Məhkəmə qərarları › İş №e-2(012)-3381/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3381/2022

12.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3381/2022 12.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsi, 14 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı1 həyat yoldaşı, İddiaçı2 isə atasıdır. İddiaçı1 Cavabdehlə 1992-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan X1 və İddiaçı2 doğulmuşlar. 2000-ci ildə ünvan 1 ünvanında torpaq sahəsi almış və orda fərdi yaşayış evi tikmişlər. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və özbaşına tikilidir. Cavabdehlə və övladları ilə birlikdə 2021-ci ilin avqust ayının əvvəllərinə qədər həmin evdə yaşamışlar. Həmin tarixdə isə Cavabdeh iddiaçıları, o cümlədən qızı Əsmər Əmikişiyevanı və gəlini Ülviyyə Əmikişiyevanı mübahisə predmeti olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evindən çıxarmışdır. Hazırda onların yaşamaq üçün başqa yerdə evləri yoxdur və kirayə ev tutub yaşamağa məcbur olmuşlar. Buna görə də onlar Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinə köçürülməlidirlər. Məhkəmə iclasında iddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi. O bildirdi ki, həqiqətən də mübahisəli evin hüquq müəyyənedici sənədi yoxdur. Onun iddiaçıları evdən çıxarmağına səbəb onların birgə yaşayış qaydalarına əməl etməmələri olmuşdur. Arvadı İddiaçı1 ər kimi onu saymır, ona qulluq göstərmir. Ailə münaqişəsi zəminində oğlu İddiaçı2 onu polisə şikayət etmişdir. Bu səbəblərdən də hazırda onların bir yerdə yaşamaları mümkün deyil. Sonda o, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən mübahisəli evin hüquqmüəyyənedici sənədi yoxdur. Bu, işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı1 cavabdehin arvadı, İddiaçı2 isə oğludur. İddiaçı1 Cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 3 övladları doğulmuşdur. İddiaçı1 cavabdehlə və övladları ilə birlikdə 2021-ci ilin avqust ayının əvvəllərinə qədər ünvan 1 ünvanında yerləşən evdə yaşamışlar. Mübahisəli ev dövlət reyestrində qeydiyyata alınmamışdır və özbaşına tikilidir. Ailədaxili mübahisələr zəminində iddiaçılar həmin evdən çıxarılmışlar. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsi, 14 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh isə bildirir ki, iddiaçılar birgə yaşayış qaydalarını pozduqlarından onlarla bir evdə yaşamaq mümkün deyil, bu səbəbdən də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Təsvir olunanlara və hüquq normalarına əsaslanaraq məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək mübahisə ilə əlaqədar, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcudluğu əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri bilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçıların Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən mübahisəli evə köçürülməsi barədə tələbi əsaslı hesab edilməlidir. Mübahisəli evin hüquqmüəyyənedici sənədləri mövcud olmasa da, həmin ev faktiki olaraq mövcuddur, hazırda yaşayış sahəsi kimi istifadə olunur və həmin evdən yaşayış sahəsi kimi istifadə etmək baxımından tərəflərin hər hansı birinin üstünlük hüququ olmamaqla iddiaçıların da normal şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, nə qədər ki torpaq sahəsi və mübahisəli ev ailənin birgə vəsaiti hesabına əldə edilib, iddiaçılar və cavabdeh bir neçə ildən artıqdır ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıblar, onların həmin tikiliyə münasibətdə iqtisadi maraqları formalaşmışdır. Məhkəmə hesab edir ki, hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçılar da oradan istifadə edə bilərlər, çünki hazırki Mənzil Məcəlləsinin anoloji (istər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış və ya alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları da buna imkan verir. Qeyd olunan Mənzil Məcəlləsinin 30.1, 30.2. 30.3 və 30.4-cü maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Yenə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, tərəflərin bu evin tikintisində iştirakı istisna edilmədiyindən onların bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşıldığında isə həmin mübahisəli evə köçürülməsi barədə İddiaçı1 və İddiaçı2 iddia tələbinin əsaslı olması şübhə doğurmur. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 və İddiaçı2 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən mübahisəli evə köçürülməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İntiqam Dadaşov küçəsi ünvanında yerləşən 14 saylı fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar