Məhkəmə qərarları › İş №e-2(012)-3284/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3284/2022

27.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3284/2022 27.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi ilə, İddiaçı və Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə öz vəzifəsinə bərpa edilməsi, mənəvi ziyan tələbinə dair mülki işə 27 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə öz vəzifəsinə bərpa edilməsi, mənəvi ziyan tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli KÇ 153 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının öz vəzifəsinə bərpa edilməsi, habelə cavabdehdən 25 manat mediasiya xərcinin əvəzinin, həmçinin 215 manat dövlət rüsumunun əvəzinin, o cümlədən ona dəymiş mənəvi zərərə görə 50.000 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixli KQ-69 nömrəli əmr və həmin tarixli əmək müqaviləsi əsasında cavabdeh "xxxx"-də Hüquq Şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Əmək fəaliyyəti dövründə əmək funksiyalarını vicdanla icra etmiş, icra intizamına həmişə riayət etmiş, barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Buna baxmayaraq, cavabdeh müəssisəyə yeni direktor təyin edildikdən sonra o, iddiaçıya tam məlum olmayan səbəblərdən Hüquq Şöbəsinə qarşı qərəzli münasibət həyata keçirməyə başlamışdır. Hüquq Şöbəsinin əməkdaşları olaraq rəhbərə çoxsaylı müraciətlər göndərsələr də, bu yazılı müraciətlərə baxılmamışdır. Bu şəxsi qərəzlik xx.xx.2022-ci il tarixində əmək fəaliyyətinin həyata keçirdiyi məkanda tabəliyində olan əməkdaşa qarşı zor tətbiq edilməsi ilə nəticələnmişdir. Bu faktla bağlı hazırda hüquq mühafizə orqanında araşdırılma aparılmaqdadır. Nəticədə xx.xx.2022-ci il tarixli KÇ 153 nömrəli əmr əsasında şirkətin Hüquq Şöbəsi ləğv edilmiş və Şöbənin əməkdaşı Ceyhun Hətəmov və iddiaçı işdən azad edilmişlər. Bəhs edilən əmr şəxsi düşmənçilik əsasında tamamilə qanunsuz olaraq qəbul edilmiş və onların məlumatı olmadan əmək müqavilələrinə xitam verilmişdir. İşəgötürənə ərizə ilə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixində iddiaçıya əmək kitabçası təqdim edilmişdir. Ərizədə bütün sənədlərin tələb etməyinə baxmayaraq əmək münasibətlərinə dair digər sənədlər ona qərəzli olaraq təqdim edilməmişdir. Medasiya haqqında qanunvericilik aktının tələbinə uyğun olaraq tərəfindən cavabdehə təklif göndərilsə də o, bu təklifə dair münasibət bildirməmişdir. Daha sonra, ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Nəticədə mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/6 nömrəli arayış iddiaçıya təqdim edilmişdir. Beləliklə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən sözügedən qanunvericilik aktlarının tələblərinə riayət edilməmiş və əmək müqaviləsinə şəxsi – qərəzlilik əsasında xitam verilmişdir. İddiaçı elektron sistem vasitəsi ilə verdiyi yazılı izahatda bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsassızdır və bu səbəbdən iddia tələbim təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq dedikdə, kağız üzərində yazılı formada tərtib edilən və işçinin tanış olmaq üçün imza etdiyi və ya poçt vasitəsilə aldığı yazılı sənəd başa düşülür. Cavabdehin təqdim etdiyi sənədlərə əsasən guya onun tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 15 nörməli xəbərdarlığın tərtib edildiyi, habelə bu xəbərdarığın poçt vasitəsilə iddiaçıya göndərildiyi, eyni zamanda şifahi qaydada bu xəbərdarlığın alınmasından iddiaçının imtina etməsi barədə xx.xx.2022-ci il tarixli 18 nömrəli aktın tərtib edildiyi və o cümlədən elektron poçt vasitəsilə iddiaçıya xəbərdarlıq barədə məlumatın verildiyi iddia edilir. İddiaçının bu xəbərdarlığın tərtib edilməsindən və əmək müqaviləsinə bu əsasla xitam verilməsindən ümumiyyətlə məlumatı olmamış və xəbərdarlıq sadəcə "görünüş" naminə hazırlanmışdır. Bununla yanaşı Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Kollegiyasının 2015-ci il 21 sentyabr tarixli Q35-001-15 nömrəli qərarı ilə Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın forması təsdiq edilmişdir. Yazılı izahatın əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışa əsasən iddiaçının xx.xx.2022-ci il tarixindən etibarən ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmaqla yaşadığı təsdiq edilir. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi "Alib Express MMC"-nin xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzindən aydın göründüyü kimi 15 nömrəli xəbərdarlıq xx.xx.2022-ci il tarixində iddiaçının yaşamadığı və qeydiyyatda olmadığı ünvan 2 ünvanına göndərilmişdir. İddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvana cavabdeh tərəfindən hər hansı rəsmi xəbərdarlıq göndərilməmiş və bu baxımdan da iddiaçının işdən çıxarılması barədə məlumatı olmamışdır. Halbuki iş üzrə digər sənədlər - xx.xx.2022-ci il tarixli 80 nömrəli məktub və əmək müqaviləsinə xitam əmri iddiaçın məhz rəsmi qeydiyyatda olduğu və yaşadığı ünvan 3 ünvanına göndərilmişdir. Bu səbəbdən rəsmi xəbərdarlığın poçt vasitəsilə çatdırılması barədə cavabdehin dəlilləri tamamilə əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli xxxxxxx0000115 nömrəli "Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi" də təqdim edilmişdir. Bu bildirişin cavabdeh tərəfindən təqdim edilməsində məqsəd ədalət mühakiməsinin istiqamətinə çaşdırıcı təsir etmək və məhkəməni iddiaçının ünvanı barədə məlumatın bu bildiriş vasitəsilə əldə edilməsinə inandırmaqdır. Lakin bu sənəddəki ünvan rəsmi xəbərdarlığın göndərilməsi üçün əsas ola bilməz. Bu ilk növbədə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbinə uyğun deyil və bu bildiriş yaşayış yeri barədə məlumatı təsdiq edən sənəd kimi çıxış edə və ya belə sənədi əvəz edə bilməz. İkincisi, bu bildirişdə işəgötürənin səlahiyyətlərini icra edən şəxs olaraq Xəlilzadə Günayın adının və rekvizitlərinin qeyd edildiyini, habelə işçi barədə məlumat bölməsində şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi hissəsində AA qeydinin ardıcıl olaraq iki dəfə əks etdirildiyini açıq görmək mümkündür ki, bu da sistemdə xətanın olduğunu və bu bildirişin səhv məlumatları özündə əks etdirdiyini təsdiq edir. Rəsmi xəbərdarlığın poçtla göndərildiyi iddia edilən tarixin xx.xx.2022-ci il olmasına baxmayaraq bu bildiriş xx.xx.2022-ci il tarixində çap edilmişdir. Müddət baxımından da bu bildirişə sübut qismində istinad edilməsi mümkün deyildir. Bununla yanaşı həm də qeyd edir ki, "Alib Express MMC"-nin xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzinin özü saxta olaraq hazırlanmışdır. Belə ki, sənədlərin saxtalaşdırılması barədə hüquq mühafizə orqanlarına etdiyi şikayət nəticəsində poçt qəbzində kuryer 1 olaraq qeyd edilmiş poçt əməkdaşı X3 polis orqanı tərəfindən saxlanılmış və izahatı alınmışdır. İzahatda o, kuryer 1 olaraq yalnız məktubu götürmək vəzifəsini icra etdiyini və məktubun çatdırılmasının isə kuryer 2 tərəfindən icra edilməli olduğunu bildirmişdir. Aparılan araşdırma zamanı bu poçtun ümumiyyətlə çatdırılmadığı müəyyən edilmişdir. Poçt qəbzinin üzərində "imtina etdi" qeydinin ümumiyyətlə kimə məxsus olması isə istintaqla araşdırılır. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "Alib Express MMC"-nin xx.xx.2022-ci il tarixli aktı imzalamış Ruslan Məmmədov həmin şirkətin qanuni təmsilçisi deyil və onun akt vermək üçün hər hansı səlahiyyətə malik olması barədə sənədi yoxdur. Digər tərəfdən həmin aktda məhz iddiaçının məktubun qəbulundan imtina etməsi halı qeyd edilir ki, bu da öz növbəsində iddiaçının qeydiyyat (yaşayış) ünvanının məktubda qeyd edilən ünvandan fərqli olması səbəbindən belə bir imtinanın məhz iddiaçı tərəfindən edilməsi fiziki olaraq da mümkün deyildir. Bununla yanaşı məktubun çatdırıldığı və ondan imtina edildiyi tarix və saat barədə nə poçt qəbzində, nə də xx.xx.2022-ci il tarixli aktında hər hansı məlumat qeyd edilməmişdir ki, bu da bu saxta sənədlərin görünüş naminə tərtib edildiyini bir daha sübut edir. Bu baxımdan xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzi və xx.xx.2022-ci il tarixli akt MPM-nin 76.3-cü maddəsi baxımından sübut qismində qəbul edilə bilməz. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 18 nömrəli akta əsasən şirkətin X13, X9 müdiri Xəyal Məmmədov və şirkətin əməkdaşı Xəlilzadə Günay tərəfindən iddiaçıya xəbərdarlığın edildiyi, lakin onun bu xəbərdarlığı almaqdan imtina etdiyi öz əksini tapır. Bu akt tamamilə əsassız sübutdur və iddiaçıya əmək qanunvericiliyinin tələbinə uyğun şəkildə rəsmi xəbərdarlıq edildiyini təsdiq edə bilməz. Belə ki, ilk öncə aktın məzmununda da qeyd edildiyi kimi bu akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. Bu akt hüquqi baxımdan sübuti əhəmiyyəti olmayan qeyri-müəyyən sənəddir. Aktda iddiaçının xəbərdarlıq edildiyi və onun üçün bu xəbərdarlığın hüquqi nəticələr yaratdığı əks etdirilsə də, onun belə bir aktın tərtibindən ümumiyyətlə məlumatı olmamış, akt onun iştirakı olmadan tərtib edilmiş, aktın məzmununda onun adı qeyd edilsə də imzalayan şəxslər sırasında onun adı əlavə edilməmiş, bu aktı imzalamaq üçün ona aktda müvafiq sahə ayrılmamış, bu aktla onu heç sonradan da tanış edilməmiş və aktın surəti ona rəsmi qaydada təqdim edilməmişdir. Belə olan halda bu akt xx.xx.2022-ci il tarixdə deyil, istənilən tarixdə və istənilən yerdə tərtib edilə bilərdi. Bu qaydada hazırlanmış sənədin iddiaçı üçün hər hansı hüquqi nəticəsinin olması və bu aktın ona rəsmi xəbərdarlıq edilməsi kimi qiymətləndirilməsi nəinki hüquqi təməl prinsiplərinə, hətta sağlam məntiqə də uyğun deyildir. Bu aktın ümumiyyətlə sübut qismində qiymətləndirilməsi mümkün deyildir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş email yazışmasına münasibətdə qeyd etmişdir ki, iddiaçıya ümumiyyətlə belə elektron poçt göndərilməmişdir. Bu elektron poçt yazışması cavabdeh tərəfindən saxtalaşdırılmaqla hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Belə ki, Hüquq Şöbəsinin email ünvanlarına qoyulmuş qanunsuz məhdudiyyətlərlə bağlı cavabdehə rəsmi qaydada dəfələrlə yazılı məktub göndərilmişdir. Faktiki olaraq iddiaçıya məxsus mail adresləri cavabdeh tərəfindən bloklanmışdır. Elekron poçt ünvanlarının idarəedilməsi və bu ünvanlara nəzarət edilməsi bilavasitə cavabdehin nəzarətində və səlahiyyətində idi. Bu diskresion imkanından istifadə edərək bu mail yazısını saxta tərtib etməklə məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən biri də məşğulluq orqanına ünvanlanmış xx.xx.2022-ci il tarixli 19 nömrəli məktubdur. Cavabdeh işdən çıxarılma barədə əmrin qanuni olduğunu pərdələmək üçün iddiaçının ixtisar olmağı barədə xx.xx.2022-ci il tarixli 19 nömrəli məktub hazırlamış və bu məktub xx.xx.2022-ci il tarixində 3 saylı Ərazi Məşğulluq Mərkəzinə təqdim edilmiş, habelə bu məktublar Nizami rayon Məşğulluq İdarəsinin Məşğulluq tədbirləri Şöbəsinin mütəxəssisi X7 tərəfindən şəxsən qəbul edilmişdir. İlk növbədə qeyd edək ki, ixtisar ilə bağlı məktub cavabdehə münasibətdə ərazi aidiyyəti olmadan 3 saylı Ərazi Məşğulluq Mərkəzi tərəfindən qəbul edilmişdir. Belə ki, "Engin LTD MMC" (VÖEN **********) 2016-ci ildən etibarən Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsində o cümlədən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində fəaliyyət göstərmiş və hüquqi ünvanı da Nəsimi rayonu olmuşdur. 2022-ci ilin aprel ayından etibarən isə hüquqi ünvanı Abşeron rayonu, Hökməli qəsəbəsi olaraq dəyişdirilmiş və hazırda faktiki olaraq Xətai rayonu, 8 Noyabr prospekti ünvanında fəaliyyət göstərməkdədir. Hətta xx.xx.2022-ci il tarixli 19 nömrəli məktubda şirkətin faktiki fəaliyyət göstərdiyi ərazinin Xətai rayonu olduğu da qeyd edilmişdir. Belə olan halda, ixtisar ilə bağlı rəsmi məktub xx.xx.2022-ci il tarixinə şirkətin hüquqi ünvanı və faktiki fəaliyyət göstərdiyi ərazi aidiyəti üzrə səlahiyyətli qurum hesab edilən 5 saylı Ərazi Məşğulluq Mərkəzinə təqdim edilməli idi. Lakin cavabdeh bu məktubu qanunvericiliyin tələbinə zidd olaraq ərazi aidiyyəti olmayan məşğulluq qurumuna təqdim edildiyini iddia etməklə işdən çıxarılma ilə bağlı sənədləşmənin qanunvericiliyə uyğun aparılmadığını bir daha təsdiq etmiş oldu. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin siyahısına şirkətin X9 müdiri Xəyal Məmmədovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimat və şirkət rəhbərinin xx.xx.2022-ci il tarixli nömrəli 10 nömrəli "Engin LTD MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı” əmri də daxil edilmişdir. Xəyal Məmmədovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimatın məzmunu qeyrimüəyyən və abstrakt ifadələrlə sadəcə görünüş naminə formalaşdırılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 10 nömrəli "Engin LTD” MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı əmrinin qəbul edilməsinə əsas olaraq Xəyal Məmmədovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli 01 nömrəli təqdimat göstərilmişdir. Təqdimat isə əsassız olduğuna görə onun əsasında qəbul edilmiş əmrin qanunsuzluğu da tam təsdiq edilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli nömrəli 10 nömrəli "Engin LTD MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı" əmri ona təqdim edilməmiş və onun belə bir əmrin qəbulundan məlumatı olmamışdır. Bəhs edilən əmr iddiaçının əmək hüquqlarına və qanuni mənafelərinə toxuduğu üçün mütləq qaydada ona təqdim edilməli idi. İddiaçıya qarşı cavabdeh tərəfindən həyata keçirilən qərəzlilik və mobbinq fəaliyyətinə cavab olaraq iddiaçı tərəfindən cavabdehə çoxsaylı yazılı müraciətlər göndərilmişdir. Lakin bu müraciətlərin heç birinə cavabdeh tərəfindən baxılmamış, onlara cavab verilməmiş və qərəzlilik fəaliyyətinə son qoyulmamışdır. xx.xx.2022-ci il tarixində Hüquq Şöbəsinə qarşı göstərilən qərəzlilik və qanunsuzluq münasibəti ən ifrat dərəcəyə yüksəlmiş və Şöbənin əməkdaşı X1 əlindən iradəsinin ziddinə alınmışdır. Bu hadisədən sonra qanunvericiliklə müəyyən edilmiş hüquqdan istifadə edilərək iddiaçı tərəfindən AR ƏƏSMN-nə də müraciət ünvanlanmışdır. Müraciət zamanı cavabdeh tərəfindən Hüquq Şöbəsinə qarşı qərəzlilik və mobbinq fəaliyyətinin keçirildiyi araşdırma aparan vəzifəli şəxslərin diqqətinə çatdırılmışdır. Müraciətimlə bağlı dəvət əsasında xx.xx.2022-ci il tarixində X6 Bakı şəhər İdarəsində qəbul edilmiş və həmin tarixdə yazılı izahat təqdim edilmişdir. Lakin xx.xx.2022-ci il tarixində qanunsuz işdən çıxarılma ilə bağlı əmr verildiyi üçün öz əhəmiyyətini itirən bu şikayətim üzrə icraata xitam verilmiş və qanunsuz işdən çıxarılma ilə bağlı məsələnin araşdırılmasına başlanılmışdır. Bununla yanaşı Hüquq Şöbəsinə qarşı cavabdeh tərəfindən həyata keçirilən qərəzlilik fəaliyyətinə son qoyulması məqsədilə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təkbaşına tətil etmək hüququndan da istifadə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıya onun Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işdən azad edilməsi ilə bağlı vaxtında xəbərdarlıq edilmiş, onun qeydiyyatda olub yaşadığı Sumqayıt şəhəri, məhəllə 20, ev 20/29, mənzil 17 ünvanına məktub göndərilmiş, işdən çıxmaq barədə əmrin surətini imzalamaq və əmək kitabçasını təhvil almaq məqsədi ilə Şirkətə yaxınlaşması bildirilmiş, həmçinin bu barədə onun elektron kabinetinə məlumat yerləşdirilmişdir. İddiaçıya ştatın ləğv edilməsi barədə əmr verilmiş, daha sonra Şirkətin Hüquq şöbəsinin rəhbəri vəzifəsinin 28 mart 2022-ci il tarixdən ləğvi barədə xəbərdarlı təqdim edilmiş, lakin iddiaçı xəbərdarlıq ilə tanış olmaqdan imtina etmiş və sənədin onun qeydiyyatda olduğu ünvana göndərilməsini qeyd etmiş və bu barədə akt tərtib edilmişdir. İddiaçı onun işdən azad edilməsi ilə bağlı məlumatlı olmuşdur. Sonradan aydın olmuşdur ki, iddiaçının ünvanı ünvan 1-dur. Həmin ünvana da onun işdən azad edilməsi ilə bağlı məlumat göndərilmişdir, lakin məktubun çatdırılması mümkün olmamışdır, bu barədə akt tərtib edilmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materialları ilə birgə tədqiq edərək, işdə olan sübutları araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki işin materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli Əmək Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də Hüquq şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 12 ay müddətinə bağlanmışdır. İşçi xx.xx.2015-ci il tarixindən işə başlayır. Mülki işin materiallarında olan ******* №-li Əmək Kitabçasının təsdiq olunmuş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Cavabdeh MMC-də hüquqşünas vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə Cavabdeh MMC-də Hüquq şöbəsinin rəhbəri vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmişdir. Mülki iş materiallarında olan Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olan İddiaçı Cavabdeh MMC-də xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi əsasında Hüquq şöbəsinin rəhbəri vəzifəsinə qəbul edilmiş, bildiriş sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Mülki iş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli Cavabdeh MMC-də struktur dəyişiklikləri ilə bağlı təqdimatdan görünür ki, Cavabdehndə idarəetmənin təkmilləşdirilməsi, əmək funksiyaları bölgüsünün restrukturizasiyası, daha çevik və rəqabətə davamlı komandanın formalaşdırılması, iş prosesində meydana çıxan məsələlərə peşəkar yanaşmanın tətbiq edilməsi və maliyyə xərclərinə qənaət istiqamətində hüquq xidmətinin peşəkar qaydada müqavilə əsasında üçüncü tərəflərdən əldə edilməsi struktur dəyişikliklərini labüd edərək müəyyən işçilərin sayı və ştatlarının ixtisar edilməsini zəruri edir. Bununla əlaqədar şirkətdə mövcud olan Hüquq şöbəsinin rəhbəri və hüquqşünas ştat vahidlərinin 28 mart 2022-ci il tarixdən ləğv edilməsini məqsədəuyğun hesab edilmişdir. Mülki iş materiallarına əlavə olunan Cavabdeh MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 10 nömrəli əmrin surətindən görünür ki, 1. Cavabdeh MMC-də Hüquq şöbəsinin rəhbəri və hüquqşünas ştatlarının ixtisar edilməsi ilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulan prosedur hərəkətlərə başlanılması, 3. Xəbərdarlıq müddəti ərzində əmək haqları saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə, hübelə iş ahəngini pozmamaq şərti hər iş həftəsinin fərqli iş günləri olmaqla iki iş günü ərzində X10 və İddiaçı əmək funksiyalarının icrasından azad edilməsi əmr edilmişdir. Mülki iş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatların ixtisar edildikdə) əsasən xitam verilmişdir. Bildiriş sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə KÇ 153 nömrəli əmrdən görünür ki, Cavabdehndə hüquq şöbəsinin rəhbəri vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən 04 aprel 2022-ci il tarixdən ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3cü bəndinə uyğun olaraq (beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında) işdənçıxarma müavinəti ödənilməsi əmr edilmişdir. Mülki iş materiallarına əlavə olunan Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Nizami rayon Məşğulluq Mərkəzinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür, ixtisar olunacaq Hüquq şöbəsinin rəhbəri vəzifəsində İddiaçı çalışır, ixtisasca o Hüquqşünaslıq üzrə bakalavr dərəcəsinə malikdir, onun aylıq əmək haqqı 4865,37 manatdır. Mülki iş materiallarına əlavə olunan İddiaçı göndərilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, razı olduğu halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və 77-ci maddəsinin 4-cü bəndinin tələblərinə uyğun olaraq, xəbərdarlıq müddəti əvəzinə istinad edilmiş qanunvericiliklə nəzərdə tutulmuş ödənişi bir dəfəyə ödəməklə, onunla bağlanmış Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xəbərdarlıq aldığı və razılıq verdiyi gün ləğv ediləcəkdir. Mülki iş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 07 fevral 2022-ci il tarixində İddiaçı Şirkətdə Hüquq şöbəsinin rəhbəri ştatının ləğv edilməsi barədə əmr verildiyi bildirilmiş, daha sonra Şirkətdə Hüquq şöbəsini rəhbəri vəzifəsinin 28 mart 2022-ci il tarixindən ləğvi barədə Xəbərdarlıq təqdim edilmiş ancaq Məmmədov X4 ilə tanış olmaqdan imtina etmişdir və sənədin onun qeydiyyat ünvanına göndərilməsini qeyd etmişdir. ALİB Express tərəfindən verilmiş qaimədən və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixində 131412 saylı qaimə ilə Sumqayıt şəhəri, məhəllə 20, ev 20/29, mənzil 17 ünvanında qeydiyyatda olan İddiaçı İddiaçı məktubun göndərilməsi sifariş edilmiş, qeyd olunmuş məktubu qəbul etməkdən imtina etdiyi səbəbindən məktub geri qaytarılmışdır. Mülki iş materiallarına əlavə olunan “İşdənçıxarma müavinətinin ödənilməsi barədə” əmrdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbini təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixində Cavabdeh MMC-də Hüquq şöbəsinin rəhbəri vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq (beş ildən on ilədək stajı olduqda – orta aylıq əmək haqqının 1,7 misli miqdarında) 8803 AZN məbləğində işdənçıxarma müavinəti ödənilməsi əmr edilmişdir. Mülki iş materiallarına əlavə olunan 04 aprel 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh X13 və X9 müdiri Xəyal Məmmədov bu Aktı tərtib etmişlər ona görə ki, xx.xx.2022-ci il tarixdə İddiaçı iş yerini tərk edərkən şirkətin girişində ona yaxınlaşaraq bugün işdə olduğundan səhhəti ilə maraqlanmışlar. İddiaçı xəstə olmadığını, lakin digər işləri olduğu üçün ofisi tərk edəcəyini bildirdi. Bundan sonra tutduğu vəzifənin ixtisar olunduğu bir daha diqqətinə çatdırılaraq işdən azad edilməklə bağlı Əmri qəbul etməsi üçün təqdim edildi. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Əmri qəbul etməkdən imtina edərək rəsmi şəkildə ev ünvanına göndərilməsini tələb etdi. Həmçinin İddiaçı əmək haqqı kartının dəyişildiyini, yaxınlaşıb kartı təhvil alması, o cümlədən şirkətin müəlkiyyətində olan və sonuncunun xidməti istifadəsinə verilən komputeri təhvil verməli olduğu nəzərinə çatdırılmasına baxmayaraq neqativ reaksiya bildirərək ünsiyyət qurmaqdan imtina etdi və liftə yaxınlaşaraq iş yerini tərk etmişdir. Həmin vaxt şirkətin foyesində Qədimova Günel ilqar qızı (referent), X11 (Satış nümayəndəsi) və X8 (Sürücü) qeyd edilən hadisənin şahidi oldular. Mülki iş materiallarına əlavə olunan 04 aprel 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2022 il tarixində 137032 saylı ilə Sumqayıt şəh. məh 20\29, mən 17 ünvanında qeydiyyatda olan İddiaçı məktubun göndərilməsi sifariş edilmişdir. Qeyd olunan ünvana xx.xx.2022-ci il saat 19:25 tarixində yaxınlaşmış, kuryer dəfələrlə qapını döyməsinə baxmayaraq ünvandan cavab verən olmamışdır. Bundan öncə də bu ünvana dəfələrlə yaxınlaşılmış və həmin ünvandan səslər gəlsə də, işıqlar yansa belə ünvandan cavab verən olmamış və şəxslə əlaqə qurmaq mümkün olmadığı səbəbindən məktub geri qaytarılmışdır. Mülki iş materiallarına əlavə olunan 04 aprel 2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə uyğun olaraq işdən azad edilməsi. işdən azad edilməsi ilə bağlı işdən çıxma haqqında əmrin surətini imzalamaq və əmək kitabçasını təhvil almaq məqsədilə Şirkətin inzibati binasına yaxınlaşmağı xahiş olunmuşdur. Mülki iş materiallarına əlavə olunan İddiaçı tərəfindən "xxxx" MMC-yə edilmiş tətil keçiriləcəyi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Hüquq Şöbəsinin fəaliyyətinin qanunsuz olaraq məhdudlaşdırılması və qərəzlilik fəaliyyətinə son qoyulması barədə Şöbə tərəfindən Sizə çoxsaylı yazılı müraciətlər göndərilmişdir. Lakin bu müraciətlərin heç birinə yazılı cavab verilməmiş və məhdudiyyətlər aradan qaldırılmamışdır. Elektron poçt yazışmalarının məhdudlaşdırılması, tərəfindən təqdim edilmiş sənədlərin imzalanmaması, əmək funksiyalarının icrasına qanunsuz müdaxilə, diskriminasiya və digər hallar fərdi əmək mübahisəsinin yaranmasına gətirib çıxarmışdır. Bu qanunsuz halların aradan qaldırılması məqsədilə əmək qanunvericiliyinə uyğun olaraq tətil keçirmək hüququndan istifadə etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən yaranmış əmək mübahisəsinin həlli məqsədilə xx.xx.2022-ci il tarixindən etibarən 10 iş günü müddətində təkbaşına tətil edəcəyi və əmək funksiyamın icrasını dayandıracağı barədə "xxxx" MMC-yə xəbərdarlıq edir və əmək mübahisəsinin həlli məqsədilə pozuntuların aradan qaldırılmasını yenidən xahiş edir. Mülki iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki iş materiallarına əlavə olunan xx.xx.2022-xx.xx.2022-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabına 18625.07 manat pul daxil edilmişdir. Mülki iş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş Təhvil-təslim aktından görünür ki, İddiaçı həqiqətən kartı və şəxsi məlumatı olduğu zərfi həmin tarixdə təhvil almışdır. Mülki iş materiallarına əlavə olunan İddiaçı tərəfindən 2022-ci ilin fevral ayının əvəllərindən başlayaraq "xxxx" MMC-yə ünvanlanmış bir sıra ərizələrində MMC-nin fəaliyyəti ilə bağlı narazılıqlar ifadə olunmuşdur. Həmçinin, xx.xx.2022-ci il tarixli qərəzliliyə son qoyulması barədə təqdimatda qeyd etmişdir ki, “Məlumat üçün qeyd edək ki, Sizin direktor olduğunuz müddətdən etibarən Hüquq Şöbəsinin funksiyaları əsassız olaraq tədricən məhdudlaşdırılmağa başlanılmışdır. Xüsusilə keçmiş direktorun zamanında şirkət kassasından nağd qaydada alınan ödənişlər Hüquq Şöbəsinin məlumatı və razılığı olmadan hər hansı şirkət əməkdaşına təhvil verilmirdi. Şirkətin maliyyə intizamının möhkəmləşdirilməsinə xidmət edən bu nəzarət funksiyası Siz direktor olduğunuz vaxtdan etibarən aradan qaldırılmışdı. Bu funksiya korrupsiya və mənimsəmə hallarına yol verən şirkət əməkdaşlarının mənafeyinə zidd idi. Bu səbəbdən onların təkidi və Sizin tapşırığınız ilə bu nəzarət sistemi ləğv edildi. Təəccüb doğuran məsələ bu nəzarət funskiyasının məhz Sizin tərəfinizdən ləğv edilməsi idi. Çünki digər əməkdaşların bu nəzarətdən yayınmağa cəhd etməsi başa düşülən idi, amma Siz şirkətin mənafeyini düşünməli olan şəxs kimi bu nəzarət sisteminin saxlanılmasında maraqlı olmalı idiniz. Bu səbəbdən bu mexanizmin Sizin tərəfinizdən ləğv edilmə səbəbi barədə müəyyən əsaslı ehtimallara sahib olmuşuq...Nəticədə 2022-ci ilin yanvar ayından etibarən Hüquq Şöbəsinə qarşı Sizin şəxsi düşmənçilik və qərəzlilik fəaliyyətiniz ən yüksək dərəcəyə çatmışdır. Belə ki, bütün şirkət əməkdaşlarına Hüquq Şöbəsi ilə əlaqələrin dayandırılması barədə şifahi tapşırıq vermisiniz. Belə fəaliyyətin tamamilə qanunsuz olduğunu bəyan edir və diskriminasiya hərəkətlərinə son qoyulmasını Sizdən xahiş edirik”. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli Əmək Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də Hüquq şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 12 ay müddətinə bağlanmış, həmin əmək müqaviləsi əsasında iddiaçı müqavilə üzrə öhdəliklərini icra etmiş, İddiaçı xx.xx.2011-ci il tarixdə Cavabdeh MMC-də hüquqşünas vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə Cavabdeh MMC-də Hüquq şöbəsinin rəhbəri vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli Cavabdeh MMC-də struktur dəyişiklikləri ilə bağlı təqdimatla Cavabdehndə idarəetmənin təkmilləşdirilməsi, əmək funksiyaları bölgüsünün restrukturizasiyası, daha çevik və rəqabətə davamlı komandanın formalaşdırılması, iş prosesində meydana çıxan məsələlərə peşəkar yanaşmanın tətbiq edilməsi və maliyyə xərclərinə qənaət istiqamətində hüquq xidmətinin peşəkar qaydada müqavilə əsasında üçüncü tərəflərdən əldə edilməsi struktur dəyişikliklərini labüd edərək müəyyən işçilərin sayı və ştatlarının ixtisar edilməsini zəruri edir. Bununla əlaqədar şirkətdə mövcud olan Hüquq şöbəsinin rəhbəri və hüquqşünas ştat vahidlərinin 28 mart 2022-ci il tarixdən ləğv edilməsini məqsədəuyğun hesab edilmiş, Cavabdeh MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 10 nömrəli əmrlə 1. Cavabdeh MMC-də Hüquq şöbəsinin rəhbəri və hüquqşünas ştatlarının ixtisar edilməsi ilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulan prosedur hərəkətlərə başlanılması, 3. Xəbərdarlıq müddəti ərzində əmək haqları saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə, hübelə iş ahəngini pozmamaq şərti hər iş həftəsinin fərqli iş günləri olmaqla iki iş günü ərzində X10 və İddiaçı əmək funksiyalarının icrasından azad edilməsi əmr edilmişdir. Bundan sonra, cavabdeh tərəfindən İddiaçı göndərilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, razı olduğu halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və 77-ci maddəsinin 4-cü bəndinin tələblərinə uyğun olaraq, xəbərdarlıq müddəti əvəzinə istinad edilmiş qanunvericiliklə nəzərdə tutulmuş ödənişi bir dəfəyə ödəməklə, onunla bağlanmış Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xəbərdarlıq aldığı və razılıq verdiyi gün ləğv edilməsi bildirilmiş, bildiriş onun qeydiyyatda olduğu ünvan üzrə ünvan 12 tərəfindən verilmiş qaimədən və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixində 131412 saylı qaimə ilə Sumqayıt şəhəri, məhəllə 20, ev 20/29, mənzil 17 ünvanında qeydiyyatda olan İddiaçı məktubun göndərilməsi sifariş edilmiş, qeyd olunmuş məktubu qəbul etməkdən imtina etdiyi səbəbindən məktub geri qaytarılmışdır. Bununla belə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 07 fevral 2022-ci il tarixində İddiaçı Şirkətdə Hüquq şöbəsinin rəhbəri ştatının ləğv edilməsi barədə əmr verildiyi bildirilmiş, daha sonra Şirkətdə Hüquq şöbəsini rəhbəri vəzifəsinin 28 mart 2022-ci il tarixindən ləğvi barədə Xəbərdarlıq təqdim edilmiş ancaq Məmmədov X4 ilə tanış olmaqdan imtina etmişdir və sənədin onun qeydiyyat ünvanına göndərilməsini qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 296.5. maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin yuxarıda qeyd edilən müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, iddia tələbinin xx.xx.2022-ci il tarixli nömrəli 10 nömrəli "Engin LTD MMC-də bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı" əmri ilə bağlı onun məlumatının olmaması barədə dəlili işin müəyyən edilən halları ilə təsdiq olunmadığından əsassızdır. Məhkəməyə bu nəticəyə gələrkən iddiaçının məhz 2022-ci ilin fevral ayından başlayaraq cavabdehə ünvanlanan onun fəaliyyəti ilə bağlı narazılıq məktublarını, xüsusi ilə xx.xx.2022-ci il tarixli qərəzliliyə son qoyulması barədə təqdimatını qeyd etmək olar hansı ki, iddiaçı yuxarıda qeyd edilən həmin təqdimatda iddiaçı cavabdeh tərəfindən şirkətin hüquq şöbəsinin ləğv edilməsindən məlumatlı olmasını etiraf edirdi. Məhz bu hal özü də, MMC-nin hüquq şöbəsinin ixtisar olunması barədə iddiaçının məlumatlı olmasını təsdiq etdiyindən iddiaçının əmrin ləğvi barədə dəlilləri əsassız hesab edilib təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, əmrin ləğv edilməsi ilə bağlı iddia təmin edilmədiyindən bundan törənən digər tələblər də əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə öz vəzifəsinə bərpa edilməsi, mənəvi ziyan tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar