Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3454/2025 03.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakdan çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakdan çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.046 ha torpaq sahəsi xx.xx.2023-cü ildən İddiaçı xüsusi mülkiyyətindədir. Təxminən 1 il əvvəl həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmişdir. Cavabdeh 2024-cü ildə iddiaçının xüsusi mülkiyyətində olan həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçmüş və hal-hazırda orada yaşayır. Cavabdeh iddiaçının gəlinidir, lakin oğlu ilə gəlini arasında olan nikah pozulma prosesində olduğu üçün hazırda iddiaçının cavabdehlə münasibətləri tamamilə korlanmışdır. Məlumat üçün bildirir ki, torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün tərəflər arasında hər hansı əsasda və formada razılaşma mövcud deyil. Bu baxımdan cavabdehin torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Bundan başqa, cavabdehin qalmağa başqa yaşayış sahəsi mövcuddur və o, ünvan 1 ünvanında qeydiyyatdadır. Hazırda cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxmır. Nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 2830/2025 saylı qətnaməsinin surətindən görünür ki, X1 ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh iddiaçının oğlu Xəyal Kazımovla xx.xx.2013-cü il tarixdə nikaha girmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçı tərəfindən 2023-cü il tarixdə əldə edilmiş və iddiaçı tərəfindən ev tikilmişdir. Cavabdeh də iddiaçı ilə birlikdə həmin evdə yaşamışdır. Hazırda İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evdən əşyaları ilə birgə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi üzərində iddiaçının gözlənti hüququ vardır. Cavabdehlə mübahisəli əmlakın sahibi olan iddiaçı arasında əmlakdan istifadə ilə bağlı hər hansı razılaşma və müqavilə bağlanmamışdır. Bununla bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, Cavabdeh mülkiyyətçiyə məxsus olan əmlakdan müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanmasının əsaslılığı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Tərəflər arasında mübahisəli əmlakla bağlı münasibətlər 2023-cü ildə yarandığından məhkəmə hesab edir ki, hazırki mübahisəyə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.3-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşavış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən görünür ki, Cavabdeh uzun müddət mübahisəli evdə yaşasa da, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, onunla evin mülkiyyətçisi İddiaçı arasında notarial qaydada təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. İşdən, həmçinin görünür ki, Cavabdeh iddiaçının oğlu ilə boşanmışdır və mübahisəli evdə yaşamaqda davam edir. Belə olan halda cavabdehin iddiaçının oğlu Xəyal Kazımovla əvvəllər nikahda olmasına istinad edərək mübahisəli evdə yaşaması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli ev hazırda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehin yaşaması onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh əşyaları ilə birlikdə iddiaçıya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3454/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3454/2025
03.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver