Məhkəmə qərarları › İş №e-2(012)-3415/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3415/2025

18.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3415/2025 18.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən İİİ şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı attestasiya qərarının qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı attestasiya qərarının qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli attestasiya qərarının qanunsuz hesab edilməsi, həmin qərar əsasında qəbul edilmiş 10 aprel 2025-ci il tarixli, 50 nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbində fortopiano müəllimi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə cavabdeh Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi arasında xx.xx.2018-ci tarixdə əmək müqaviləsi bağlanmış və cavabdehin həmin tarixli əmri ilə iddiaçı məktəbdə fortopiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işdə olarkən yıxılaraq xəsarət almış, Sumqayıt Tibb Mərkəzi X7 Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etmişdir. Xəstəxananın təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət edən xəstələrin qeydiyyat kitabından xx.xx.2025-ci il çıxarışa əsasən 1985-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə, saat 12:40-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasının təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət etmiş, sağ dirsək oynağının çıxıq və mil sümüyü boynunun xətti sınığı diaqnozu qoyulmuş, xəstəyə yardım göstərilmiş və ambulator müalicəyə göndərilmişdir. Qeyd olunan diaqnozla iddiaçıya əməliyyat göstərişi olduğundan ona, xx.xx.2024-cü il tarixdə Olimp Hospitalda sağ dirsəkdə kontrakturanın ləğvi cərrahi əməliyyatı icra edilmişdir. Bundan sonra iddiaçı 1 ay ərzində xəstəlikdə bağlı bülletendə olmuş, dekabr ayında əmək fəaliyyətinə davam etməyə başlamışdır. İşə çıxmağına baxmayaraq qolunda cərrahi müdaxilə onun fortopianoda ifa etmək qabiliyyətini müvəqqəti olaraq xeyli aşağı salmışdır. Belə ki, iddiaçıya sağ qolunda ikinci əməliyyatın da keçirilməsinin zəruri olduğu bildirilmişdir. İddiaçı hal-hazırda növbəti əməliyyatın icrası üçün tibbi prosedurlara başlamışdır. Belə ki, müalicələrini davam etdirdiyi vaxtda xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən attestasiya keçirilmiş, attestasiya nəticəsində peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əsas götürülərək 10 aprel 2025-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, əmr qanunsuz olduğundan ləğv edilməli və iddiaçı tutduğu vəzifəyə bərpa edilməlidir. Belə ki, işəgötürən tərəfindən keçirilən attestasiya hazırlaşmaq üçün müəyyən vaxt, əmək və hazırkı halda qolun nahiyyəsinin də işlədilməli olduğu fiziki qüvvə (fortopianoda ifa) tələb olunur. İddiaçı iş yerində aldığı xəsarət səbəbindən ağır əməliyyatlar keçirdiyi, müvafiq müalicələr aldığı və hələ də müalicələrinin davam etdiyi dövrdə attestasiyaya hazırlaşmaq üçün kifayət qədər imkan tapmamışdır. Onun ruhi və fiziki vəziyyəti attestasiya zamanı biliklərini nümayiş etdirməyə mane olmuşdur. Qolu yenicə əməliyyatdan çıxmış və ikinci əməliyyatın keçirilməsinə göstəriş olan iddiaçının attestasiya zamanı mükəmməl fortopiano ifası nümayiş etdirməsi ağlabatan deyildir. Hesab edir ki, ağlabatan olmadığı halda, onun attestasiyaya cəlb olunması qərəzli və əsassız olmuşdur. Əməliyyat olunduğu Olimp Hospitalın müalicə həkiminin xx.xx.2025-ci il tarixli rəyində də iddiaçının əməliyyatdan sonra fizioterapiya prosedurları müalicəsi aldığı, təkrar müayinə olunması göstərilmiş və həmin tarixdən sonra da 6 həftəlik fizioterpiya reabilitasiyası tövsiyyə olunmuşdur. Buna görə də, iddiaçının həmin ərəfədə attestasiyaya cəlb edilməsini və attestasiya komissiyasının qərarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edir. Belə ki, qeyd olunan attestasiya qərarı ilə iddiaçının karyerasının taleyi həll olunmuş və o, əsassız olaraq tutduğu vəzifədən azad edilmişdir. Elə 10 aprel 2025-ci il tarixdə iddiaçıya əmrin surəti və son-haqq hesab təqdim olunmuş, iddiaçı isə əmrlə razılaşmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, attestasiya komissiyasının rəyinə əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinə Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin fortepiano müəlliməsi İddiaçı fəaliyyətə yararsız hesab edilmişdir. İddiaçı işdən çıxarılması ilə bağlı əmri isə məktəbin direktoru Əİiyeva Şəms Kazbek qızı vermişdir. Odur ki, iddiaçının işə bərpa olunmasına etiraz etmir, lakin komissiyanın rəyinin ləğv olunması məsələlərinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən İİİ şəxs X5 izahatında bildirmişdir ki, o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinə Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin direktorudur. İddiaçı onun direktoru olduğu məktəbdə fortepiano müəlliməsi işləyir. İddiaçı işə normal gəlib-gedən, yaxşı müəllimələrdən biri olmuş və onun müəllimədən heç bir şikayəti olmamışdır. Qeyd edir ki, İddiaçı məktəbdə yıxılmış və hadisə nəticəsində qolu sınmışdır. Bundan sonra o, məzuniyyətə çıxmışdır. Daha sonra isə nazirlik tərəfindən keçirilən attestasiya imtahanının keçirilməsi ilə bağlı əvvəlcədən məktəblərə, müəllimlərə məlumat verilmişdir. İddiaçı keçirilən attestasiya imtahanında iştirak etmiş və komissiya tərəfindən yararsız olması ilə bağlı rəy verilmişdir. Belə ki, iddiaçı komissiya rəy verdikdən sonra iddiaçıya fortepianoda ləng ifa etdiyini bildirmiş və bundan sonra iddiaçı qolundakı xəsarəti komissiyaya bildirmişdir. Hesab edir ki, İddiaçı ya komissiyaya məlumat verməklə, attestasiyadan iştirak etməkdən imtina etməli yaxud iştirak edəcəyi təqdirdə isə rəy verilməzdən qabaq səhhətində yaranmış problem komissiyaya bildirməli idi. Komissiya belə qənaətə gəlmişdir ki, iddiaçının başına gələn bu hal 66-cı maddənin təsiri dairəsinə düşmür. Belə ki, ona bildirilmişdir ki, işçi iş yerində olsa da, sırf iş başında olarkən, yəni fortepiaonoda ifa edərkən xəsarət almışdırsa, onun imtahanda iştirak etməməsi üzrlü hesab olunur. Odur ki, qeyd etdiyi kimi Günel müəllimədən heç bir narazılığı yoxdur, lakin qanunun tələbi onun istəklərindən daha üstündür. Beləliklə attestasitayadan keçməmiş müəllimlərin əmək müqaviləsinə xitam verilməlidir. Bu səbəbdən onun tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Belə ki, mülki iş materiallarında olan: -İddiaçı məxsus xx.xx.2018-ci il tarixli ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinə fortepiano müəlliməsi vəzifəsinə işə qəbul edilmişdir. -Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinə Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 50 nömrəli əmrdən görünür ki, Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. -“Olimp Hospital” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tibbi arayışdan görünür ki, İddiaçı sağ dirsəkdə kontrakturanın ləğvi cərrahiyyə əməliyyatından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Əməliyyatdan sonra fizioterapiya reabilitasiya prosedurları müalicəsi almışdır, təkrar müayinə olunmuş və bundan sonra da 6 həftəlik fizioterapiya reabilitasiya tövsiyə olunmuşdur. -“Olimp Hospital” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tibbi arayışdan görünür ki, İddiaçı 5 ay öncə bazu sümüyünün sınığı səbəbilə cərrahi əməliyyat keçirmişdir. Sağ dirsək oynağında və əl barmaqlarında olan ağrı və hərəkət məhdudluğu səbəbilə əməliyyatdan sonrakı dövrdən hal-hazırki müddətə qədər fizioterapiya və reabilitasiya prosedurları qəbul etmişdir. -Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş diskdə olan videogörüntüdən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinin fortepiano müəlliməsi işləmiş İddiaçı attestasiya imtahanında fortepianoda ifa edərkən əllərindən rahat şəkildə istifadə etmiş və onun fortepianoda ifa etməsinə mane olan hər hansı hal aşkar edilməmişdir. -Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-24/3-1-k-264/2025 nömrəli əmrdən görünür ki, Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsi üzrə əmək funksiyasının icrası 2025-ci ilin mayın 29-dan 3 ay müddətinə həmin məktəbin müəllimi Cavabdeh1 həvalə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş materiallarından göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinə Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi işləyir. İddiaçı xx.xx.2024-cü il tarixdə işdə olarkən yıxılaraq xəsarət almış, sağ dirsək oynağının çıxıq və mil sümüyü boynunun xətti sınığı diaqnozu qoyulmuş, qeyd olunana diaqnozla iddiaçıya əməliyyat göstərişi olduğundan ona, xx.xx.2024-cü il tarixində Olimp Hospitalda sağ dirsəkdə kontrakturanın ləğvi cərrahi əməliyyatı icra edilmişdir. Bundan sonra iddiaçı 1 ay ərzində xəstəlikdə bağlı bülletendə olmuş, dekabr ayında əmək fəaliyyətinə davam etməyə başlamışdır. Belə ki, müalicələrini davam etdirdiyi vaxtda xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən attestasiya keçirilmiş, attestasiya nəticəsində peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əsas götürülərək 10 aprel 2025-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə ərizə müraciət edərək, Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli attestasiya qərarının qanunsuz hesab edilməsi, həmin qərar əsasında qəbul edilmiş 10 aprel 2025-ci il tarixli, 50 nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbində fortopiano müəllimi vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı maddələrində göstərilmişdir. Maddə 42. Əmək müqaviləsinin tərəfləri

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. [43]

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir.

2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. [79]

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. 5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.[80]

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Qeyd: Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir.[81] Maddə 66. Attestasiya olunmayan işçilər Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər;[82] Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); [83] yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;[84] Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlər.[85] Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə iş materiallarını və sübutları tədqiq edib qanunvericiliyi əsas gətirərək qeyd edir ki, iddiaçıya həqiqətən sağ dirsək oynağının çıxıq və mil sümüyü boynunun xətti sınığı diaqnozu qoyulmuş, bununla bağlı iddiaçı əməliyyat olunmuş və reabilitasiya keçərək müalicə almışdır. Lakin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş diskdə olan videogörüntüdən göründüyü kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinin fortepiano müəlliməsi işləmiş İddiaçı attestasiya imtahanında fortepianoda ifa edərkən əllərindən rahat şəkildə istifadə etmiş və onun fortepianoda ifa etməsinə mane olan hər hansı hal aşkar edilməmişdir. Eyni zamanda Məhkəmə həmin görüntüləri sübut kimi qəbul edərək və iddiaçının attestasiya imtahanında fortepianoda əlləri vasitəsi ilə ifa etməsinə və sağlamlığına hər hansı bir maneənin olmadığını və eyni zamanda atetasiyanın keçiriliməsinə qanunvericiliyin pozulması halları aşkar edilmədiyini nəzərə alaraq, hesab edir ki, attestasiya komissiyasının qərarının ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə eyni zamanda bildirir ki, iddiaçı qolundan almış xəsarətlə əlaqədar leablitasiya dövründə müalicəsinin tam olmaması ilə əlaqədar ambulator şəraitdə müalicə keçməklə attestasiya komissiyasına qabaqcadan xəbər vermək hüququ olmuş, lakin bunlardan istifadə etməmişdir. Ona görə də Məhkəmə belə qənaətə gəlir ki, attestasiya komissiyasının qərarının ləğv edilməsi üçün əsas olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı attestasiya qərarının qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin əsaslılığı sübut olunmadığından məhkəmə iddia ərizəsinin təmin edilməməsi qərarına gəlir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı attestasiya qərarının qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar