Məhkəmə qərarları › İş №e-2(012)-3745/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3745/2023

27.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3745/2023 27.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Novxanı kəndi, Aşıq Pənah küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 29 dekabr 2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Daha sonra cavabdeh ilə aralarında mövcud olan ailə münasibətləri pozulduğundan iddiaçı 29 oktyabr 2022-ci il tarixdə həmin fərdi yaşayış evindən zorla çıxarılmışdır. İddiaçı ilə cavabdeh arasında olan nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş və xx.xx.2022-ci il tarixdə isə cehiz əşyaları geri alınmışdır. Cavabdehlər iddiaçını 2022-ci ilin qış aylarından həmin fərdi yaşayış evindən qovmuşlar. Bu səbəbdən də iddiaçı məcbur olub ata evində indiyədək yaşamaqdadır. Himayəsində azyaşlı uşağı olmasına baxmayaraq, keçmiş həyat yoldaşı və qayınanası onu yaşadığı evə qayıtmasına imkan vermir. İddiaçının yaşamağa başqa yeri yoxdur. Novxanı Bələdiyyəsinin vermiş olduğu xx.xx.2023-cü il tarixli, 211 saylı arayışdan görünür ki, Cavabdeh1 İsrail oğlunun mülkiyyətində 0,22 ha torpaq sahəsi Novxanı kəndi, A.Pənah küçəsində yerləşir. Yuxarıda adı çəkilən fərdi yaşayış evi, yəni iddiaçının gəlin köçərək yaşadığı ev həmin torpaq sahəsinin üzərində inşa edilmiş, lakin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Buna görə də cavabdehlərin bu qanunsuz hərəkətlərinə son qoyulmalı və iddiaçının Novxanı kəndi, Aşıq Pənah küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi təmin edilməlidir. Evə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış heç bir şəxs tərəfindən əldə edilməmişdir. Odur ki, cavabdehlərin iddiaçını həmin evdən zorla çıxarması tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının normasına, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən Novxanı kəndi, Aşıq Pənah küçəsi ünvanında yerləşən mənzildə yaşaması və onun qanunsuz olaraq cavabdehlər tərəfindən zorla çıxarılması halları iddiaçının həmin evə köçürülməsinə kifayət qədər əsas verir. Göstərilənlərə əsasən İddiaçı Novxanı kəndi, Aşıq Pənah küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh2 29 dekabr 2019cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahdan 1 (bir) uşaqları dünyaya gəlmişdir. İddiaçı rəsmi nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və həmin fərdi yaşayış evində yaşamağa başlamışdır. İddiaçı ilə Cavabdeh2 arasında olan nikah 29 avqust 2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçı 2 (iki) ay həmin fərdi yaşayış evində yaşamışdır. 29 oktyabr 2022-ci il tarixdə isə gecə saatlarında iddiaçının cehiz əşyaları evdən bayıra tökülmüş və özü həmin evdən çıxarılmışdır. Bundan sonra atası iddiaçını özünün yaşadığı Göyçay rayonunda yerləşən evinə aparmışdır. Himayəsində azyaşlı uşağı olmasına baxmayaraq, keçmiş həyat yoldaşı, qaynatası və qayınanası iddiaçının yaşadığı evə qayıtmasına imkan vermir. İddiaçının yaşamağa başqa bir yeri yaşayış sahəsi yoxdur. Hesab edirlər ki, iddia əsaslıdır və təmin edilməlidir. Həmçinin köçürülmə tələb edilən fərdi yaşayış evi 3 (üç) mərtəbədən ibarətdir və kifayət qədər böyük evdir, geniş yaşayış sahəsi mövcuddur. İddiaçının öz övladı ilə orda yaşaması cavabdehlərə maneəçilik törədə bilməz. Verilmiş suallara cavabında qeyd edir ki, köçürülmə tələb edilən fərdi yaşayış evi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Lakin evin yerləşdiyi torpaq sahəsi cavabdehlərdən Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir və təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmçinin qeyd edir ki, iddiaçının torpaq sahəsinə deyil, evə köçürülməsinə dair iddia tələbi qoymuşlar. Cavabdeh1 isə evin mülkiyyətçisi deyil, torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh1 evin mülkiyyətçisi olmadığından notarial qaydada təsdiq edilmiş yazılı razılıq tələb olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı sözügedən fərdi yaşayış evinə gəlin köçmüşdür. Nikah pozulduqdan sonra isə iddia tələbində qeyd edildiyi kimi iddiaçı həmin evdən zorla çıxarılmamış, özü könüllü olaraq çıxıb getmişdir. Əksinə iddiaçı cavabdehlərdən Cavabdeh2 ilə ailə həyatı qurduqdan sonra daim valideynlərdən ayrı yaşamaq barədə həyat yoldaşı ilə mübahisə etmişdir. Cavabdeh1 oğlu Cavabdeh2 və gəlini İddiaçı yaşamaq üçün yerləri olmadığına görə onların müvəqqəti olaraq özünə məxsus evdə yaşamasına icazə vermişdir. İddia ərizəsində də iddiaçı qeyd etmişdir ki, cehiz əşyalarını onlar özləri gedib götürmüşlər. Yəni cavabdehlər iddiaçıya məxsus cehiz əşyalarını çıxardıb çölə atmamışlar. İddiaçı cehiz əşyalarını atası evinə aparmışdır. İddia ərizəsində də iddiaçının hazırda atası evində yaşadığı qeyd olunmuşdur. Cavabdeh1 adına sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Cavabdeh1 həmin torpaq sahəsinə dair adına 19 mart 2013-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 02 avqust 2010-cu il tarixli sərəncamı ilə Cavabdeh1 həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Cavabdeh1 öz vəsaiti hesabına həmin fərdi yaşayış evini tikmiş, həyat yoldaşı və ailəsi ilə birlikdə orda yaşamış, hazırda da həmin evdə yaşamaqda davam edirlər. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən ümumiyyətlə iddiaçının həmin evə köçməklə bağlı subyektiv hüququ yoxdur. Konstitusiya məhkəməsinin qərarına əsasən 2001-ci il tarixdən sonrakı dövrə aid mənzillə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənir. Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun olaraq həll edilməlidir. Ailə üzvləri ümumiyyətlə mülkiyyətçinin notarial qaydada razılığı ilə həmin evə köçürülə və həmin evdən istifadə edə bilərlər. Bundan başqa iddiaçı ilə Cavabdeh2 arasındakı nikah pozulmuş və ailə münasibətlərinə xitam verilmişdir. Onlar ailə hesab edilmirlər. Onları bağlayan sadəcə birgə nikahdan doğulmuş övladlarıdır. İddiaçının qeyd olunan fərdi yaşayış evinə köçürülməsi üçün qanuni əsaslar mövcud deyildir. Həmçinin qeyd edir ki, Cavabdeh1 torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə yanaşı həmin torpaq sahəsində evin tikintisinə icazə ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş sərəncamı vardır. Həmin sərəncam da torpaq sahəsinin mülkiyyətçisinə həmin torpaq sahəsində ev tikməsinə imkan verir. Evin tikintisinə sərəncam verildikdən sonra dövlət qurumları tərəfindən evin tikintisinə hər hansı maneə yaradılmamışdır. Cavabdeh1 öz şəxsi büdcəsi hesabına ev tikmişdir. Oğlu ilə gəlini ayrılıbsa bu gəlinə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün əsas və hüquq vermir. Cavabdeh1 torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ev üzərində hüquqları dövlət tərəfindən tanınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh3 faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən 04 mart 2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı 436404 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və İddiaçı arasında olan nikah pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 04 mart 2023-cü il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Mursaliyev, qadına Mursaliyeva soyadı verilmişdir. Abşeron rayonu Novxanı Bələdiyyəsi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli, 211 nömrəli məktubdan görünür ki, Cavabdeh1 mülkiyyətində 0.22 ha kənd təsərrüfatı torpaq sahəsi Novxanı kəndi, A.Pənah küçəsində yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.1063 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 378 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. AA 049470 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən 0.1063 ha torpaq sahəsinin Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 02 avqust 2010-cu il tarixli, 1050 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh1 Novxanı kəndi ərazisində ona məxsus 0,106321 ha torpaq sahəsində ümumi sahəsi 511,38 kv.m olan zirzəmili iki mərtəbəli mansardalı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı X2 Cavabdeh2 ilə 29 dekabr 2019-cu il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikah münasibətlərindən 1 (bir) uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh2 ilə nikaha daxil olduqdan sonra digər cavabdeh olan qaynatası Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.1063 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin ailə nikah münasibətləri pisləşdiyindən məhkəmənin 29 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur. Hazırda iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli Qərarı”nda göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda, məhkəmə qeyd olunan tarixi nəzərə alaraq hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, xx.xx.2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Göründüyü kimi, qanuna Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə iddiaçı cavabdehin ailə üzvü hesab edilmir, eyni zamanda ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir.» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Onu da məhkəmə qeyd edir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Mülki iş materiallarından göründüyü kimi, İddiaçı Cavabdeh2 ilə ailə nikah münasibətlərinə xitam verilmişdir. Eyni zamanda, iddiaçı nikaha daxil olduqdan sonra qaynatası olan Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Beləliklə də, iddiaçının sözügedən ünvan üzrə istifadə hüququ olmadığından, istifadə hüququ olmadığı təqdirdə də həmin fərdi yaşayış evinə köçürülməsi mümkün deyildir. Əks təqdirdə bu Cavabdeh1 ona məxsus fərdi yaşayış evi üzərində hüququn məhdudlaşdırılması olardı. Azrbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə, mülki iş materiallarına istinad edib həmin sübutları paralel şəkildə qiymətləndirərək, eləcə də Cavabdeh1 ilə iddiaçı arasında evə dair başqa razılaşma olmadığı üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixli) 30.4-cü maddəsinə əsasən belə qənaətə gəlir ki, iddiaçının köçürülməsini istədiyi fərdi yaşayış evinə dair istifadə hüququ olmadığından, eyni zamanda, iddia ərizəsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən,hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar