Məhkəmə qərarları › İş №e-2(012)-3662/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3662/2022

24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3662/2022 24.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı və cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə 24 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “İnfiniti M-35” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən cavabdeh X3 İddiaçı səhhətinə, sağlamlığına dəymiş zərərin ödənilməsi üçün 2000 (İki min) manat, cavabdehin günahı üzündən 3-4 ay müddətində iddiaçının əmək qabiliyyətinin itirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi üçün 1500 (min beş yüz) manat və mənəvi zərərin (iddiaçının keçirdiyi stressin) ödənilməsi üçün 1500 (min beş yüz) manat pulun tutulub iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat təqribən 20:00 – 21:00 radələrində Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Misir” parkından M.R.Rəsulzadə küçəsi istiqamətinə doğru, piyada keçidi ilə keçərkən kənar bir təsir nəticəsində yerə yıxılmışdır. Daha sonra ona məlum olmuşdur ki, adını sonradan öyrəndiyi X4 idarə etdiyi “İnfiniti M-35” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuşdur. Belə ki, “İnfiniti M-35” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X7 tərəfindən vurulduqdan sonra onu müvafiq xəstəsanaya çatdırmaq əvəzinə etirazına baxmayaraq öz evinə gətirmişdir. Onun evində həyat yoldaşı X8 onun bədəninə vizual (ötəri) olaraq baxdıqdan sonra heç bir ağır zədə olmadığı səbəbindən Xəqani Əliyev ilə birlikdə onu yaşadığı ünvana gətirmişlər. X1 və onun həyat yoldaşı X8 ondan qardaşlarına avtomobil qəzası nəticəsində vurulmağı haqqında heç bir söz deməməyini xahiş etdilər. Yaşadığı ünvanda onun qardaşları Nümayəndə və X2 qarşıladılar. O, qardaşlarına heç bir söz deməmişdir. İlk öncə qardaşları heç bir şey başa düşməmişlər və elə bilmişlər ki, yolda yıxılmışdır. Hətta böyük qardaşı X5 minnətdarlıq etmək istəmişdir. Lakin, daha sonra kiçik qardaşı ondan axsamağının səbəbini soruşduqda məcbur olub məsələ barədə ona məlumat vermişdir. Qardaşı Nümayəndə dərhal polisə məlumat verməklərini istədi. X9 polisə zəng etməməyi və məsələnin mütləq yerində həll etməyi, yəni müvafiq həkim müayinəsi nəticəsində müəyyən edilən zədələri, travmaları, bir sözlə qəza nəticəsində sağlamlığıma dəymiş zərərin müalicəsinin xərclərini çəkəcəyini və polisə zəng etməyə ehtiyac olmadığını bildirmişdir. Ertəsi gün Əliyev Xəqani ilə Xırdalan şəhəri H.Əliyev prospektində götürərək öz avtomobili ilə onu həkimə aparmışdır. “Milli İdman və Reabilitasiya İnstitutu”nda MRT etdikdən sonra məlum olmuşdur ki, ayaq və ya əl nəhiyələrində hər hansı bir sınıq və ya çat mövcud deyildir. Lakin zərbə nəticəsində onun onurğa sütununda yırtığın (qrija) yaranması baş vermişdir. Bu səbəbdən həkim daha ətraflı müayinə və müayinənin nəticələrinə əsasən müalicə təyin etdi. Əliyev Xəqani MRT-nin və üç günlük müayinənin haqqını (təqribən 260 manat MRT və 360 manat 3 günlük müayinə ilə həkimə və geri evə qayıtmaq üçün yol xərci) ödəmişdir. Həkimin təyin etdiyi müayinənin nəticəsində məlum olmuşdur ki, X7 tərəfindən idarə olunan “İnfiniti M35” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən ona dəymiş zərbə nəticəsində onurğa sütununa ciddi xəsarət dəymişdir və mütləq müalicə təyin olunmalıdır. Həkim tərəfindən təyin edilmiş müalicənin xərclərinin ödənilməsindən və dəymiş mənəvi zərərin ödənilməsindən X7 imtina etmişdir. cavabdehə dəfələrlə həkimin yanına gəlməyi, müayinədə iştirak etməyi və çəkilməli olan xərclər haqqında bilavasitə həkimdən məlumatlar əldə etməyi təklifi ilə müraciətlər etmişdir. Lakin o, müxtəlif bəhanələr ilə bundan imtina etmiş və sonradan müalicənin dəyərinin baha olmasını dilə gətirərək müalicənin xərclərinin ödənilməsindən dolayısı yolla imtina etmişdir. Nəticədə qardaşı Nümayəndə müalicələrin xərcinin ödənilməsini öz üzərinə götürmüşdür. Qardaşı hüquqlarının təmin olunması üçün Abşeron RPİ-nə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsinə etdiyi müraciət əsasında keçirilmiş Məhkəmə Tibbi Ekspertizasının və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 12813283 nömrəli rəyində bildirilir ki, “1970-ci il təvəllüdlü İddiaçı məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – bel nahiyyəsində məhdud sahədə qançır, ağrı və bir qədər hərəkət məhdudluğu ilə ifadə olunan onurğanın bel şöbəsinin bağ aparatının gərilməsi bərk küt əşyanın təsirindən; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixində, yol nəqliyyatı hadisəsi nəticəsində əmələ gələ bilərdi”. Abşeron RPİ-nin 23 fevral 2022-ci il tarixli Qərarının 2-ci bəndində X4 barəsində İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbirinin tətbiq edilməsi təklif edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbinə verdiyi etirazı müdafiə edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı iddiaçının hər hansı xəsarəti müəyyən edilməmişdir. Buna görə də onu xəstəxanaya deyil, bir insanlıq nümayiş etdirərək öz yaşadıqları evə ailə üzvlərinin yanına gətirmişdir. Həmin gün ona müxtəlif xəstəxanalarda müayinədən keçməyi təklif etsə də, lakin iddiaçı özü buna razı olmadığını bildirmiş və onu evinə aparmağı xahiş etmişdir. Bundan sonra ertəsi gün onun müayinə olunması üçün təkid etmiş və onu müayinəyə aparmışdır. İddiaçının özünün iddia ərizəsində etiraf etdiyi kimi, onun MRT müayinəsinə 260 manat, əlavə müayinələr üçün 360 manat, həkim müayinələrinə 200 manat ödəniş edərək, onun müayinəsi üçün lazimi köməklik etmişəm. Bu müayinələr nəticəsində iddiaçının hər hansı xəsarətinin olmaması müəyyən edilmişdir. Lakin sonradan hansı səbəbdən olması ona bəlli olmadığı halda, iddiaçının ondan şikayət etməsi onu çox təəcübləndirmişdir. Çünki, iddiaçıya onun yaxın qohumlarının iştirakı ilə yaxından köməklik etmiş və onun heç bir ciddi xəsarətinin olmamasının şahidi olmuşlar. Nəhayət, onun şikayəti əsasında müvafiq yoxlamalar aparılmış və iddiaçıya səhhətinə ciddi təsir edəcək hər hansı xəsarət yetirmədiyi bəlli olmuşdur. İddiaçı iddia ərizəsində ona xəsarət yetirməyi nəticəsində onun onurğa sütununda yırtığın (qrijanın) olmasının, məhz avtoqəza nəticəsində olması əsas gətirmişdir. Belə bir ekspert rəyi və yaxud həkim müayinəsi nəticəsində hər hansı sənəd mövcud deyildir. İddiaçının qardaşları və özü ilə birlikdə müalicəyə cəkilən xərclə əlaqədar müzakirələri olmuşdur. Razılaşmışlar ki, çəkilən xərcdən əlavə 360 manat da iddiaçının müalicəsinə xərc çəkəcək, bununla da bu məsələ qurtaracaq. Odur ki, razılaşdıqlar həmin 360 manatı iddiaçıya verə bilər, bundan başqa iddia tələbləri əsassızıdr və rədd edilməlidir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Gəclər və İdman Nazirliyi Milli İdman Tibb və Reabilitasiya Elmi-praktiki İnstitutu tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan və buna əlavədən görünür ki, İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixində MİTRİ-də idman həkiminin müayinəsində olmuşdur. Diaqnoz: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, qabırğalar və döş sümüyünü bağ aparatının gərilməsi və zədələnməsi, budu yaxınlaşdıran əzələ və onun vətərinin travması. Xəstəyə aşağıdakı müalicə proqramı təyin olunmuşdur: Elektroforez-180 manat, Maqnit terapiya-240 manat, Əzələ gücləndirmə ortopedik xəstələr üçün fizioterapist tərəfindən (45 dəq)-1500 manat, osteopatik müalicə 1 seans 30 dəq-900 manat, toplam 2820 manat. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı yüngül bədən xəsarəti alması təsdiq edilmişdir. Mülki işin materiallarına əlavə olunan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Milli İdman Tibb və Reabilitasiya Elmi-praktiki İnstitutunun hesabına xx.xx.2022-ci il-60 manat və 11.29 manat, xx.xx.2022ci il-29.50 manat və 34.13 manat, xx.xx.2022-ci il- 29.50, 45.01 və 34.13 manat, xx.xx.2022-ci il-45.02, 29.50, 54.13 manat, xx.xx.2022-ci il-34.13 və 29.50 manat, xx.xx.2022-ci il- 29.50 və 24.13 manat ödəniş edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixində, saat təqribən 20:00–21:00 radələrində Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Misir” parkından M.R.Rəsulzadə küçəsi istiqamətinə doğru, piyada keçidi ilə keçərkən cavabdeh X4 idarə etdiyi “İnfiniti M-35” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuş və ona yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. İddiaçıya dəyən bədən xəsarətinin müalicəsi üçün olan Azərbaycan Respublikası Gəclər və İdman Nazirliyi Milli İdman Tibb və Reabilitasiya Elmi-praktiki İnstitutuna müraciət etmiş, İnstitut tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan və buna əlavədən görünür ki, İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixində MİTRİ-də idman həkiminin müayinəsində olmuşdur. Diaqnoz: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, qabırğalar və döş sümüyünü bağ aparatının gərilməsi və zədələnməsi, budu yaxınlaşdıran əzələ və onun vətərinin travması. Xəstəyə aşağıdakı müalicə proqramı təyin olunmuşdur: Elektroforez-180 manat, Maqnit terapiya-240 manat, Əzələ gücləndirmə ortopedik xəstələr üçün fizioterapist tərəfindən (45 dəq)-1500 manat, osteopatik müalicə 1 seans 30 dəq-900 manat, toplam 2820 manat xərc tələb edilir. Mülki işin materiallarına əlavə olunan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Milli İdman Tibb və Reabilitasiya Elmi-praktiki İnstitutunun hesabına xx.xx.2022-ci il- 60 manat və 11.29 manat, xx.xx.2022-ci il-29.50 manat və 34.13 manat, xx.xx.2022-ci il- 29.50, 45.01 və 34.13 manat, xx.xx.2022-ci il- 45.02, 29.50, 54.13 manat, xx.xx.2022-ci il-34.13 və 29.50 manat, xx.xx.2022-ci il- 29.50 və 24.13 manat olmaqla, ƏDV çıxıldıqdan sonra 6 günlük müalicə kursu üçün onun tərəfindən cəmisi 420 (dörd yüz iyirmi manat məbləğində ödəniş edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, Əliyev Xəqani MRT-nin və üç günlük müayinənin haqqını təqribən 260 manat MRT və 360 manat 3 günlük müayinə ilə həkimə və geri evə qayıtmaq üçün yol xərcini cavabdeh ödəmişdir. Bundan başqa, iddiaçının izahatına görə ona dəymiş bədən xəsarətinə görə 750 manat sığorta ödənişi də verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflərin öz aralarında olan razılaşmalara əsasən cavabdeh iddiaçıya müalicə xərci ilə bağlı 360 manat da ödəməli olduğunu etiraf edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1118.1.maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə sağlamlığa dəyən ziyanla bağlı işin müəyyən edilən hallarına hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı baş verən YNH ilə əlaqədar müalicəsinə əlavə olaraq 2000 manat da ödənilməli olmasını iddia etsə də, bunu təsdiq edən rəsmi sübutu yoxdur. Belə ki, onun müalicəsinə cəmisi 420 manat xərci çıxmışdır.750 manat isə sığorta ödənişi almışdır. Cavabdehin isə izahatında iddiaçıya 360 manat müalicə xərci ödəməli olması nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçıya dəymiş ziyana görə 360 manat məbləğində pul tutulub verilməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Baş vermiş yol nəqliyyat hadisəsində iddiaçının mənəvi zərər alması qaçılmaz olduğundan Məhkəmə ziyanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia mənəvi zərər hissəsində qismən təmin edilməli, mənəvi zərərin məbləği 150 manat müəyyən edilməli, həmin məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırmaları zamanı iş materiallarından olan sənədlərdən və tərəflərin verdikləri izahatlarından müəyyən edilir ki, İddiaçı iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X3 maddi ziyana görə 360 manat, mənəvi zərərə görə 150 manat, cəmi 510 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia tələbinin əmək qabiliyyətinin itirilməsi ilə bağlı ziyan tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı əmək qabiliyyətinin itirilməsini təsdiq edən xəstəlik vərəqi və habelə iş yeri barədə sübut olmadığından iddia tələbi bu hissədə əsassızıdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumunun 20 manat cavabdeh X3 alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 maddi ziyana görə 360 manat, mənəvi zərərə görə 150 manat, cəmi 510 manat və 20 manat dövlət rüsumuna görə pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar