Məhkəmə qərarları › İş №e-2(012)-3432/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3432/2021

16.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3432/2021 16.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun AR ETSN Sahələrarası Nəqliyyat və X2 İdarəsinin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisinə matros vəzifəsinə keçirilməsi barədə həmin İdarənin 23.10.2020-ci il tarixli 449/K saylı əmrinin etibarsız sayılması, AR ETSN Sahələrarası Nəqliyyat və X2 İdarəsinin onunla bağladığı əmək müqaviləsinin ləğvi barədə 30.11.2020-ci il tarixli 518K saylı əmrinin ləğv edilməsi, onun AR ETSN Sahələrarası Nəqliyyat və X2 İdarəsinin “Nauçniy” gəmisinə matros vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün (30.11.2020-ci ildən işə bərpa olunana qədər) əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər qarşılıqlı razılığa gələrək barışıq sazişi bağladıqlarını bildirmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin direktoru Fizuli Babayevin imzası və şirkətin möhürü ilə təsdiqlənmiş barışıq sazişini məhkəməyə təqdim edərək onun təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.3. maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. 191.2. maddəsinə əsasən işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, tərəfləri dinləyib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: Tərəflər: bundan sonra İddiaçı adlandırılacaq İddiaçı adından Neftçala rayon Dövlət Notariat Ofisində 27.04.2021-ci ildə reyestrdə 7E-457 № ilə təsdiq olunmuş etibarnamə üzrə nümayəndəsi Nümayəndə; bundan sonra Cavabdeh adlandırılacaq AR ETSN Sahələrarası Nəqliyyat və X2 İdarəsinin adından idarənin direktoru X3 rayon Məhkəməsinin icraatında olan e-2(012)-3432/2021 №-li mülki iş üzrə məhkəmə mübahisəsini barışıq sazişi ilə tamamlamaq məqsədi ilə aşağıdakı şərtlərlə razılığa gəldilər: -Cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə (bundan sonra əmək müqaviləsi adlandırılacaq) AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair 30.11.2020ci il tarixli 518K №-li əmrini ləğv edir və əmək müqaviləsinə 01.03.2021-ci ildən iddiaçının öz xahişinə (yazılı ərizəsinə) əsasən xitam verir. -İddiaçı öz xahişi ilə əmək müqaviləsinin 01.03.2021-ci ildən ləğv olunmasına dair yazılı ərizəni cavabdehə təqdim edir, cavabdeh ərizə əsasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verir və bu barədə əmrin surətini iddiaçıya təqdim edir. -Cavabdeh iddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair 30.11.2020-ci il tarixli 518K №-li əmrin ləğv olunduğu və əmək müqaviləsinə iddiaçının öz xahişinə əsasən 01.03.2021-ci ildən xitam verildiyi barədə ayrı-ayrı qeydlər aparır. -Cavabdeh iddiaçıya 30.11.2020-ci ildən 01.03.2021-ci ilədək olan dövr üçün vəzifə maaşı üzrə 3 (üç) ayın əmək haqqını ödəməyi öhdəsinə götürür. -İddiaçı cavabdehə qarşı əmək müqaviləsindən irəli gələn tələbləri irəli sürməyəcəyini bəyan edir. -Tərəflərin bu sazişin 1, 2, 3 və 4-cü bəndlərində göstərilən öhdəlikləri sazişin qüvvəyə mindiyi tarixdən 5 (beş) iş günündən gec olmayaraq icra edilməlidir. -Tərəflərdən hər birinin hazırkı mülki iş üzrə çəkdiyi məhkəmə xərcləri, o cümlədən hüquqi yardıma görə ödənilmiş və ya ödənilməli olan xərclər onun özünə aid edilir və bu xərclərin əvəzinin ödənilməsini digər tərəfdən tələb edə bilməz. -Bu saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir. -Tərəflər bəyan edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır. -Tərəflərin bu sazişdə göstərilən öhdəlikləri müəyyən olunmuş müddətdə icra olunmadıqda onlardan birinin müraciətinə əsasən məhkəmə sazişin təsdiq edilməsi barədə qərardadı məcburi icra tədbirlərinin görülməsi üçün icraya yönəldiləcək. -Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri məhkəməyə təqdim olunur, digərləri isə hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır. -Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-3432/2021 nömrəli mülki iş üzrə icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar