Məhkəmə qərarları › İş №e-2(012)-2942/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2942/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2942/2022 15.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş akt üzrə yaranmış 453,60 manat, 797,75 manat cari borc olmaqla, ümumilikdə 1251,35 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 35,52 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 300 manat olmaqla, ümumilikdə isə 1586,87 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bank Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci itarixində 14/1234 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəfər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz"’ İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz"’ İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00031 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Natek Enerji G-4T mexanika ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz"’ İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 453,60 manat olmaqla, cəmi 453,60 manat məbləğində “Azəriqaz"’ İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əlavə olaraq bildirmək istəyir ki, cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq faktiki istifadə olunmuş lakin dəyəri ödənilməmiş qaz sərfyyatının həcminə uyğun olaraq 797,75 manat borcu yaranmışdır. Cavabdehin hazırda həyata keçirdiyi ödəmələrlə birlikdə “Azəriqaz"’ İB-yə ödəməli olduğu borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) ümumi olaraq 1251,35 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz"’ İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, sayğac quraşdırılan evi bacısının övladına vermişdir. O isə rayonda yaşayır. Ona zəng olunarkən o, qazın pulunun verilmədiyini bilmişdir. Bacısının övladları qaza görə heç bir ödəniş etməmişlər. Lakin qaz xəttinə qanunsuz qoşulma olmamışdır. Əvvəllər sayğac mexaniki sayğac olmuşdur. “Azəriqaz"’ İB-nin əməkdaşları qaz sayğacının dəyişmişlər. Qaz çəkiləndən 3-4 ay sonra o, evdən çıxmışdır. O, xx.xx.2022-ci ildə 100 manat ödəniş etmişdir. Odur ki, o, debitor borcu qəbul edir. İş materialarında olan SOCAR İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qaz təchizatının dayandırılması haqqında bildirişdən görünür ki, abonent Cavabdeh (abonent kodu **********00031) 462 m3 təbii qazdan istifadəyə görə 46,20 manat debitor borc hesablanmışdır. Məhkəmə iddiaçı şirkətin vəkili-nümayəndəsini və cavabdehi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, SOCAR İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qaz təchizatının dayandırılması haqqında bildirişdən göründüyü kimi Cavabdeh (abonent kodu **********00031) 462 m3 təbii qazdan istifadəyə görə 46,20 manat debitor borc hesablanmışdır. Hazırda isə cavabdehin 797,75 manat cari borcunun olması iddiaçının vəkilinümayəndəsinin və cavabdehin izahatı ilə öz təsdini tapmışdır. “X3”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X3»nın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Bundan başqa İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 453,60 manat cərimə hesablanmış, həmin akt cavabdeh tərəfindən imzalanmamış, sözügedən aktda formal qaydada cavabdehin imtinası qeydi aparılmışdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, SOCAR İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən abonentə xəbərdarlıq edilərək 46 manat 20 qəpik debitor borcun ödənilməsi, əks təqdirdə əlavə məlumat verilmədən qazın verilməsinin dayandırılması bildirilmişdir.Göründüyü kimi, xx.xx.2020-ci il tarixli xəbərdarlıq bildirişində xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 453,60 manat cərimə borcunun öz əksini tapmaması,həmin aktın mötəbərliyini də kifayət qədər şübhə altına alır və məhkəmədə həmin şübhələri aradan qaldıran hər hansı bir hal müəyyən edilmədiyindən, məhkəmə sözügedən akta görə tələb olunan 453,60 manat cərimə məbləğinin rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə bağlı çəkdiyi 300 manat xərc çəkməsini sübut edən qəbz məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən dövlət büdcəsinə ödənilmiş 35,52 manat dövlət rüsumu cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 797,75 manat məbləğində cari borcu və 35,52 manat dövlət rüsumu olmaqla, ümumilikdə 833,27 manat məbləğində pul məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bank Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar