edilmişdir. Belə ki, bir sinifdə ancaq 4 tələbə iştirak etmişdir. Yoxlanışa gələn komissiya üzvləri plakatdakı yazılarla bağlı direktora iradlarını bildirəndə iddiaçı “yazılıb yazılıb da” ifadəsini istifadə etmişdir. Bu da iddiaçının işə etinasız yanaşmasının əyani sübutdur. Bu hal təhsil şöbəsinin işçiləri tərəfindən aktlaşdırılmış və direktora töhmət verilmişdir. Hal ilə bağlı iddiaçı izahat verməkdən imtina etmişdir. Məlumat üçün qeyd edir ki, töhmət verilməsi ilə bağlı həmkarlar ittifaqının çağırılması əmək qanunvericilikdə nəzərdə tutulmamışdır və töhmət qanuni və əsaslıdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Təhsil Şöbəsinin xx.xx.2021 -ci il tarixli, K- 58 nömrəli əmri ilə Masazır kənd 4 nömrəli orta məktəbin direktor vəzifəsi 3 (üç) ay müddətinə məktəbin ingilis dili müəllimi İddiaçı həvalə edilmiş, müddət bitdikdən sonra daha 3 (üç) ay müddətinə yenidən həvalə edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2”na əsasən məktəbin direktoru məktəbin fəaliyyətini idarə edir, daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”na əsasən müəllim təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırır, onları vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edir, müstəqil həyata və əmək fəaliyyətinə hazırlayır. Müəllim şəxsi nümunəsi ilə təhsilalanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır. Göründüyü kimi, direktor məktəb rəhbərliyini həyata keçirməklə yanaşı həm də bir müəllim olaraq təhsilalanlara Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəxslərə, şəhidlərimizə hörməti aşılamalı və təhsilalanları vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə etməlidir. Lakin məktəbin direktor vəzifəsi səlahiyyətlərini icra edən İddiaçı tamamilə bunun əksini sərgiləyərək vəzifəsini düzgün icra etməmiş, məktəbin hərbi kabinetində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin guşəsinə hörmətsizlik edilərək, şəkillər cızılmasına etinasız yanaşmışdır. Bu səbəbdən əmək və icra intizamını pozduğu üçün onun barəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmiş və direktor səlahiyyətlərinin icrasına xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Qanunvericilikdən aydın görmək olar ki, bu intizam tənbehi deyil. Müəyyən səbəbdən iş yerində olmayan işçinin işinin digər şəxsə həvalə edilməsidir və işəgötürən istədiyi zaman buna xitam verə bilər. İddiaçı həvalə olunan vəzifəni lazımi qaydada icra etmədiyi üçün ona həvalə olunan vəzifənin icrasına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd olunur ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Hazırda iddiaçı iddia ərizəsində mənəvi zərər tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasını, bunun hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini və ümumiyyətlə mənəvi zərərvurma faktına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları və qanunvericilik tələblərini nəzərə alaraq, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayədəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, hesab edir ki, iddia tələbi əsaslandırılmalıdır. Belə ki, Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən, direktorun vəzifələrinin müvəqqəti icrası iddiaçıya həvalə edilmişdir. Həvalə istənilən zaman geri götürülə bilər və bu tamamilə işəgötürənin səlahiyyətindədir. Belə olan halda, ancaq töhmətin verilməsi mübahisə predmeti ola bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi işdən çıxarılan zaman, həmkarlar təşkilatı çağırılmalı olsa da, töhmət verilən zaman həmkarlar təşkilatının çağırılması qanunvericilikdə nəzərdə tutulmamışdır. İddianın direktor vəzifələrinin iddiaçıya həvalə edilməsi hissəsində əsassız olduğunu hesab edir. Töhmətinin ləğv edilib-edilməməsini isə məhkəmənin ixtiyarına buraxır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli, K-18 saylı əmrindən görünür ki, Masazır kənd 4 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmiş və direktor səlahiyyətlərinin icrasına xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki,məhkədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron Rayon Təhsil Şöbəsinin xx.xx.2021 -ci il tarixli, K- 58 nömrəli əmri ilə Masazır kənd 4 nömrəli orta məktəbin direktor vəzifəsi 3 (üç) ay müddətinə məktəbin ingilis dili müəllimi İddiaçı həvalə edilmiş, müddət bitdikdən sonra Abşeron Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli, K- 09 nömrəli əmri ilə daha 3 (üç) ay müddətinə yenidən həmin səlahiyyət uzadılmış və Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Təhsil Şöbəsinin 15 fevral 2022-ci il tarixli, K-18 saylı əmri ilə Masazır kənd 4 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən, vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmiş, direktor səlahiyyətlərinin icrasına xitam verilmiş və məktəbin direktor səlahiyyətlərini müvəqqəti icrası başqa şəxsə həvalə edilmişdir. Məhkəmə Abşeron Rayon Masazır kənd 4 nömrəli orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edilməsi həvalə edilmiş, məktəbin ingilis dili müəllimi İddiaçı Abşeron Rayon Təhsil Şöbəsinin 15 fevral 2022-ci il tarixli, K-18 saylı əmrin töhmət verilməsi hissəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsində qeyd olunur ki, Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; işçilərin əmək, maddi, sosialməişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanm qarşısını almaq üçün lazımi tədbirlər görmək; uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək; əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək; vəs. Azərbycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin (İntizam tənbehinin verilməsi qaydaları) tələbinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam, qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən ona töhmət verilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı əməlində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə görə töhmət verilməsinə əsas olmuş hallar müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin İddiaçı Masazır kənd 4№-li tam orta məktəbin direktor əvəzi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh (işə götürən) Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Təhsil Şöbəsindən tutularaq ona ödənilməsi hissəsi ilə razılaşmır və hesab edir ki,rədd edilməlidir. Belə ki,işin faktiki halalrından göründüyü kimi, Abşeron Rayon Təhsil Şöbəsi Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq müvafiq əmrləri ilə İddiaçı Masazır kənd 4 nömrəli orta məktəbin direktor vəzifəsinin icrasını müvəqqəti olaraq həvalə etmiş və təhsil şöbəsi məktəbin direktor vəzifəsinin icrasının müvəqqəti olaraq həvalə edilməsinə xitam verilməsinə səlahiyyətli olmuşdur. Belə ki, Azərbycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 1-ci bəndinə əsasən müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbinin 1000 manat məbləğindəki mənəvi zərərin ,50 manat mediasiya xərci və 300 manat hüquqi xidmətə dair xərclərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi hissəsi ilə bağlı da sübutlar müəyyən edilmədiyindən rədd edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Təhsil Şöbəsinin 15 fevral 2022-ci il tarixli, K-18 saylı əmri İddiaçı töhmət verilməsi hissəsində ləğv edilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2911/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2911/2022
12.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver