Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3383/2024 12.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və ödənilməmiş əmək və məzuniyyət haqqının ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və ödənilməmiş əmək və məzuniyyət haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun xx.xx.2023–ci il tarixli KC 34 saylı əmrlə AR Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul olunmuş əmrin ləğv olunması və ödənilməmiş əmək və məzuniyyət haqqının (itirilmiş əmək haqqının) cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023–ci il tarixli KC 34 saylı əmrlə AR Əmək Məcəlləsinin 70–ci maddəsinin ç bəndi ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsi üçün sadalanan səbəblər tam əsassız olduğundan məhkəmə qaydasında mübahisələndirilir. X2 MMC -yə təhvil verilən ümumi dəyəri, 40703,71 manat təşkil edən məhsulları xx.xx.2023 -cü il, xx.xx.2023–cü il , xx.xx.2023–cü il və xx.xx.2023-cü il tarixlərdə malları qəbul edən şirkətin, Səbail rayonu 20-ci Sahə, Nəsimi rayonu, Masazır qəsəbəsi və Xırdalan şəhərində yerləşən satış nöqtələrindən qanunsuz götürərək Engin LTD MMC-nin anbarına təhvil verməməsi səbəbi ilə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin c bəndində nəzərdə tutulan təqsirli hərəkətləri nəticəsində Engin LTD MMC-yə 40703,71 manat ziyan vurduğu qeyd olunur. Həmçinin cavabdeh tərəfindən barəsində Binəqədi rayon prokurorluğuna şikayət olunmuşdur. Binəqədi rayon Prokurorluğunun 29 oktyabr 2023–cü il tarixli Qərarı ilə cinayət iişinin başlanması rədd olunmuşdur. Cinayət işinin başlanmasının rədd olunması əsası kimi AR CPM–nin 39.1.2–ci maddəsinə əsasən yani əməlimdə cinayət tərkibinin olmaması göstərilmişdir. Əmək Məcəlləsinin 72–ci maddəsinin c bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək vəzifəsinin kobud pozulması kimi qiymətləndirilir. Lakin cavabdeh tərəfindən əmək məcəlləsinin qeyd olunan maddəsi ilə işdən azad edilməyimə dair mənə və həmçinin mediasiya xidmətinə heç bir sübut təqdim edilməmişdir. Sadəcə olaraq heç bir səbəb olmadan və yalnız bəhanələrə istinad edərək barəmdə belə bir əmr verilmişdir. Hesab edirəm cavabdehin hərəkətləri qərəzli və qanunsuz olduğundan barəmdə verilmiş əmr məhkəmə qaydasında ləğv olunmalıdır. Həmçinin və ən əsası tərəfindən cavabdehə heç bir ziyanın vurulmadığı və tərəfindən hər hansısa qanunsuz əməlin törədilmədiyi cinayət işinin başlanmasının rədd olunması barədə Qərarla təsdiq olunmuşdur. Belə olan halda barəsində verilmiş əmrin də qanunsuz olması sübuta yetirilir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən onun xx.xx.2023-ci il tarixli KC 34 saylı əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul olunmuş əmrin ləğv olunması və ödənilməmiş (itirilmiş əmək haqqının) 28 800 manat əmək haqqının və mənəvi ziyana görə 10 000 manat vəsaitin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müddətin tətbiqi ilə bağlı ərizəni qəbul etmir, belə ki, iddiaçı hüquqlarının pozulduğunu prokurorluğun qərarından sonra bilmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, hazırki mübahisə üzrə iddia müddəti ötürülmüşdür. Nümayəndə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi. Əlavə olaraq bildir ki, iddiaçı vəzifə funksiyasına uyğun olmayaraq o malları götürüb. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də ticarət nümayəndəsinin assisenti vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, KÇ-34 saylı əmrin surətindən görünür ki, “ENGİN LTD" ММС/Kommersiya Departamenti/Satış şöbəsi" bölməsində "Aparıcı satış nümayəndəsi" vəzifəsində işləyən İddiaçı Şahin oglu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70 nömrəli maddəsinin "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023 tarixindən xitam verilmiş, işçinin xx.xx.2017 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 0 (sıfır) məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. İddiaçı “əmr ilə tanış oldum, etiraz etmirəm” qeydi aparmaqla, xx.xx.2023-cü il tarxidə əmrlə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 09 nömrəli sərbəst auditor hesabatından (rəyindən) görünür ki, Cavabdeh MMC-də aparıcı satış nümayəndəsi vəzifəsində işləyən İddiaçı işlədiyi dövr araşdırılarkən onun hesabında xx.xx.2023-cü il tarixə 40703,71 manat ehtimal olunan çatışmazlıq müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-də satış təmsilşisi vəzifəsində işləyən İddiaçı Cəmiyyətin rəhbərliyinə yazdığı xx.xx.2023-cü il tarixli izahatında görünür ki, o, işlədiyi dövr ərzində Cəmiyyətə məxsus 40703,71 manatlıq malı rəhbərliyə məlumat vermədən, öz şəxsi istifadəsi üçün götürüb satmış və pulu şirkətə bağlamamışdır. Bu pulun 40 %-ni xx.xx.2023-cü il tarixində mal şəklində şirkətə iadə edəcəyi (geri qaytaracağı) barədə öhdəlik götürmüş,qalan hissənin isə ödənişi üçün ona vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan Binəqədi rayon Prokurorluğunun xx.xx.2023-üi il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39. 1.2-ci maddəsinə əsasan rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 20 oktyabr 2017-ci tarixədək qüvvədə dan redaksiyasında mövcud olan 184-cü maddəyə əsasən aldatma və ya etibardan suiistifadə etmək yolu ilə mülkiyyətçinin və sair sahibinin əmlakına talama əlamətləri olmadan xeyli miqdarda ziyan vurma cinayət məsuliyyəti yaradırdı. İddiaçı əməli Azərbaycan Respublikası CM-nin 20 oktyabr 2017-ci il tarixədək qüvvədə olan redaksiyasında mövcud olan 184-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəlsə də, İddiaçı barəsində həmin maddə cinayət işinin başlanılması həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən istisna edilir. İş materiallarında olan Bakı 14 saylı Mediasiya təşkilatının Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil2 ərizəsindən görünür ki, o, İddiaçı iddia tələbi rədd edilməsi və iddia müddətinin tətbiqi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı xx.xx.2017-ci il tarixli əmrlə Cavabdeh MMC-də ticarət nümayəndəsinin assisenti vəzifəsinə təyin edilmiş və xx.xx.2023-cü il tarixli, KÇ-34 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 72-ci maddədə sadalanan hallar rəhbər tutularaq tutduğu vəzifədən azad edilmişdir. İddiaçı həmin əmrlə xx.xx.2023-cü il tarixdə tanış olmuş, əmrin ləğv edilməsi tələbi ilə bağlı mediasiya təşkilatına xx.xx.2024-cü il tarxidə, məhkəməyə isə xx.xx.2024cü il tarxidə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2 və 3-cü hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İş materiallarından görünür ki, Cavabdeh MMC-də ticarət nümayəndəsinin assisenti vəzifəsində işləyən İddiaçı mal çatışmazlığı müəyyən edilmiş, bununla bağlı onun xx.xx.2023-cü il tarixdə ilkin izahatı alınmışdır. Bu ərizə ilə İddiaçı etiraf etmişdir ki, işlədiyi dövr ərzində Cəmiyyətə məxsus 40703,71 manatlıq malı rəhbərliyə məlumat vermədən, öz şəxsi istifadəsi üçün götürüb satmış və pulu şirkətə bağlamamışdır. Bundan sonra Cəmiyyət ona vurulmuş ziyanın miqdarını müəyyən etmək məqsədilə müstəqil auditor dəvət etmiş və xx.xx.2023-cü il tarixli müstəqil auditor hesabatı ilə Cavabdeh MMC-də ticarət nümayəndəsinin asissenti vəzifəsində işləyən İddiaçı işlədiyi dövr araşdırılarkən onun hesabında 40703,71 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlığı aradan qaldırmadığından Cavabdeh MMC şikayət ərizəsilə müvafiq prokurorluq orqanına müraciət etmiş, Binəqədi rayon prokurorluğunun araşdırılma aparılmış tərəflər barışdığından və dəymiş maddi ziyan ödənildiyindən müvafiq 29 oktyabr 2023-cü il tarixli əməlin cinayət tərkibli olmamasına görə cinayət işinin başlanmamasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı KÇ-34 saylı 24 fevral 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə işdən azad edilmişdir. İddiaçı həmin əmrlə xx.xx.2023-cü il tarixdə tanış olub, nüsxəsini əldə etsə də, əmrin ləğv edilməsi üçün mediasiya təşkilatına xx.xx.2024-cü il tarxidə, məhkəməyə isə xx.xx.2024-cü il tarxidə müraciət etmişdir. Cavabdehin vəkili-nümayəndəsi isə müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəlləsinin 296.4-cü maddəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə materiallardan görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı KÇ-34 saylı 24 fevral 2023-cü il əmrlə məhz həmin gün tanış olmuş, lakin bununla bağlı müdiasiya prosesinə 1 il sonra xx.xx.2024-cü il tarxdə müraciət etmiş, əmri vaxtında mübahisələndirməmişdir. Həmçinin iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Tərəflər arasında əmək münasibətlərinə xitam verilməsi barədə mübahisəli əmrdən iddiaçının xx.xx.2023-cü il tarixdə məlumatlı olması iş materialları ilə təsdiq edildiyindən və bu əmrin ləğv edilməsi barədə iddia qaldırmaq üçün son tarix xx.xx.2023-cü il olduğundan, məhkəmə hesab edir ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni mübahisə üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İş materialları ilə o da müəyyən olunur ki, İddiaçı mediasiya prosesinə belə 1 ay ərzində müraciət etməmişdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də iddia təmin oluna bilməz. Əmrin ləğv edilməsi barədə əsas tələb təmin edilmədiyindən, iddianın ödənilməmiş (itirilmiş əmək haqqının) 28 800 manat əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsi barədə hissəsi də təmin edilə bilməz. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi iddiaçı ödənilməmiş əmək haqqını tələb etməyə görə də iddia müddətini (1 il) ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, əmrin ləğv edilməsi tələbi üzrə iddia müddəti ötdüyü üçün qeyd edilən tələb də təmin edilə bilməz. Həmçinin mənəvi ziyana görə 10000 manat vəsaitin cavabdeh tərəfindən ona ödənilməsi barədə iddia tələbi il bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbinin əsaslılığı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, iş materialları ilə cavabdehin iddiaçıya hər hansı mənəvi zərər vurması görünmür. “Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisə üzrə iddia müddəti ötürüldüyündən İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və ödənilməmiş əmək və məzuniyyət haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və ödənilməmiş əmək və məzuniyyət haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3383/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3383/2024
12.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver