Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-322/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3635,95 manat borc və ödənilmiş 56,75 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00188 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə ümumilikdə 3802,11 manat borcu vardır, lakin iddiaçı olaraq Səhmdar Cəmiyyət cavabdehdən 2015-ci ildən sonrakı borcu, yəni 3635,95 manat borcu tələb edir. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 3635,95 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə görə (müdafiə üçün məhkəməyə müraciət etmək hüququ) bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, borcu qəbul etmir. Belə ki, o, hər ay 30 manat işıq pulu ödəyir və onun bu qədər elektrik enerjisi sərf etməsi mümkün deyildir. Bununla bağlı "xxxx" ASC-yə müraciət etsə də, "xxxx" ASC-nin əməkdaşları ona başqa adamın sayğacının qoyulduğu üçün borcun ona yazıldığını bildirmişlər. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Həmçinin o, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz və məhkəmə prosesində ağlabatan müddətə baxılsın. O ailəlidir, 3 övladı var. Özü sürücü işləyərək 12 nəfərdən ibarət ailəyə baxır. Belə çətin bir vaxtda, hər şeyin yüksək qiymətinə olduğu bir vaxtda dolanışıq çox çətindir. Bir tərəfdən də işıq idarəsi ona son 7 ilin 3600 manat həddində debitor borcu yazmışdır. Onun bu borcu ödəməyə heç bir imkanı yoxdur. Borcun yaranmasının səbəbkarı isə o deyildir. Hər dəfə işıq idarəsindən gələndə onlardan pul alıb gedirdilər. İndi isə artıq kart sisteminə keçmişlər və belə bir borc yarana bilməz. "xxxx" ASC-nin ona 7 illik debitor borcu yazmağa səlahiyyəti yoxdur. Odur ki, ona yazılmış debitor borcun son 3 ilinin hesablanmasını məhkəmədən xahiş edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abunə haqqında cədvəldən görünür ki, **********00188 saylı abunə kodu üzrə sərf olunan elektirik enerjisinə görə abonentin 3635,95 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hərəkət cədvəlindən görünür ki, **********00188 saylı abunə kodu üzrə sərf olunan elektirik enerjisinə görə abonent 2015-ci ildən 2022-ci il tarixədək 2015-ci il üzrə 1021,40 manat, 2016-cı il üzrə 411,08 manat, 2017-ci il üzrə 511,62 manat, 2018-ci il üzrə 310,08 manat, 2019-cu il üzrə 1621,23 manat, 2020-ci il üzrə 672,67 manat borc, 2021-ci il üzrə 630,30 manat, 2022-ci il üzrə 631,68 manat borcu olmuş və 2015-ci ildə ödəniş etməmiş, 2016-cı ildə 20 manat, 2017-ci ildə 70 manat, 2018-ci ildə 100 manat, 2019-cu ildə 50 manat, 2020-ci ildə 50 manat, 2021-ci ildə 355 manat, 2022-ci ildə 120 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Abşeron Rayon İHB-nın Qobu Qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 594390 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Pərixanım Novruzəli qızı 21 mart 2013-cü ildə ölmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC tərəfindən quraşdırılmış abunə kodu **********00188 olan sayğac Pərixanım Novruzəli qızının adına olmuş, lakin Pərixanım Novruzəli qızı 21 mart 2013-cü ildə dünyasını dəyişmişdir. Daha sonra Cavabdeh ilə "xxxx" ASC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hərəkət cədvəlinə əsasən, **********00188 saylı abunə kodu üzrə sərf olunan elektirik enerjisinə görə abonentin 2022-ci il tarixində 120 manat məbləğində ödəniş etdiyi göstərilmişdir. Lakin xx.xx.2023-cü il tarixli abunə haqqında cədvəldən göründüyü kimi, abonent 2022-ci ilin 06 avqust 2022-ci il tarixinə,yəni iddiaçı təşkilatın məhkəməyə iddia qaldırdığı günədək ümumilkdə 160 manat məbləğində ödəniş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia müddəti tətbiq edilməklə 2015-2019-cu illər üzrə tələb olunan borc məbləğinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə istinad edərək, hesab edir ki, 2015-2019-cu illərdə yaranmış borc üzrə tələb hüququ iddiaçı təşkilat tərəfindən ötürülmüşdür. Bu səbəbdən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi təmin edilməli, 2015ci ildən 2019-cu ilədək olan borc silinməlidir. Odur ki, **********00188 saylı abunə kodu üzrə sərf olunan elektirik enerjisinə görə abonentin 2020-ci il üzrə 672,67 manat borc, 2021-ci il üzrə 630,30 manat, 2022-ci il üzrə 631,68 manat olmaqla, cəmi 1934,65 manat borcu olduğundan və 2020-ci ildə 50 manat, 2021-ci ildə 355 manat, 2022-ci ildə 160 manat olmaqla, cəmi 565 manat məbləğində ödəniş etdiyindən, məhkəmə hesab edir ki, 2020-2022-ci illər üzrə olan cəmi 1934,65 manat borcdan 565 manat ödənişlər çıxılmaqla, qalan 1369,65 manat pul cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəll+6əsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə görə (müdafiə üçün məhkəməyə müraciət etmək hüququ) bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddədə isə qeyd edilir ki, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 56,75 manatın iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 21,40 manat məbləği cavabdehdən tutularaq iddiaçı təşkilatın hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1369,65 manat borc və ödənilmiş 21,40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-322/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-322/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver