Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-361/2024 07.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılov Rüstəm Sadıq oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 hər birinə 5000 manat olmaqla, ümumilikdə 10000 manat (on min) kompensasiya ödənilmək şərtilə onların, həmçinin onların birgə nikahından olan yetkinlik yaşına çatmayan övladları - X7 və X2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Həzi Aslanov küçəsində yerləşən iddiaçıya məxsus olan 14 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin öz əşyaları ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 14-dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Həzi Aslanov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı uzun illərdir ki, ailəsi ilə birgə həmin fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evində cavabdehlər Cavabdeh2 (iddiaçının oğlu), onun arvadı Cavabdeh1, cavabdehlərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladları xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cü il təvəllüdlü X9 qeydiyyatdadılar. Hazırda iddiaçı ona məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu həyata keçirmək, həmin əmlakı özgəninkiləşdirmək istəsə də, cavabdehlər, yəni iddiaçının oğlu Cavabdeh2 və gəlini Cavabdeh1 buna razılıq vermirlər. İndiki halda, iddiaçı ilə cavabdehlər arasında iddiaçıya məxsus olan fərdi yaşayış evi üzərində cavabdehlərin istifadə hüququna xitam verilməsi ilə bağlı mübahisə qarşılıqlı razılıq əsasında həll oluna bilmir. Buna görə də iddiaçının ona məxsus qeyd edilən fərdi yaşayış evi üzərində öz mülkiyyət hüququnu maneəsiz həyata keçirməsi üçün cavabdehlərə müvafiq kompensasiya verilməklə onların həmin fərdi yaşayış evindən istifadə etmək hüququna məhkəmə qaydasında xitam verilməlidir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Həzi Aslanov küçəsində yerləşən, yaşayış sahəsi 65.8 kv.metr olan 4 otaqlı fərdi yaşayış evində cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün ağlabatan kompensasiya məbləği hər biri üçün 5000 (beş min) manat olmaqla, ümumilikdə 10000 (on min) manat təşkil edir. İddiaçı və cavabdelərdən savayı, həmin fərdi yaşayış evində iddiaçının ailə üzvləri - X3, X4, X5, X6 qeydiyyatdadırlar və yaşayırlar. Cavabdehlərin qeyd edilən fərdi yaşayış evindən istifadə etmək hüququna xitam verilən zaman evdə digər şəxslərin qeydiyyatda olması və yaşaması faktı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı, həmçinin onun vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərərk iddianın təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və kompensasiyanın az olduğunu, təklif olunan kompensasiya ilə özlərinə hər hansı bir ev əldə edə bilməyəcəklərini, başqa yerdə isə yaşayış yerinin olmadığını bildirdi. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Həzi Aslanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsindəki 103,6 kv.metrlik 14 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. -Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı, X3, X4, X5, X6, X7, X9, Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Həzi Aslanov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Həzi Aslanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsindəki 103,6 kv.metrlik 14 saylı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdən İddiaçı mülkiyyətindədir. Ondan başqa, bu evdə 9 nəfər qeydiyyatdadır. Bunlardan ikisi cavabdehlər, ikisi isə onların azyaşlı övladlrıdır. Hazırda İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birinə 5000 manat olmaqla, ümumilikdə 10000 manat (on min) kompensasiya ödənilmək şərtilə onların, həmçinin onların birgə nikahından olan yetkinlik yaşına çatmayan övladları - X7 və X2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Həzi Aslanov küçəsində yerləşən iddiaçıya məxsus olan 14 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin öz əşyaları ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 14-dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmçinin, Mülki Məcəllənin 228.2.-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli Qərarında eyni zamanda qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İşdən görünür ki, iddiaçı cavabdehlərin və onların iki azyaşlı övladının kompensasiya verilməklə evdən çıxarılmaları barədə iddia qaldırsa da, tələbinin əsaslılığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İş materiallarında cavabdehlərin ağlabatan müddət (2-3 il) ərzində mübahisəli evə uyğun eyni şəraitdə kirayədə yaşaya bilmələri məqsədilə tələb olunan məbləğ barədə hər hansı sənəd (qiymətləndirmə rəyi, konkret ərazi üzrə kirayə haqları barədə arayış, məlumat və s.) mövcud deyildir. Belə olan halda isə, məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. halbuki MPM-nin 77-ci maddəsinə əsasən bu, onun prosessual vəzifəsidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara və faktlara dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Hazırki iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov