Məhkəmə qərarları › İş №e-2(012)-319/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-319/2024

11.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-319/2024 11.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılov Rüstəm Sadıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə, 1 ünvanında yerləşən yaşayış binasının 32 saylı mənzilinin boşaldılaraq ona təhvil verilməsinin Cavabdeh həvalə olunması və ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bakı şəhəri, 14 saylı notariat ofisində onun arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə, 1 ünvanında yerləşən yaşayış binasının 32 saylı mənzili ona satılıb və həmin alqı-satqı müqaviləsi əsasında da bu mənzil mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınaraq bu barədə 19 yanvar 2022-ci il tarixli çıxarış verilmişdir. Cavabdehlə olan razılaşmaya görə o, 2022-ci ilin aprel ayına kimi mənzili onun sahibliyinə verməli idi. Binada baş verən qəza səbəbi nəticəsində ona satılan mənzil də daxil olmaqla bir çox mənzillər xəsarət aldığından mənzilin təhvil-təslimi bu günə kimi təmin edilməmişdir. Hazırda mənzillərə giriş-çıxış mümkün olsa da mübahisəli mənzildə cavabdehə məxsus əşyaların qalması əmlakdan istifadə hüququnu məhdudlaşdırır. Cavbdehə bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq o, əşyalarını bu günə kimi mənzildən çıxarmamışdır. Tərəflər arasında imzlanmış alqı- satqı müqaviləsinin 11-ci maddəsinin tələbinə görə cavabdeh 10 aprel 2022-ci il tarixdə mənzili alıcının sahibliyinə verməli idi. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Nümayəndə əlavə etdi ki, əslində həmin evi o iddiaçıya satmaq fikiri olmamışdır. Belə ki, o iddiaçıdan faizlə borc pul almış və onun müqavilində evin girov qoyulmasını ona demişlər. O isə notariat ofisinə evi girov qoymaq üçün getmiş, lakin onu aldadaraq evi alqı-satqı etmişlər, yəni cavabdeh evi pul alaraq satmamışdır, ev, faizə verilmiş girov qismində əldə edilmişdir. Bu alqı-satqı etibarlı əqd kimi qiymətləndirilə bilməz. Məhkəmə, proses iştirakçılarını dinləyib, eləcə də, işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanındakı 32 saylı mənzil xx.xx.2018-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanındakı 32 saylı mənzili İddiaçı 60000 (altmış min) manata satmışdır. Vəsaiti notariusun depozit hesabından Nümayəndə həmin tarixdə çeki imzalamaqla çıxarmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********3 qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanındakı 32 saylı mənzil xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanındakı 32 saylı mənzili iddiaçı dəyərini tam ödəməklə almışdır. Əmlak reyestrdən çıxarışa əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Alqı-satqı müqaviləsindən qabaq evdə evin əvvəlki sakini Cavabdeh qızının yaşaması davam etmişdir. Sözü gedən yaşayış evinə dair mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışı iddiaçı aldıqdan sonra cavabdehdən mülkiyyətində olan evi tərk etməklərini tələb etsə də, cavabdeh həmin mənzili tərk etməkdən imtina etmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətimdəki Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə, 1 ünvanında yerləşən yaşayış binasının 32 saylı mənzilinin boşaldılaraq ona təhvil verilməsinin Cavabdeh həvalə olunması qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə yaşaması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdeh maneçilik törədir. Bu isə qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır. Cavabdehin iddiaçının evində yaşaması və əmlaklarını burada yerləşdirməsi qanunla onun öz mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də cavabdeh, evin əvvəlki sakini kimi iddiaçıya məxsus evdə yaşamaq hüquqlarını itirdiyindən mənzil boşaldılaraq ona təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə cavabdehin izahatında göstərlənləri qəbul etməyərək qeyd edir ki, cavabdehin nümayəndəsi notariat ofisində iddiaçı ilə etibarnamə əsasında alqı-satqı edərkən ona alqı- satqının mahiyyəti və onun hüquq və vəzifələri izah olunmuş və bundan sonra alqı-satqıya imza etmişdir. Ona görə də məhkəmə cavabdehin dəlillərini özünü müdafiə kimi qiymətləndirərək əsaslı hesab etmir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verib, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ əsas hüquq olduğundan iddia tələbi təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə, 1 ünvanında yerləşən yaşayış binasının 32 saylı mənzili boşaldılaraq iddiaçıya təhvil verilməsi Cavabdeh həvalə olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə, 1 ünvanında yerləşən yaşayış binasının 32 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi Cavabdeh həvalə olunsun. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar