Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3744/2025 30.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 730 manat əsas borcu, 2964,8 manat hesablanmış penya, əldən çıxmış fayda qismində 92,84 manat olmaqla, cəmi 3787,64 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 57,88 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixli, 16/22 saylı Stomatoloji xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 730 manat dəyəri olan stomatoloji xidmət göstərilmişdir. Cavabdeh isə ona göstərilmiş stomatoloji xidməti qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə 730 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən xidmətin dəyərindən bu günədək heç bir məbləğ ödənilməmişdir və cavabdehin “Bəyaz Diş” klinikasına 730 manat məbləğində borcu qalmaqdadır. Cavabdeh Xidmət müqaviləsinin Əlavə № 2-yə əsasən ödəniş cədvəli üzrə mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, bununla da müqavilə şərtlərinin 4.2-ci bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, Xidmət müqaviləsi üzrə ona göstərilmiş stomatoloji xidmətin dəyərini ödəməkdən müxtəlif bəhanələr ilə yayınmışdır. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh iddiaçıya iddia qaldırılan günə 730 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən sifarişçi müqavilə ilə müəyyən edilmiş müddətdə (Əlavə 2-yə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, icraçı ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5 faiz məbləğində cərimə (dəbbə) pulunun ödənilməsini tələb edir, sifarişçi isə onu ödəməyi öhdəsinə götürür. Cavabdehə iddiaçı tərəfindən sonuncu xidmət xx.xx.2023-cü il tarixdə göstərilmişdir. Qeyd olunan gündən məhkəməyə müraciət edilən günədək 812 gün gecikmə günü yaranır. Müqavilə şərtlərinə əsasən cavabdehə 2964,8 manat penya hesablanmışdır. İddiaçı MMC 2019-cu il tarixdən stomatoloji klinika kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünəməxsus işgüzar nüfuz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı MMC-yə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində əldən çıxmış fayda qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (929 gün) 92,84 manat maddi ziyan dəymişdir. Hesab edirlər ki, bu məbləğ də məhkəmə qaydasında cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan icraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 16/22 saylı Stomatoloji xidmətlərin göstərilməsi haqqında müqavilə və ona 2 nömrəli Əlavənin surətindən görünür ki, icraçı İddiaçı MMC tərəfindən sifarişçi Cavabdeh 730 manat dəyəri olan stomatoloji xidmət göstərilmiş, sifarişçi Cavabdeh isə ona göstərilmiş stomatoloji xidməti qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə 730 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 445.7-ci, 448.1-ci, 752.1-ci və 753.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 16/22 saylı Stomatoloji xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Həmçinin iş materialları və iddiaçı şirkətin nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçı şirkət ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 16/22 saylı müqavilənin mahiyyətinə görə stomatoloji xidmət göstərilməsi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması işin mübahisə edilməyən hallarıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. xx.xx.2022-ci il tarixli, 16/22 saylı Stomatoloji xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini sözügedən müqaviləyə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli, 16/22 saylı Stomatoloji xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən hesablanmış 2964,8 manat cərimə pulu 50 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçı şirkətin cavabdehdən əldən çıxmış fayda qismində 92,84 manat borcu tələb etməsi ilə bağlı hesab edir ki, bu tələbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Əldən çıxmış faydaya görə hesablanmış illik beş faiz 73 manat məbləğində müəyyən edildiyindən,məhkəmə hesab edir ki,iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 57,88 manatın iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 13 manatı da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 730 manat əsas borc, 50 manat cərimə, əldən çıxmış faydaya görə 73 manat olmaqla, ümumilikdə, 853 manat borc və 13 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3744/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3744/2025
30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver