Məhkəmə qərarları › İş №e-2(012)-2947/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2947/2024

27.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2947/2024 27.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Bahəddin oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “mənzildən çıxarılma və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 39 saylı evdən çıxarılması və həmin mənzilinin boşaldılaraq Banka təhvil verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC-dən (indiki İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 39 saylı evə Sumqayıt Apellyasiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(105)-136/2022 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 15 mart 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DDƏRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq cavabdeh mənzildən çıxmaqdan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, evin qiymətləndirilməsi düzgün getməmişdir. Dəfələrlə banka gedərək borcunun ödənilməsini qrafikə salmağı təklif etmiş, lakin Bank onunla razılaşmamışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-136/2022 saylı, 09 mart 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019cu il tarixli qətnaməsi mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 111 kv.m ümumi sahədən ibarət 39 saylı fərdi yaşayış evinin likvid dəyəri 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 39 saylı fərdi yaşayış evi "xxxx" İKB ASC–nin adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyatdan keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-136/2022 saylı, 09 mart 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X2, X1 və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Mübahisəli əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışa (nömrə **********19-10301) əsasən mülkiyyət hüququ əsasında "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özlərinə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iddia ərizəsində cavabdehdən rüsum tələb etmədiyini nəzərə alaraq hesab edir ki, rüsum iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Sadıqov X5 rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 39 saylı fərdi yaşayış evindən çıxarılmalı, həmin ev boşaldılmalı və İddiaçı ASC-yə təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sadıqov X5 rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 39 saylı fərdi yaşayış evindən çıxarılsın və həmin ev boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar