Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3131/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixdə 546 nömrə ilə 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının valideynləri ilə Cavabdeh valideynləri uzun müddətdir ki, ailəvi tanışdırlar. Valideynlərinin hər zaman istəyi olmuşdur ki, o, Heydərlə ailə qursun. Lakin o, hər zaman bunun əleyhinə çıxaraq buna etiraz etmişdir. Onun israrlarına baxmayaraq valideynləri onun istəyinə əhəmiyyət verməmişdir. Əksinə cavabdehlə ailə qurmayacağı təqdirdə onunla münasibətlərini tamamilə kəsəcəklərini bildirmişlər. İddiaçı onları dəfələrlə bu fikirlərindən yayındırmağa çalışsa da buna nail ola bilməmişdir. Bu haqda Heydərə də bildirmişdir ki, onunla ailə qurub yaşamaq fikri yoxdur, olmayacaqdır da. Heydər də ona bildirmişdir ki, valideynləri onunla ailə qurmasına təkid edirlər. Bu səbəbdən də onların hər ikisi öz aralarında belə qərara gəlmişlər ki, formal olaraq rəsmi nikaha daxil olsunlar və bir müddət sonra da guya xasiyyətlərinin tutmaması səbəbindən ayrılsınlar. Hər ikisi 1 saylı Bakı Asan Xidmət Mərkəzinə gedərək nikah bağlamaq üçün müraciət etmişlər. 10 aprel 2025-ci il tarixdə Qeydiyyat şöbəsi tərəfindən onlara nikah haqqında şəhadətnamə verilmişdir. Onlar faktiki olaraq fərqli evlərdə yaşamağa başlamışlar. Lakin bir neçə gün sonra onların birlikdə yaşamadıqları valideynlərinə bəlli olmuşdur. Bununla da ciddi problemlər yaranmışdır. Artıq hər şey bəlli olduğu üçün formal olaraq nikahda qalmaqlarına da zərurət yoxdur. Nikah bağlamalarına səbəb hər ikisinin valideynləri tərəfindən onlara göstərilən təzyiq və təkidlər olmuşdur. Onların rəsmi nikaha daxil olub ailə qurmaq kimi bir fikirləri ümumiyyətlə olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, bu onun 2ci evliliyidir, əvvəlki evliliyindən olan oğlu ilə ayrı yaşamışdır. Cavabdehin ailəsi ilə onun ailəsi tanış olmuş, daha sonra onlara təzyiq göstərdiklərinə görə evlənmək məcburiyyətində qalaraq xx.xx.2025-ci il tarixdə formal olaraq nikaha daxil olmuşlar. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, tərəflər valideynlərinin təzyiqi nəticəsində nikaha daxil olmağa məcbur olmuşlar. Bu zaman onların istəyi və ya belə bir niyyətləri olmamış, nikahları formal xarakter daşımışdır. Həmçinin qeyd etmişdir ki, cavabdehlə toyları olmamış, yalnız ailələrarası məclis baş tutmuşdur. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin teleqramla müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, onun ailəsi iddiaçını və iddiaçıının ailəsini tanısa da, cavabdehin özü onları yaxından tanımamışdır. Hətta iddiaçının əvvəl evli olduğu və əvvəlki evliliyindən bir övladının olduğu ona nikah bağlandıqdan sonra məlum olmuşdur. Daha sonra tərəflər üzərində ailələrin təzyiqi olmuş, onlar da məcbur qalaraq formal olaraq nikaha daxil olmuşdur. Nikaha daxil olmamışdan 2-3 ay əvvəl nişan, daha sonra toy deyil, ailələr arasında yığıncaq keçirilmişdir. Həm iddiaçının, həm də onun, ümumiyyətlə, ailə həyatı qurub yaşamaq niyyəti və ya istəkləri olmamışdır. Məhkəmə proses iştirakçılarıının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 665341 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2025-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2025-ci ildə 546 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Zülfüqarlı, arvada Zülfüqarlı soyadı verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər xx.xx.2025-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Lakin tərəflər nikaha daxil olduqdan sonra bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Tərəflərin ailə qurmaq niyyəti olmayıb. Cavabdeh ona qarşı verilən iddianı tam etiraf edir, iddiaçı ilə aralarında olan nikahın etibarsız sayılmasına etiraz etmir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Bununla yanaşı, Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəlləsinin 25.1-ci, 25.2-ci, 25.4-cü maddələrinə əsasən bu Məcəllənin 10- 12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Saxta nikahın bağlanmasında məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir (məs. yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.) Nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması sübut edildikdə nikah etibarsız sayıla bilər. Həmçinin Ailə Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Məhkəmə mübahisə predmeti olan nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün, hər iki tərəfin valideynlərinin israrlı təkidi ilə məcburiyyət qarşısında bağlanmasının sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış və 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 546 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış və 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 546 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3131/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3131/2025
14.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver