Məhkəmə qərarları › İş №e-2(012)-2933/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2933/2024

23.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2933/2024 23.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Könül Sabir qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə ünvan 1i ünvanında DƏDRX-də xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi ********* nömrəli mülkiyyət hüququ haqqında çıxarışda göstərilən 2 ha torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş qanunsuz tikililər cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, İddiaçı notarial qaydada alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyətinə 4 ha torpaq sahəsi əldə etmişdir. Bir müddət əvvəl əldə etdiyi torpaq sahəsinə baxış keçirərkən cavabdeh tərəfin orada bir sıra özbaşına qanunsuz tikinti işləri aparıldığının şahidi olmuşdur. Həmin özbaşına tikinti işlərini aparan Cavabdeh öz iradını bildirmiş, həmin tikinti işlərinin dayandırılması və ərazinin boşaldılaraq tərk edilməsini tələb etmişdir. Lakin keçən həftə yenidən həmin əraziyə baxış keçirərkən iddiaçı orada Cavabdeh tərəfindən özbaşına tikinti işlərinin dayandırılmadığını və hazırdada davam etdirildiyini görmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış iddiaçının xüsusi mülkiyyətində olan 2 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunaraq orada qanunsuz tikinti işləri aparılmışdır. Notarial qaydada alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyətinə 4 ha torpaq sahəsi əldə etmişdir. Qeyd edilənlər barəsində bundan iddiaçının əvvəlki müraciətinə tərəflərindən baxılaraq xx.xx.2023-cü il tarixli 5- 29/2-A-258-071/2023 nömrəli məktubla Masazır kənd İnzibati Ərazi Dairəsinə müvafiq tapşırıq verilmişdir. Lakin verilmiş tapşırığa uyğun olaraq görülmüş tədbirlər barəsində hər hansı məlumat verilməmişdir. Göründüyü kimi Cavabdeh mülkiyyətçinin razılığı olmadan ona məxsus torpaq sahəsində özbaşına tikinti işləri həyata keçirməyə səlahiyyəti olmamışdır. Mübahisəli torpaq sahəsində aparılan tikinti işlərinə lazımi icazə alınmadığından həmin tikili özbaşına tikili sayılır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh izahatında və etirazında bildirmişdir ki, həqiqətən həmin ərazidə onun tərəfindən tikinti işləri aparılmışdır. Lakin tikinti işləri özbaşına aparılmamış, həmçinin iddiaçının göstərdiyi tarixlərdə, yəni 2022-ci ildə aparılmamışdır. Belə ki, 2021-ci ildə X5 adlı şəxs ona bildirmişdir ki, həmin sahə ona məxsusdur və orada tikinti aparılması üçün sata bilər. O, da X3 həmin təklifi ilə razılaşmış, ondan hər dəfə dəyəri ödənilməklə hissə-hissə torpaq sahələri almış, bundan sonra ayrı-ayrı şəxslər ilə podrat müqaviləsi bağlayaraq, orada fərdi yaşayış evləri tikərək təhvil vermişdir. Bu proses 2022-cü ilin dekabr ayına qədər davam etmişdir. 2023-cü ilin sentyabr ayında həmin əraziyə özünü İddiaçı adamları kimi təqdim edən şəxslər gələrək, tikinti aparılan torpaq sahəsinin onlara məxsus olmasını bildirmiş, lakin bu barədə heç bir sənəd təqdim etməmiş, 2022-ci il dekabr ayında ona məxsus olan tikintilər tamamilə yekunlaşmış və sakinlər evlərində yaşadığı halda 2023 cu ildə ondan xəbərsiz həmin torpaqlar alqı-satqı olunmuşdur. Halbuki o həmin torpağın hər bir sotuna görə bütün ödənişlərin hamısını Məmmədov Şahinə bildirmiş və bu haqda da DİN-də tam sübuta yetirmişdir ki, o həmin ödənişləri Məmmədov Şahinə ödəmişdir. Bununla belə, həmin vaxt o da X4 bu barədə məlumat vermiş, sonuncu isə ona narahat olmamağı, torpaq sahəsinin onun özünə məxsus olmasını bir daha bildirmişdir. Bundan bir neçə gün sonra İddiaçı tərəfindən Abşeron rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edilmiş, həmin müraciət xx.xx.2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinə göndərilmiş, orada araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmiş, daha sonra yenidən araşdırma aparılmış, sonda Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan HK- 1/11340 saylı araşdırma materialı üzrə baş müstəntiq, polis mayoru X6 tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin araşdırma zamanı X3 izahatı alınmış və izahatında sahə İddiaçı satıldığı tarixdən etibarən sözügedən torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmadığını bildirmişdir. Bundan 3 ay müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı hazırkı iş üzrə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün bildirir ki, yalnız indi, yəni hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olduqdan sonra məlum olmuşdur ki, iddiaçının mülkiyyət sənədi vardır. Lakin həmin xx.xx.2023-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi, ünvan ümumi, yəni “Abşeron rayonu, Masazır kəndi” kimi göstərilmiş, konkret ünvan göstərilməmişdir. Həmçinin iddia ərizəsinə “Torpaq sahəsinin planı və ölçüsü” də əlavə edilməmişdir. Belə olan halda, vaxtilə tikinti aparılmış sahənin iddiaçıya məxsus olub-olmaması qeyri-müəyyən olaraq qalır. Digər tərəfdən, əgər iddiaçı torpaq sahəsini 2023-cü ilin yanvar ayında almışdısa, onda ilk növbədə torpaq sahəsinə yerində baxmalı, naturada təhvil almalı və yalnız boş olduğu təqdirdə, yəni orada heç bir tikinti aparılmadığı və hazır özbaşına tikilinin mövcud olmdığına əmin olduqdan sonra alqı-satqıya getməli idi. İşin həqiqi halı isə ondan ibarətdir ki, 2023-cü ilin yanvar ayında həmin torpaq sahəsində təqribən 80 hazır fərdi yaşayış evi mövcud olmuş, həmin fərdi yaşayış evlərinin hər biri bütün kommunikasiya xətləri, o cümlədən işıq, qaz və su xətləri ilə təchiz edilmişdir. İddiaçı bu halı bilə-bilə həmin torpaq sahəsini almış, bundan 9 ay sonra isə guya həmin 80 fərdi yaşayış evinin sonradan aparılması görüntüsünü yaratmaqla əvvəlcə digər orqanlara, daha sonra isə məhkəməyə müraciət etmişdir. Təbii ki, məntiqə görə (qanun da məntiqə əsaslanır), əgər iddiaçı həmin torpaq sahəsini alan zaman orada hazır tikililərin, o cümlədən bütün kommunikasiya xətləri - işıq, qaz və su xətləri ilə təchiz edilmiş təqribən 80 fərdi yaşayış evinin mövcud olduğunu gördüyü və bildiyi halda, həmin sahənin alqı-satqısına vəsait xərcləməzdi. Diqqət çəkən digər məqam odur ki, onun həmin sahənin əvvəlki mülkiyyətçisi, yəni torpaq sahəsini iddiaçıya satan şəxs X1 da tanımamış, həmin şəxs də sahədə tikinti aparıldığı 2 ilə yaxın müddət ərzində ora gəlməmiş, orada aparılan tikinti işlərinə heç bir müdaxilə etməmiş, orada tikintinin aparılmasına heç bir irad bildirməmiş, bu da onda həmin torpaq sahəsinin həqiqətən X4 məxsus olması barədə inam yaratmışdır. Odur ki, həmin iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə xx.xx.2024-cü il tarixində ərizə ünvanlayaraq əlavə sübut etmək üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın növbətri tarixə təxirə salınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 2 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********27 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7324 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin müvafiq mütəxəssi rəyinə əsasən, **********27 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi, **********27 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsində cavabdeh və digər şəxslərin faktiki istifadəsində olan tikililərin mövcud olduğu müəyyən edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh adına mülkiyyət hüquqi ilə hər hansı bir tikili qeydə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 2 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********27 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. İddia ərizəsində göstərilənlərə əsasən, bir müddət əvvəl əldə etdiyi torpaq sahəsinə baxış keçirərkən iddiaçı orada cavabdeh tərəfindən bir sıra özbaşına qanunsuz tikinti işləri aparıldığının şahidi olmuşdur. Həmin özbaşına tikinti işlərini aparan cavabdehə iddiaçı öz iradını bildirmiş, həmin tikinti işlərinin dayandırılması və ərazinin boşaldılaraq tərk edilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasını xahiş etmişdir. Mübahisə üzrə düzgün hüquqi nəticəyə gəlinməsinin təmin olunması üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7324 saylı rəyində göstərilmişdir ki, **********27 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi, **********27 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsində cavabdeh və digər şəxslərin faktiki istifadəsində olan tikililərin mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə müəyyən və tədqiq olunmuş sübutları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsində cavabdeh və digər şəxslərin faktiki istifadəsində olan tikililərin mövcud olması barədə məhkəmə tikinti-texniki ekspertizasının verdiyi rəy digər sübutlarla birlikdə, mötəbər sübut kimi qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Cavabdehin izahatından, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən inşa edilmiş tikililərin hər hansı hquqmüəyyənedici sənədi yoxdur, özbaşına tikilidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. 1 saylı Protokolun 1ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Konvensiyanın müddəaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquqları baxımından məhkəmə cavabdehlər tərəfindən iddiaçıya edilən müdaxilələrin iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İİ bəndinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına və ekspert rəyinə əsasən, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********27 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixli mülkiyyət hüququ haqqında çıxarışda göstərilən 2 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş qanunsuz tikililər cavabdehin vəsaiti hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, aparılmış ekspertiza tədqiqatına görə 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********27 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixli mülkiyyət hüququ haqqında çıxarışda göstərilən 2 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş qanunsuz tikililər cavabdehin vəsaiti hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar