Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3511/2023 20.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 95 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 95 saylı evi 1999-cu ildə almışdır. Həmin ev 11 iyun 2000-ci il tarixdə Abşeron rayon dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən onun adına qeydə alınmışdır. Həmin yaşayış sahəsini tam təmir etdikdən sonra 2008-ci il tarixdə Sumqayıt şəhəri, Sarı-Qaya M. Hüseynzadə adına Pioner düşərgəsində yaşayan oğlu Qiyas Kərimovu və onun həyat yoldaşı Cavabdeh onunla birgə qeydiyyatsız yaşamağa dəvət etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X6 Müstəcəbova arasındakı nikah ləğv edilmişdir. Hazırda oğlu onunla birgə yaşamır. Keçmiş gəlini isə məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu Sumqayıt şəhəri, Sarı-Qaya M.Hüseyinzadə adına Pioner düşərgəsində olan evinə köçüb yaşamaq istəmir. Cavabdeh onun oğlu ilə boşandıqdan sonra mübahisəli evdə tez-tez dava salır. Ona qarşı kobud ifadələr işlədir və təhqir edir. Dəfələrlə ona evdən köçüb öz evində yaşamağı təklif etsə də, o, bundan imtina edir. Cavabdeh nikah ləğv ediləndən sonra hər zaman evdə qalmır. Bəzi hallarda gecə saatlarında evə gəlir. Bununla da, mülkiyyətçi kimi onun hüquqlarını pozur və sakit yaşamasına maneçilik törədir. O həm də mənzilə dair kommunal ödənişlərin ödənilməsində ona kömək etmir. Cavabdehin faktiki olaraq, başqa yerdə evinin olmasına baxmayaraq mübahisəli evdə yaşaması onun üçün əlavə problemlər yaradır və o, mənzil üzərində hüquqlarını tam həyata keçirə bilmir, mənzillə bağlı sərəncam vermək hüquqları məhdudlaşır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, başqa yaşayış sahəsi ilə təmin ediləcəyi təqdirdə mübahisəli evdən çıxmağa razıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş müqavilədən görünür ki, X1 rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədəki 1 otaqlı 95 saylı fərdi yaşayış evini 13 milyon köhnə manata İddiaçı satmışdır. İşdə olan 10339 reyestr nömrəli, 1052 inventar saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədəki 1 otaqlı 95 saylı fərdi yaşayış evi xx.xx.2000-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. İşdəki xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 ilə Cavabdeh arasında nikah xx.xx.2001-ci il tarixdə Laçın rayon Qeydiyyat Şöbəsi tərəfindən 42 sayla qeydə alınmışdır. İşdə olan Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(047)-39/2023 saylı qətnaməsinin surətindən görünür ki, X3 ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. İşdə olan nikahın pozulması haqqında AZ-İ 420376 saylı şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasındakı nikahın pozulması aktı xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, X3 ilə Cavabdeh Sumqayıt şəhəri, Sarı-Qaya M. Hüseynzadə adına Pioner düşərgəsində yaşayırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ev xx.xx.2000-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən alınmış və onun adına həmin tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçının oğlu Qiyas Kərimovla xx.xx.2001-ci il tarixdə nikaha girmiş, daha sonra mübahisəli evə köçmüşdür. Hazırda İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 95 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında mübahisəli əmlakla bağlı münasibətlər 2001-ci ildə yarandığından məhkəmə hesab edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşdən görünür ki, Cavabdeh uzun müddət mübahisəli evdə yaşasa da, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, onunla evin mülkiyyətçisi İddiaçı arasında notarial qaydada təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. İşdən, həmçinin görünür ki, Cavabdeh iddiaçının oğlu ilə boşanmışdır və mübahisəli evdə yaşamaqda davam edir. Belə olan halda cavabdehin iddiaçının oğlu Qiyas Kərimovla əvvəllər nikahda olmasına istinad edərək mübahisəli evdə yaşaması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli ev hazırda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehin yaşaması onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 95 saylı evdən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 95 saylı evdən çıxarılsın. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3511/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3511/2023
20.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver