Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-304/2025 20.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin direktoru Nümayəndə3, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı dəymiş ziyanın tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitəsinə dəymiş zərərə görə 9920 manat, nəqliyyat vasitəsindəki avadanlığa dəymiş zərərə görə 600 manat, əldən çıxmış fayda üzrə dəymiş zərərə görə 6000 manat, tənəffüs aparatı üçün ödənilmiş 4130 manat, İXP6059275 nömrəli protokol üzrə çıxarılmış qərar üzrə 107.20 manat, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədilə ödənilmiş 50 manat, ödənilmiş dövlət rüsumu ilə bağlı 102 manat olmaqla, cəmi 20909.20 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" MMC-də işlədiyi dövr ərzində xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Beyləqan rayon ərazisindən keçən Horadiz-Bəhrəmtəpə avtomobil yolunun 55-ci km-də Bəhrəmtəpə istiqamətinə doğru hərəkət edərkən onun tərəfindən idarə olunan "Mercedes-Benz” Sprinter 313 CDİ markalı, 90GD622 dövlət qeydiyyat nişanlı ambulans avtomobilini Bakı istiqamətində idarə edib hərəkətdə olan zaman avtomobili yolun sol kənarında yerləşən beton səddə vurmuş, hərəkət hissəsindən sağ boşluq sahəyə çıxarıb aşıraraq nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Sözügedən şəxs tərəfindən yol-hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan sərnişini X1 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmiş material üzrə cinayət işi rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati tənbeh tədbiri görülməsi barədə 1XP6059275 nöməli protokol üzrə çıxarılmış qərar üzrə 107.20 manat cərimə məbləği iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixdə qəzaya uğramış “Mercedes-Benz” Sprinter 313 CDİ markalı, 90GD62 dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı ambulans avtomobilinə "xxxx" MMC-də mütəxəssislər tərəfindən texniki baxış keçirilmiş, sıradan çıxan ehtiyat hissələri və təmiri üçün tələb olunan xərclər müəyyən olunmuşdur. Sözügedən mütəxəssislər tərəfindən vurulan ziyanın yekun məbləği 9920 manat dəyərində müəyyən edilmişdir. Bundan başqa nəqliyyat vasitəsindəki avadanlıqların təmiri üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş nöqsan aktına əsasən 600 manat "Tour Med” MMC tərəfindən hesablanmışdır. Bundan başqa nəqliyyat vasitəsindəki İnovytec markalı süni tənəffüz cihazı istifadəyə yararsız hala düşmüşdür. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş elektron qaiməyə əsasən 4130 manata alınmış və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta əsasən avadanlığın istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Bundan əlavə, layihə zamanı qəza törədilməsi səbəbi ilə layihə yerinə getmək mümkün olmamış, bu səbəbdən layihə ləğv edilmiş və iddiaçıya maliyyə cəhətdən zərər dəymişdir. Layihənin xalis mənfəəti aylıq 2000 manat təşkil edəcəkdi ki, bu da 3 ay üçün 6000 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə pretenziya göndərilərək cavabdehdən xx.xx.2023-cü il tarixdə imzalanmış tam maddi məsuliyyət haqqında müqavilədən irəli gələn öhdəliklərinə müvafiq olaraq ümumilikdə 20757.20 manat zərər məbləği tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. O cümlədən, cavabdeh şəxslə sözügedən problemi həll etmək məqsədilə iddiaçı tərəfindən Mediasiya Şurasına müraciət edilərək 50 manat ödənilmişdir. Cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “X9” ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh şəxs müqavilədən irəli gələn öhdəliklərinə uyğun olmayaraq öz vəzifələrini lazımınca icra etməmiş və iddiaçı tərəfindən ona edilən xəbərdarlıqlara məhəl qoymayaraq üzərinə düşən 20757.20 manat məbləğində dəymiş zərəri və mübahisənin mediasiya vasitəsilə həll edilməsi məqsədilə 50 manat olmaqla ümumilikdə 20807.20 manat pul məbləğini iddiaçıya ödəməkdən yayınmışdır. Cavabdeh ona işəgötürən (iddiaçı) tərəfindən verilmiş əmlakın salamatlığını təmin etməmiş, öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlamasına baxmayaraq, qanunvericiliyin normalarını pozaraq öz üzərinə düşən öhdəliyin icrasını həyata keçirməmiş, ona edilən xəbərdarlıqları heçə saymışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin direktoru Nümayəndə3 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında qeyd etmişdir ki, maşında xəstə olmadığı halda cavabdeh maşını iki qat sürətlə idarə edərək qəza törətmişdir. Qəza nəticəsində süni tənəffüs aparatı tamamilə yararsız vəziyyətə düşmüşdür. "xxxx" MMC tibbi xidmət göstərməmiş, sadəcə ambulans və aparatura göndərilməsi, ambulansların icarəsi, alqı-satqısı, sığortası ilə məşğul olmuşdur. Həmin dövr şirkətin lisenziyası ləğv olunsa da, MMC olaraq fəaliyyət dayandırılmamışdır. Hadisə olan vaxt cavabdehin "xxxx" MMC ilə əmək müqaviləsi olmuş, lakin qəzadan sonra müqaviləyə xitam verilmişdir. Ambulansın aylıq icarə xərci 5500 manat, fəaliyyət xərci isə 2000 manat təşkil edir. Qəza baş verdikdə "xxxx" MMC-ə 5500 manat geri ödənilmişdir. Cavabdeh yol vərəqəsi ilə "xxxx" MMC-nin Ağdam filialına göndərilmiş olsa da, Ağdamda cavabdehin vəzifəsi bitməmişdir. Belə ki, yol vərəqəsi olmadan şirkətin göstərişləri və yönləndirmələri əsasında da sürücü şirkət adından işləyə bilər. Bu halda şirkətin işçisi (cavabdeh) "xxxx" MMC-nin ambulansında gedirsə, başına hadisə gələ biləcək hallarda məsuliyyəti şirkət daşıyacaqdı. Ağdamdan sonrakı təyinata çatdıqda isə ambulansın fəaliyyəti davam etməli, sürücü isə geri qayıtmalı idi. Həmçinin cavabdeh sürücü vəzifəsində fəaliyyət göstərsə də, o bir maşına təhkim olunmadığından bütün maşınları sürə bilərdi. "xxxx" MMC-nin lisenziyası ləğv olsa belə, həmin vaxt fəaliyyət göstərirdi. Çünki şirkət tərəfindən göstərilən xidmətlər klinika olaraq tibbi deyil, MMC kimi (tranzit və tikinti şirkəti) olaraq avadanlıqla təmin etməkdən ibarət idi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, həmin dövrdə klinikanın fəaliyyəti dayandırılmasına baxmayaraq, fəaliyyəti dayandırılan klinika icarə müqaviləsi bağlayaraq fəaliyyət göstərmişdir. Bu baxımdan hesab edir ki, müqavilənin özü etibarsızdır. Həmçinin qəza baş verən vaxt da müəssisənin fəaliyyəti dayandırılmışdır. Cavabdeh maşını apararaq "xxxx" MMC-ə təhvil verdikdən sonra cavabdehi oradan yol vərəqəsi belə olmadan başqa yerə göndərmişlər və qəza da məhz həmin an baş vermişdir. Cavabdehin göndəriş vərəqəsi Ağdam rayonuna olmuş, hadisə isə vərəqə üzrə öhdəliklərini yerinə yetirdikdən sonra baş vermişdir. Yol vərəqəsi olmadan cavabdehin Horadiz şəhərində olarkən başına gələ biləcək pis hallarda məsuliyyətin kimin üzərində olması sual altındadır, bu baxımdan MMC tərəfindən mütləq göndəriş vərəqəsi verilməli idi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçının öz səhvi də olduğu üçün iddia tələbini qəbul etməsə belə, maşına dəymiş zərərin əvəzini ödəməyi qismən qəbul edir. Belə ki, ona verilmiş maşın nasaz vəziyyətdə olmuşdur. Yol vərəqəsi üzrə maşını Ağdama aparıb 1 həftə orada - maşının yanında qalmalı idi. Lakin Horadiz şəhərində olan baş məntəqədə göndərilənləri təhvil verdikdən sonra ona şirkət tərəfindən Beyləqan yolu ilə getməsi deyilmiş, cavabdeh həmin yolla getdikdə isə maşın yolu buzlu olduğundan, bundan əlavə maşının təkərləri qış deyil, yay təkərləri olduğundan idarə etdiyi maşın yolda fırlanmış və qəzadan qaçınılması mümkünsüz hala gəlmişdir. Bununla bağlı polis tərəfindən tərtib olunmuş protokolla razılaşmamasına baxmayaraq, polisə müraciəti əsasında cavabdehə tərəfindən şikayət verilsə də, qərarın ləğv olunmayacağı bildirilmiş, buna görə də şikayət vermək hüququndan istifadə etməmişdir. Bundan əlavə maşına texniki baxış keçirilməsi ilə bağlı bütün sənədlər əsassızdır, çünki o maşını Masazır qəsəbəsində öz ustalarının yanına apardıqda ona maşının motoruna heç nə olmadığı bildirilmişdi. Həmçinin maşında tibbi aparatların olduğunu, böyük ehtimalla onlara ziyan dəydiyini qeyd etmişdir. Barışıq üçün mediasiyadan çağırıldıqda həmin vaxt 4000 manat, sonra isə 2000 manat olmaqla, ümumilikdə 6000 manat ödəməyi təklif etmişdir. Buna baxmayaraq, ayda 1000 manat ödəməsini istəmişlər. Hadisə baş verdikdən təxminən 1 ay sonra şirkətlə aralarındakı əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin c bəndinə əsasən xitam verilmiş, 1 il ərzində işsiz olması və onu heç bir yerdə işə götürmədikləri nəzərə alınaraq bu məbləği ödəməsi qeyri-mümkün olmuşdur. Hazırda məhz bu səbəbdən işləyə bilmir, lakin həmin maddə üzərindən götürülərsə, işləyərək bir qismini ödəyə bilər. İddiaçı layihəni qazana bilmə ehtimalını irəli sürərək əldən çıxmış faydaya görə cavabdehdən pul tələb etməsinə baxmayaraq, layihəçi şirkəti qəbul etməmiş, hətta MMC-nin təsisçisi olan Azər adlı şəxs cavabdehdən xahiş etmişdir ki, layihəçilərlə xoş rəftar edərək ləğv etmələrinə yol verməsin. Bununla bağlı aralarında olan yazışmaları da təqdim edə biləcəyini qeyd etmişdir. Bundan əlavə qəzadan sonra maşını düzəltdirməyi təklif etsə də, Azər (təsisçi) bunu qəbul etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İşəgötürən "xxxx" MMC və işçi Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, müqavilə 3 ay 6 gün müddətinə - xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanılmış, sürücü vəzifəsində olan işçiyə hər ay 345 manat məbləğində aylıq vəzifə maaşı təyin edilmişdir. -İşəgötürən "xxxx" MMC və işçi Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işçi tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesinda ona işəgötürən tərəfindən etibar edilmiş nəqliyyat vasitəsinin saxlanması, başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə, həmçinin işçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam həcmdə maddi məsuliyyət daşıyır və sözügedən müqavilə işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi qüvvədə olduğu bütün dövrə şamil edilir. -Mediasiya Şurasının Bakı 18 saylı X4 Mediasiya Sessiyasında iştirak edilməməsi barədə MŞB/18/2024-00413 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Mediasiya Sessiyasında "xxxx" MMC-nin direktoru Nümayəndə3 iştirak etmiş, Cavabdeh isə iştirak etməkdən imtina etmişdir. İMS 50 manat və 10 manat poçt xərci olmaqla, ümumilikdə, 60 manat məbləğində mediasiya xərci "xxxx" MMC tərəfindən ödənilmişdir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 65/24 saylı məktub və poçt qəbzinə əsasən Cavabdeh bildirilmişdir ki, Cavabdeh "xxxx" MMC-də layihə üçün klinikaya işə qəbul edilmiş, lakin layihə zamanı qəza törətdiyindən layihə yerinə getmək mümkün olmamış, bu səbəbdən layihə ləğv edilmiş və "xxxx" MMC-i maliyyə cəhətdən zərərə salmışdır. Layihənin xalis mənfəətinin aylıq 2000 manat (3 ay üçün 6000 manat) təşkil etməsi nəzərə alınaraq dəymiş zərərin qarşılanması tələb edilmişdir. -"xxxx" MMC tərəfindən tərtib edilmiş nöqsan aktına əsasən, "xxxx" MMC-nin balansında olan “Mercedes-Benz” Sprinter 313 CDİ markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı ambulans avtomobilinə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərək ehtiyat hissələrinin sıradan çıxması aşkar edilmiş, 4420 manat dəymiş zərər və 5500 manat usta xərcləri olmaqla, ümumilikdə 9920 manat zərər dəymişdir. -"xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 103/24 saylı nöqsan aktına əsasən, "xxxx" MMC-ə məxsus İnovytec markalı süni tənəffüz cihazı təmir etmək mümkün olmamışdır. -X13, X3, X7, X16, X2, X8 tərəfindən imza edilərək tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 1603/24 saylı aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə elektron qaimə əsasında alınmış 4130 manat (ƏDV daxil) qiyməti olan süni tənəffüs cihazı (İnovytec) "xxxx" MMC tərəfindən tərtib olunmuş 103/24 saylı xx.xx.2024-cü il aktına əsasən istifadəyə yararsız vəziyyətdədir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 84/24 saylı məktub və poçt qəbzinə əsasən, İnovytec markalı süni tənəffüz cihazını təmir etmək mümkün olmadığı bildirilmiş, bununla bağlı klinikaya dəymiş 4130 manat məbləğində zərərin ödənilməsi tələb olunmuşdur. -xx.xx.2024-cü il tarixli, İXP6059275 saylı protokola əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 manat cərimə, 27.2 manat dəbbə pulu olmaqla, ümumilikdə 107.2 manat cərimə hesablanmışdır. -Sifarişçi "xxxx" MMC və icraçı "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 2112/23 saylı xidmət müqaviləsindən görünür ki, icraçı sifarişçini təcili tibbi yardım təyinatlı nəqliyyat vasitəsi və siyahısı bu müqaviləyə əlavələrlə müəyyən edilən tibbi avadanlıqlar və tibbi yardım çantası ilə təmin etməyi, göstərişlərinə uyğun olaraq vaxtlıvaxtında və yüksək keyfiyyətlə göstərməyi, həmçinin xidmətlərin yerinə yetirilməsinə yüksək peşəkarlığı olan əməkdaşları cəlb etməyi, sifarişçi isə həmin xidmətlərin müqabilində icraçıya bu müqaviləyə əlavələrdə nəzərdə tutulmuş miqdarda xidmət haqqı ödəməyi öhdəsinə götürür. -Həmin xidmət müqaviləsinə 1 saylı əlavə razılaşmadan görünür ki, icraçı və sifarişçi göstərilən xidmətlər (tam təchizatlı təcili tibbi yardım təyinatlı nəqliyyat vasitəsi və sürücü) və onların qiyməti (5500 manat) barədə şəkildə razılığa gəlmişlər. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beyləqan rayon polis şöbəsinin təhqiqat bölməsinin, baş təhqiqatçısı, polis mayoru X6 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh avtomaşınla vuran naməlum sürücünün əməlində AR İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati xətaya dair iş üzrə icraata başlanması üçün qəbul edilmiş qərarın surətinin Beyləqan rayon X15 X19 göndərilməsi qərara alınmışdır. -AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9090 saylı ekspert rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu "xxxx" tərəfindən tərtib edilmiş nöqsan aktına əsasən 2002-ci il buraxılışlı, “Mersedes-Benz” Sprinter 313 CDİ markalı, **-GD-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 7175 manat (dəyişilməli hissələrin qiyməti 2975 manat + təmir bərpanın qiyməti 4200 manat) olması müəyyən edilmiş, həmçinin nöqsan aktında və cədvəlin 20-ci bəndində göstərilən akkumlyatorun amperajı və markası barədə ətraflı məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamış, bundan əlavə “İnovytec” markalı süni tənəffüz cihazının istifadəyə yararlı olub-olmaması məhkəmə əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığı bildirilmişdir. -"xxxx" MMC tərəfindən tərtib edilmiş nöqsan aktında olan cədvəlin 20-ci bəndində “Mercedes-Benz” Sprinter 313 CDİ markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı ambulans avtomobildə quraşdırılmış 2 ədəd akkumlyatorun üumi dəyərinin 600 manat olduğu müəyyən edilmişdir. -"xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli, 401/25 saylı rəyindən görünür ki, sözügedən “İnovytec” markalı süni tənəffüz cihazı qiymətləndirməyə təqdim olunan zaman onun heç cürə işlək vəziyyətə gətirilməsi mümkün olmamış və aparılmış tədqiqat nəticəsində tam yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Və “İnovytec” markalı süni tənəffüz cihazına dəymiş zərərin məbləğinin araşdırma nəticəsində iş materiallarında olan akta birə-bir uyğunluğu tərəflərindən müəyyən edilmişdir. Nəticə etibarilə, “İnovytec” markalı süni tənəffüz cihazına dəymiş zərərin məbləği iş materiallarında olan akta tam uyğundur və cihaz istifadəyə tam yararsızdır. Həmçinin mütəxəssis xidmətinin qiymətləndirmə xərci olan 300(üç yüz) manat xidmət haqqı iddiaçı "xxxx" MMC tərəfindən ödənilmişdir. Belə ki, iddia ərizəsindən, həmçinin məhkəmə çəkişmələrinə dair sənədlərdən görünür ki, iddiaçı cavabdehin "xxxx" MMC-də işlədiyi dövr ərzində onun tərəfindən idarə olunan "Mercedes-Benz” Sprinter 313 CDİ markalı, 90GD622 dövlət qeydiyyat nişanlı ambulans avtomobilini yolun sol kənarında yerləşən beton səddə vurması və hərəkət hissəsindən sağ boşluq sahəyə çıxarıb aşırması nəticəsində nəqliyyat vasitəsinə, həmçinin nəqliyyat vasitəsindəki avadanlıqlara maddi ziyan vurmasını irəli sürərək ümumilikdə 20909.20 manat pul məbləğini məhkəmə qaydasında tələb etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini, maşını bərpa edərək əvvəlki halına qaytarmağı təklif etməsinə baxmayaraq, barışığın əldə olunmadığını, qeyd edilən zərər məbləğinin şişirdilmiş və əsassız olduğunu bildirmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh xx.xx.2024-cü ildə idarə etdiyi "Mercedes-Benz” Sprinter 313 CDİ markalı, 90GD622 dövlət qeydiyyat nişanlı ambulans avtomobili ilə ilə Horadiz-Bayramtəpə yolunun 55-ci km-də əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı iddiaçı balansında olan sözügedən ambulans avtomobilinə, həmçinin nəqliyyat vasitəsindəki avadanlıqlara zərər dəymiş, avtomobilə 107.20 manat cərimə hesablanmış, həmin məbləğ isə iddiaçı tərəfindən ödənilmişdir. Lakin Beyləqan rayon polis şöbəsinin təhqiqat bölməsinin, baş təhqiqatçısı, polis mayoru X6 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən cavabdehin əməlində cinayət tərkibi olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, cavabdehi avtomaşınla vuran naməlum sürücünün əməlində AR İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati xətaya dair iş üzrə icraata başlanması üçün qəbul edilmiş qərarın surətinin Beyləqan rayon X15 X19 göndərilməsi qərara alınmışdır. "xxxx" MMC, "xxxx" MMC tərəfindən dəymiş ziyan qiymətləndirilərək ümumilikdə 20909.20 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı həmin maddi ziyanın əvəzini cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Mülki Мəcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmk Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.1-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda. 201.2-ci maddəsinə əsasən, işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşdən görünür ki, iddiaçı ilə cavabdeh arasında hadisə zamanı əmək müqaviləsi üzrə münasibətlər olmuş və cavabdeh tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. Cavabdeh iddiaçının balansında olan nəqliyyat vasitəsi və avtomobilin daxilində olan avadanlıqları yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə salmış, bununla da iddiaçıya maddi zərər vurmuşdur. "xxxx" MMC tərəfindən bu maddi zərərin dəyəri iş materiallarına əlavə edilmiş nöqsan aktına əsasən 4420 manat dəymiş zərər və 5500 manat usta xərcləri olmaqla, ümumilikdə 9920 manat məbləğində hesablamışdır. Lakin məhkəmənin təşəbbüsü ilə dəymiş zərərin miqdarı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək hesablanmış və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9090 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, nəzəri hesablama yolu "xxxx" tərəfindən tərtib edilmiş nöqsan aktına əsasən 2002-ci il buraxılışlı, “Mersedes-Benz” Sprinter 313 CDİ markalı, **-GD-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 7175 manat (dəyişilməli hissələrin qiyməti 2975 manat + təmir bərpanın qiyməti 4200 manat) təşkil edir. Məhkəmə iddiaçının əmlakına dəymiş zərərin məbləğini müəyyən etmək üçün bu rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, cavabdehdən maddi zərərin əvəzi kimi məhz 7175 manat pul tutulmalıdır. Həmin ekspert rəyinə əsasən, nöqsan aktında və cədvəlin 20-ci bəndində göstərilən akkumlyatorun amperajı və markası barədə ətraflı məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamış, bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş nöqsan aktına əsasən 2 ədəd akkumulyatora uyğun olaraq hesablanmış dəymiş zərərin 600 manat təşkil etdiyini qeyd edərək məhkəmə hesab edir ki, həmin məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli, 401/25 saylı rəyindən göründüyü kimi X11 markalı süni tənəffüs cihazına dəymiş zərərin məbləği 4130 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, avadanlığa dəymiş zərərin əvəzi kimi cavabdehdən həmin məbləğ - 4130 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, İXP6059275 saylı protokola əsasən ödənilmiş, Cavabdeh hesablanmış 107.2 manat cərimə məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 201.2-ci maddəsinə əsasən, işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Odur ki, yuxarıda qeyd olunan maddənin tələblərinə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən “əldən çıxmış faydaya görə 6000 manat pulun tutulması” hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 153 manat dövlət rüsumunun 126.04 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun 26.96 manatı iddiaçının özünə aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərcinin 40 manatı (iddiaçının tələbini qismən əhatə etdiyi üçün) və qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat pul vəsaiti (tədqiqat obyektinin qiymətinin iddia tələbi ilə eynilik təşkil etdiyi üçün) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza xərcinin 10 manatı isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə əmək mübahisəsi olmadığından, bu baxımdan tərəflərin mediasiyaya müraciət edərək mediasiya sessiyasında iştirak etməsi zərurəti yaranmadığından, iddia tələbi bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 12012.20 (on iki min on iki manat iyirmi qəpik) manat, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu üçün 126.04 (yüz iyirmi altı manat dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 26.96 manatı iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 40 manat pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 10 manat pul vəsaiti iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-304/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-304/2025
20.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver