Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-322/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin onun hesabına sökülməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və 220 manat hüquqi xidmətə görə xərcin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı məxsusdur. Sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seryalı ******* saylı çıxarışla qeydiyyata alınmışdır. Təxminən 2019-cu ildə sahəyə baş çəkən zaman iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən yarımtikili inşa olunduğunu müəyyən etmişdir. İddiaçı cavabdehə torpaq sahəsinə dair sənədləri təqdim edərək sahədə inşa edilmiş yarımtikilinin sökülməsini tələb etmişdir. Lakin cavabdeh haqlı tələbinin icrasından imtina etmişdir. Daha sonra iddiaçı torpaq sahəsinin özbaşına zəbt edilməsi ilə bağlı şikayət ərizəsi ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən şikayəti ilə bağlı 19 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı uzun müddətdir ki, mülkiyyətində olan torpaq sahəsindən cavabdehin tikdirdiyi özbaşına tikili səbəbindən istifadə edə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin onun hesabına sökülməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və 220 manat hüquqi xidmətə görə xərcin cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı məxsusdur və onun xüsusi mülkiyyətindədir. İddiaçıya məxsus torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikili inşa edilmiş və müraciətinə baxmayaraq, qarşı tərəf həmin tikilini sökməmişdir. Bu səbəbdən də iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, İddiaçı iddia tələbini qəbul edir. Mübahisə tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur və onun xüsusi mülkiyyətindədir. İddiaçı tələbində haqlıdır. Həqiqətən də sözügedən tikili onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsində tikilmişdir. Sadəcə onu aldadaraq iddiaçıya məxsus torpaq sahəsini ona saxta sənədlərlə satmışlar. O da həmin torpaq sahəsinin iddiaçıya məxsus olduğundan xəbərsiz olaraq orda tikili inşa etmişdir. Hazırda sözügedən məsələ ilə bağlı istintaqda araşdırma gedir. İstintaqdakı araşdırmanın yekunu ilə bağlı sadəcə onun vaxta ehtiyacı vardır. Bu səbəbdən də məhkəmə tərəfindən ona vaxt verilməsini istəyir. Göstərilənlərə əsasən ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarına əlavə olunan AA 053625 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan tikilinin koordinatları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AA 053625 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 20 iyun 2024-cü il tarixli, 3-16-16/2- 10/3333 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2- 4953/24 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh faktiki istifadəsində olan tikilinin koordinatlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AA 053625 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, sökülməsi tələb edilən tikilinin yerləşdiyi Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli reyestrdən çıxarış tərtib edilmişdir. Həmin çıxarış hazırda qüvvədədir. Cavabdeh inşa etdiyi sökülməsi tələb edilən tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları daxilində yerləşir. Bu fakt iş üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizası nəticəsində alınan mütəxəssis və ekspert rəyləri ilə də təsdiqini tapmışdır. Belə ki, mütəxəssis və ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh tikdiyi sözügedən tikili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AA 053625 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşir. Həmçinin məhkəmə iclasında da cavabdehin etirafedici izahatı ilə də sübut olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki sökülməsi tələb edilən tikili məhz Cavabdeh tərəfindən tikilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, həmçinin işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə olan 0.08 ha torpaq sahəsinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin mübahisəli tikiliyə və altındakı torpaq sahəsinə dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan (tikilidən və altındakı torpaq sahəsindən) istifadəsi qəbuledilməzdir. Cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikili tikməsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında 0.08 ha torpaq sahəsində inşa etdiyi özbaşına tikili cavabdehin öz hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin materiallarından olan mədaxil qəbzindən görünür ki, iddia ərizəsini verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğindəki dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə “220 manat hüquqi xidmətə görə xərcin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci də cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında 0.08 ha torpaq sahəsində inşa etdiyi özbaşına tikili cavabdehin öz hesabına sökülsün. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat və hüquqi yardımın göstərilməsinə görə 220 (iki yüz iyirmi) manat xərc olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-322/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-322/2024
11.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver