Məhkəmə qərarları › İş №e-2(012)-3078/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3078/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3078/2022 13.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 72,94 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumuna görə pulun iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2018-ci il tarixli 2(012)-5689/2018 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "hüquqi xidmət haqqında" müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMCyə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixindəki 207,11 manat və xx.xx.2021-ci il tarixindəki 279.20 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 72.94 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "hüquqi xidmət haqqında" müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMCyə cavabdeh tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 72.94 manat məbləğində xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 27 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Məhkəmə mülki işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki iş materiallarında olan hüquqi xidmət haqqında xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, “X1 Azərbaycan” QSC məhkəmə qərarları üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində xidmət haqqı ödənilməlidir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMCnin icraatında olan işlər üzrə “X1 Azərbaycan” QSC tərəfindən MMC-yə ümumilikdə xidmət haqqı olaraq 2649,66 manat vəsait ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli hesab-fakturadan görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən MMC-yə 2649,66 manat vəsait ödənilmişdir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-5689/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə 632,94 manat pulun tutulması qət edilmişdir. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli "hüquqi xidmət haqqında" müqaviləyə əsasən Cavabdeh tərəfindən ödənilən xx.xx.2021-ci il tarixindəki 207,11 manat və xx.xx.2021-ci il tarixindəki 279.20 manat məbləğindəki vəsait "xxxx" MMC vasitəsi ilə təmin edilmiş və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 72,94 manat məbləğində xidmət haqqı ödənilmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və kredit öhdəliklərinin yerinə yetirilməsinə görə “X1 Azərbaycan” QSC 72,94 manat maddi zərərə düşdüyündən bu zərərin əvəzi Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 30 manat pul cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 72,94 manat və dövlət rüsumuna görə 30 manat pul «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar