Məhkəmə qərarları › İş №e-2(012)-3038/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3038/2023

20.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3038/2023 20.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı qanuni mülkiyyətindəki Abşeron rayonu, Məmmədli kəndində ümumi sahəsi 134,9 kv.metr olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 yanvar 2010-cu il tarixli nikahın pozulması ilə bağlı ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 19 sentyabr 1019-cu il tarixli, 2(012)-3671/2019 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında Şəmkir rayon Qeydiyyat Şöbəsində 29 yanvar 2011-ci ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 29 sentyabr 2010-cu il təvəllüdlü X6 və 16 fevral 2012-ci il təvəllüdlü X2 boşanmadan sonra Cavabdeh yanında qalması, İddiaçı Cavabdeh xeyrinə 29 sentyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat miqdarında və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat miqdarında alimentin tutulması qət edilmişdir. Artıq 4 ildir ki, Cavabdeh ilə İddiaçı arasında mövcud olan ailə münasibətlərinə rəsmi olaraq xitam verilmişdir. Buna baxmayaraq, Cavabdeh 4 ildir ki, İddiaçı mülkiyyətində olan yaşayış sahəsində yaşayır. Cavabdeh hazırda yaşadığı Abşeron rayonu, Məmmədli kəndindəki ümumi sahəsi 134,9 kv.metr olan fərdi yaşayış sahəsi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı ilə İddiaçı mülkiyyətindədir. Artıq uzun müddətdir İddiaçı mülkiyyətində olan mənzildən istifadə edən Cavabdeh həmin fərdi yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi zərurəti vardır. Belə ki, tərəflər arasında münasibətlər 2009-cu ildən sonrakı dövrü əhatə etdiyindən hazırki mübahisəyə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.4 və 30.5-ci maddəsi tətbiq edilməli və nikah münasiəbtlərinə xitam verilməsi ilə bərabər istifadə hüququna da xitam verilməlidir. Müəyyən müddətə istifadə hüququn saxlana bilməsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh artıq 4 ildir həmin mənzildə yaşamaqla bu hüququndan istifadə etmişdir. Bu baxımdan artıq Cavabdeh Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 134,9 kv.metr olan fərdi yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi mütləq xarakter daşıyır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Cavabdeh, 29 sentyabr 2010-cu il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 Abşeron rayonu, Məmmədli kəndindəki ümumi sahəsi 134,9 kv.metr olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı yenə də MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Cavabdeh, 29 sentyabr 2010-cu il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 Abşeron rayonu, Məmmədli kəndindəki ümumi sahəsi 134,9 kv.metr olan fərdi yaşayış evindən və ********** qeydiyyat nömrəli 3 sot torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və onların həmin mənzildən və torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 1019-cu il tarixli, 2(012)-3671/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh və İddiaçı arasında Şəmkir rayon Qeydiyyat Şöbəsində 29 yanvar 2011-ci ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 29 sentyabr 2010-cu il təvəllüdlü X6 və 16 fevral 2012-ci il təvəllüdlü X2 boşanmadan sonra Cavabdeh yanında qalması, X3 Cavabdeh xeyrinə 29 sentyabr 2010cu il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat miqdarında alimentin tutulması qət edilmişdir. İşdə olan AN-İ ******* saylı, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndindəki 0,03 ha torpaq sahəsini 3500 manata İddiaçı satmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli RX ******* saylı (********** qeydiyyat nömrəli) reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134,9 kv.metr olan fərdi yaşayış evi İddiaçı adına qeydə alnmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər 29 yanvar 2011-ci il tarixdə nikaha girmişlər və onların bu nikahdan 29 sentyabr 2010-cu il təvəllüdlü X6 və 16 fevral 2012-ci il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. İddiaçı AN-İ ******* saylı, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Məmmədli kəndində 0,03 ha torpaq sahəsi əldə etmiş və orada mübahisəli yaşayış evini inşa etdirmişdir. Bu ev üzərində onun mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli RX ******* saylı (********** qeydiyyat nömrəli) reyestrdən çıxarışa əsasən qeydə alınmışdır. Tərəflər Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 1019-cu il tarixli, 2(012)-3671/2019 saylı qətnaməsinə əsasən boşanmışlar və birgə nikahdan doğulmuş uşaqlar analarının himayəsində qalmışlar. İşin faktiki hallarından görünür ki, cavabdeh və iki uşaq boşanmadan sonra mübahisəli evdə yaşamaqdadırlar. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh, 29 sentyabr 2010-cu il təvəllüdlü X1 və 16 fevral 2012-ci il təvəllüdlü X2 Abşeron rayonu, Məmmədli kəndindəki ümumi sahəsi 134,9 kv.metr olan fərdi yaşayış evindən və ********** qeydiyyat nömrəli 3 sot torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və onların həmin mənzildən və torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında mübahisəli əmlakla bağlı münasibətlər 2012-ci ildə yarandığından məhkəmə hesab edir ki, hazırki mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşdən görünür ki, cavabdeh artıq 2019-cu ildən mübahisəli əmlakın mülkiyyətçisi olan İddiaçı ailə üzvü deyildir, yəni onun yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə məhkəmə qərarına əsasən 2019-cu ildə xitam verilmişdir. Belə olan halda isə İddiaçı cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməklə çıxarılması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Bu tələbin təmin edilməməsi məhkəmənin qənaətinə görə İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə nəticələnər. Bununla belə, işin hallarından görünür ki, Cavabdeh öhdəsində birgə nikahdan olan 2 azyaşlı uşaq vardır və onun başqa yaşayış sahəsi yoxdur. Onun maddi vəziyyəti və diqqətə layiq digər hallar (uşaqların himayədə olması) özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. Bu baxımdan məhkəmə hesab edir ki, onun iddiaçıya məxsus olan yaşayış sahəsindən 1 il müddətə istifadə hüququ saxlanılmalıdır. Bu müddətdə istifadə hüququnun saxlanılması nəticəsinə gələrkən məhkəmə cavabdehin artıq 4 il ərzində həmin evdə fasiləsiz yaşamasını da nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İsmayılova (Əkbərova) Leyla Yaşar qızının Abşeron rayonu, Məmmədli kəndindəki 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 134,9 kv.metr olan fərdi yaşayış evindən 1 il istifadə hüququ saxlanılmaqla, o, 29 sentyabr 2010-cu il təvəllüdlü X6 və 16 fevral 2012ci il təvəllüdlü X7 ilə birlikdə xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndindəki 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 134,9 kv.metr olan fərdi yaşayış evindən çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayılova (Əkbərova) Leyla Yaşar qızının Abşeron rayonu, Məmmədli kəndindəki 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 134,9 kv.metr olan fərdi yaşayış evindən 1 il istifadə hüququ saxlanılmaqla, o, 29 sentyabr 2010cu il təvəllüdlü X6 və 16 fevral 2012-ci il təvəllüdlü X7 ilə birlikdə xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndindəki 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 134,9 kv.metr olan fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar