Məhkəmə qərarları › İş №e-2(012)-3247/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3247/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3247/2022 11.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Maraqlı şəxs cavabdeh Proqress-2016 MTK-ya qarşı müqavilənin bağlanma tarixinin qeydə alınmasına dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Maraqlı şəxs cavabdeh Proqress-2016 MTK-ya qarşı müqavilənin bağlanma tarixinin qeydə alınmasına dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh2 MTK arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanında yerləşən binanın 3-cü blokunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 133.6 kv.m olan 4 otaqlı 78 saylı mənzilə dair yeni şərtlərlə bağlanmış 204 saylı müqavilənin bağlanma tarixinin “08.01.2017-ci il” kimi qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 305-ci maddəsinin tələblərinə cavab vermədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. 50.1. maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2. maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia ərizəsinin məzmunundan göründüyü kimi, özünün mənafeyi naminə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş Maraqlı şəxs qanunvericiliyin tələblərinə əsasən, “İddiaçı” qismində müraciət etməli olduğu halda, özünü “Maraqlı şəxs” qisminə təqdim etmiş, bununla da iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib iddia ərizəsini qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüquqlarının olması izah olunur. Belə ki, Mülki Prosessual Məcəllənin: 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Maraqlı şəxs cavabdeh Proqress-2016 MTK-ya qarşı müqavilənin bağlanma tarixinin qeydə alınmasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar