Məhkəmə qərarları › İş №e-2(012)-3268/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3268/2024

06.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3268/2024 06.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Zərbəliyeva Leyla Mürşüd qızının katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia qaldıraraq, onun uşaqları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 ünvan 1 ünvanına köçürülmələri, həmçinin mediasiya və məhkəməyə müraciət üçün ödədiyi dövlət rüsumunun - 110 manat məbləğində pulun, hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin nikahı xx.xx.2015-ci il tarixdə rəsmi qaydada qeydiyyata alınmışdır. Bu nikahdan xx.xx.2014-cü il tarixdə X5, xx.xx.2015-ci il tarixdə isə X6 adlı iki uşaq doğulmuşdur. Hazırkı iş üzrə Cavabdeh1 ona qarşı nikahın pozulması tələbi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(074)-92/2024 nömrəli qətnaməsi ilə tərəflər arasınadkı nikahın pozulması, hər iki uşağın ananın himayəsində qalması və cavabdehdən ümumilikdə 380 manat məbləğdə alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Onlar ailə quranda Cavabdeh1 ünvan 2 ünvanında fərdi yaşayış evi olmuşdur. Ailə qurduqları gündən indiyədək həmin evdə yaşayırlar. Hər iki uşaq doğulandan bəri həmin evdə qeydiyyatda olmaqla yaşayır. Uşaqlar həmin ərazi üzrə poliklinikada qeydiyytaındadır və həmin ərazi üzrə məktəbdə oxuyurlar. 2004-cü ildən həmin ev Cavabdeh1 öz mülkiyyətində olmuş, sonradan nikah dövründə, yəni xx.xx.2026-cı il tarixdə birinci nikahdan olan qızı-hazırkı iş üzrə digər Cavabdeh2 rəsmi qaydada bağışlanmışdır. Cavabdeh1 öz qohumlarının təsiri ilə, heç bir səbəb olmadan ondan və uşaqlardan üz döndərmişdir. Bunun nəticəsində ondan boşanıb uşaqları ilə onu bu evdən çölə atmaq fikrinə düşmüşdür. O, Cavabdeh1 ilə ailə qurandan sonra 1 il onun yataq xəstəsi arvadına (əvvəlki nikahda olan) baxıb hər cür qulluğunda durmuşdur. Cavabdeh özü yataq xəstəsi olduğu zamanlarda onun özünə qulluq edib sağaltmışdır. Sonradan cavabdeh bəhanə gətirmişdir ki, guya ona yaxşı baxmamışdır, buna görə də boşanır. Cavabdeh uzun zamandır ki, onlara baxmır, ancaq özü üçün ərzaq və digər lazım olan şeyləri alır. Hətta aldığı meyvə-tərəvəzi sayıb saxlayır ki, birdən onları götürsələr bilsin. Həmin evdə birgə nikahda olan və birgə təsərrüfat aparılan dövrdə əsaslı təmir işləri görülmüşdür. Cavabdeh1 onun saxladığı toyuq-cücəni, mal-heyvanı sataraq o evi təmir etdirmişdir. Hətta qadın olmağıma baxmayaraq tikintitəmir işlərində ustalara, fəhlələrə belə kömək edirdi ki, çox xərc çıxmasın. Bu evdən başqa yaşayış yeri yoxdur. Digər Cavabdeh2 cavabdeh R.Cəfəovun birinci evliliyindən olan qızıdır. O, vaxtilə öz xəstə anasına belə qulluq etmirdi, bəhanələr gətirərək anasına baxmaqdan imtina edirdi. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə3 iştirak etdikləri məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2, habelə iştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə X2 xx.xx.2015-ci il tarixdə nikaha girmişlər və bu nikah Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən 349 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra arvada Cəfərova soyadı verilmişdir. İşdə olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsindəki 0,00252 ha torpaq sahəsində yerləşən 182 saylı fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdən Cavabdeh2 adına qeydə alınmışdır. İşdə olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-92/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasındakı nikahın pozulması, birgə nikahdan doğulmuş iki uşağın ananın himayəsində qalması və cavabdehdən bu uşaqların saxlanılması üçün hər ay cəmi 380 manat məbləğdə alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Abşeron RİHB-nın Aşağı Güzdək qəsəbəsi İƏD üzrə İcra Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı əri və iki uşağı ilə birlikdə Aşağı Güzdək qəsəbəsində qeydiyyatsız yaşayır. İşdə olan DƏDKR PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçmiş Abşeron rayonu X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququna dair 32336 reyestr nömrəli qeydiyyat vəsiqəsi (Abşeron rayonu XDS İK-nin xx.xx.1988-ci il tarixli, 08/08 nömrəli qəran əsasında) 2004-cü ildə verilmişdir. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı tarixli, 4Ə- 1126 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi Cavabdeh2 adına özgəninkiləşdirilmiş, həmin fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İşdən görünür ki, mübahisəli yaşayış sahəsi əvvəllər Cavabdeh1, 2016-cı ildən isə Cavabdeh2 mülkiyyətində olmuşdur. İddiaçı iddia edir ki, mübahisəli yaşayış sahəsində 2015-ci ildən yaşadığından o və azyaşlı uşaqları oraya köçürülməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququna dair 32336 reyestr nömrəli qeydiyyat vəsiqəsi (Abşeron rayonu XDS İK-nin xx.xx.1988-ci il tarixli, 08/08 nömrəli qəran əsasında) 2004cü ildə verilmişdir. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı tarixli, 4Ə-1126 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi Cavabdeh2 adına özgəninkiləşdirilmiş, həmin fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır və hazırda da onun mülkiyyətindədir. İşdən görünür ki, mübahisəli yaşayış sahəsi cavabdehlər arasında imzalanmış xx.xx.2016-cı tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə verilmişdir. Bu əqd hazırda qüvvədədir və mübahisələndirilməmişdir. İddiaçının isə mübahisəli evdən istifadə hüququnun yaranması üçün heç bir hüquqi əsas mövcud deyildir. İddiaçının evin birgə nikah zamanı Cavabdeh2 bağışlanmasına istinad etməsi də onun bu evdən istifadə hüququnun yaranmasına əsas hesab edilə bilməz. Belə ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. Yuxarıda sadalan normalara və işin hallarına əsaslanmaqla məhkəmə hesab edir ki, qeyd edilən ev Cavabdeh2 mülkiyyətində olması səbəbindən və iddiaçının mübahisəli evə dair heç bir hüququ olmadığından onun və uşaqlarının həmin evə köçürülməsi barədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmasına heç bir əsas yoxdur. Eyni zamanda, bu yaşayış sahəsinin onunla keçmiş ərinin birgə nikahı zamanı əldə edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar