Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3827/2022 10.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və cavabdehlərin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK Cavabdeh1 qarşı müqaviləyə xitam verilmə və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə xitam verilməsi və cavabdehin ünvan 1 ünvanında tikilən binanın “A” girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80.3 kv.m olan 2 otaqlı 84 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində çıxış edən Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb olunmasını məhkəmədən xahiş etmiş, məhkəmə üçüncü şəxs Cavabdeh2 cavabdeh qismində cəlb etmişdir. Daha sonra, iddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, "xxxx" MTK ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" MTK ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında tikilən binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A” girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80.3 kv.m olan 2 otaqlı 84 saylı mənzili X3na təhvil verməyi kooperativ olaraq öz üzərinə götürmüşdür. Mənzilin ümumi dəyəri 56210 manat müəyyənləşdirilmiş və müqavilə razılaşdırılaraq imzalanmışdır. X3 ilə iddiaçı arasında olan razılaşmaya əsasən o, ilkin olaraq 20000 manat hissə, sonrakı aylar ərzində isə xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 700 manat, xx.xx.2018-ci il tarixdə 500 manat və xx.xx.2019-cu il tarixdə 1000 manat olmaqla, ümumilikdə, "xxxx" MTK-ya cəmi 23200 manat ödəniş etmişdir. Payçı olmuş X7 qeyd olunan ünvanda yerləşən mənzili qismən təmir edərək qısa müddət ərzində həmin mənzildə yaşamışdır. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra övladları olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 analarından miras qalmış əmlakı qanunla müəyyən olunmuş qaydada qəbul etməyib həmin miras əmlaka vərəsəlik şəhadətnaməsi almamışlar. Payçı olmuş X7 vəfat etdikdən sonra müqavilə tələbində göstərilən öhdəliklər, müəyyən edilmiş aylıq ödənişlər və sairə onun övladları olan cavabdehlər tərəfindən icra edilməmişdir. Cavabdehlərin müqavilə tələblərini icra etməkdən qərəzli olaraq yayınmağına baxmayaraq, onlar qanunsuz olaraq mənzilə daxil olmuş və hazırda, orada yaşayırlar. Cavabdeh2 pretenziya məktubu göndərərək anası X5 öldüyünü, anası öldükdən sonra onların müqavilə tələbi üzrə öhdəlikləri icra edə bilmədiklərini, kooperativin üzvlüyünə qəbul edilmək istəmədiklərini, "xxxx" MTK ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə xitam verilərək anası tərəfindən ödənilmiş ümumi 23200 manat pulun ona qaytarılmasını və ünvan 1 ünvanında tikilən binanın tikintisi başa çatdıqdan sonra, həmin binanın “A” girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80.3 kv.m olan 2 otaqlı 84 saylı mənzili "xxxx" MTK-ya geri qaytarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, payçı olmuş X7 öldükdən sonra qızı Cavabdeh2 MTK-ya pretenziya məktubu göndərməsinə baxmayaraq, qardaşı olan Cavabdeh1 mənzilə daxil olaraq müqavilə öhdəliklərini icra etmədən qanunsuz olaraq mənzildə yaşayır və nəticədə, MTK tərəfindən onların kooperativin üzvlüyünə qəbul edilməsi mümkünsüz olur. "xxxx" MTK payçı olmuş X5 övladlarının müqavilə tələbi üzrə öhdəlikləri icra etmək vəzifələrini öz öhdələrinə götürərək kooperativin üzvlüyünə qəbul olmaq istədikləri olduğu halda, onları üzvlüyə qəbul edə bilər. Lakin göründüyü kimi, Cavabdeh2 MTK-ya pretenziya məktubu göndərərək anasının ölümündən sonra onun müqavilə öhdəliklərinin icrasının təmin edilməsi ilə əlaqədar maddi imkanının olmamasını, anası tərəfindən MTK-ya ödənilmiş 23200 manat pulun ona qaytarılmasını və 2 otaqlı 84 saylı mənzilin "xxxx" MTK-ya qaytarılmasını tələb etmişdir. Eyni zamanda, cavabdeh qeyd olunan mənzildə qanunsuz yaşamaqla bərabər, mənzildə yaşayan digər şəxslərə də narahatlıqlar yaratdığı üçün müqavilə tələblərini pozmuş və nəticədə, dəfələrlə Abşeron rayon Polis İdarəsinə müraciətlər edilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, onun anası X7 "xxxx" MTK-dan aldığı mənzilə görə 23200 manat ödəniş etmişdir. Lakin sonradan anası vəfat etmiş və hazırda, o, iddia ərizəsini qəbul edərək təmin olunmasını xahiş edir. Belə ki, iddia tələbinin təmin edilməsinin onun hüquqlarının pozulmasına təsir etməyəcəyini hesab edir. Həmçinin, müqaviləyə xitam verilməklə anası tərəfindən verilmiş ödəniş məbləğinin ona geri qaytarılmasını istəyir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı "xxxx" MTK ilə alıcı X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanında tikilən binanın inşası başa çatdıqdan sonra həmin binanın “A” girişi 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80.3 kv.m olan 2 otaqlı 84 saylı mənzili kooperativ payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, payçı mənzilin dəyərini bu müqavilənin 3-cü bəndində (tərəflər arasında hesablamalar) göstərilən şərtlərlə ödəməyi, hazır mənzil təqdim edildikdə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, mənzilin ümumi dəyəri 80.3 kv.m x 700 manat = 56210 manat müəyyən olunmuşdur. Payçı müqavilə imzalandığı tarixdə mənzilin ümumi qiymətinin 20000 manat məbləğində ilk haqqı ödəyir. Kooperativ payçıya ödənilən məbləğə görə qəbz verir. Təhvil veriləcək mənzilin ümumi dəyərinin qalan hissəsini payçı proporsional qaydada 56210 - 20000 = 36210 manat (36 ay hər ay 1006 manat pul vəsaitini kooperativin hesablaşma hesabına və ya xəzinəsinə nağd şəkildə ödəməlidir). Əgər payçı aylıq ödənişi gecikdirərsə kooperativ tərəfindən penya hesablanacaq, payçı penya ödəməkdən boyun qaçırarsa, kooperativ müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir. -Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 075094 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 498 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -"xxxx" MTK tərəfindən verilmiş pul pay haqqı ödəniş cədvəlindən görünür ki, X7 mənzilin dəyərindən xx.xx.2017-ci il tarixdə 20000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 700 manat, xx.xx.2018-ci il tarixdə 500 manat və xx.xx.2019-cu il tarixdə 1000 manat ödəniş etmişdir. -X7 tərəfindən imzalanmaqla tərtib olunmuş xx.xx.2017-ci il tarixli öhdəlik barədə sənəddən görünür ki, X7 "xxxx" MTK-da payçılığa üzv olduğu 2 otaqlı mənzilin hər kv.mnin 700 manat pay haqqını ödəməyə razı olduğunu, ilkin olaraq mənzilin ümumi dəyərini 20000 manat, yerdə qalan dəyəri isə 36 ay ərzində ödəməyə razılıq vermişdir. -"xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışlarından görünür ki, X1 ünvan 2 ünvanında tikilən yaşayış binasının 12-ci mərtəbə 84 saylı ümumi sahəsi 80.3 kv.m olan 2 otaqlı mənzilin dəyərindən xx.xx.2017-ci il tarixdə 20000 manat ödəniş etmiş və 36210 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat ödəniş etmiş və 35210 manat, xx.xx.2018-ci il tarixdə 700 manat ödəniş etmiş və 34510 manat, xx.xx.2018-ci il tarixdə 500 manat ödəniş etmiş və 34010 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat ödəniş etmiş və 33010 manat ödəniş qalmışdır. -Cavabdeh2 "xxxx" MTK-ya ünvanlandığı pretenziya məktubundan görünür ki, Cavabdeh2 "xxxx" MTK ilə X9 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləni ləğv edib (xitam verilib) X7 tərəfindən ödənilmiş 23200 manat pulu qaytararaq, ünvan 1 ünvanında tikilən binanın “A” girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80.3 kv.m olan, 2 otaqlı, 84 saylı mənzili təhvil almağı, əks təqdirdə, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. -"xxxx" MTK-nın X6 ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, mənzilin dəyərinin 10 gündən artıq olmayan müddətə tam şəkildə ödənilməsi tələb olunmuş, əks təqdirdə, müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -"xxxx" MTK tərəfindən Abşeron rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətdən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə "xxxx" MTK-dan A bloku 84 saylı mənzili kreditlə almışdır. X7 vəfat etdikdən sonra oğlu Cavabdeh1 bu mənzildə məskunlaşmışdır. Cavabdeh1 mənzildə yaşadığı müddətdə dəfələrlə qonşuların mənzillərini suya basmış və davamlı olaraq qonşuları mənzildən gələn səs-küylə narahat edir. Mühafizəçilərin və sakinlərin müşahidəsinə görə mənzildə həmişə naməlum şəxslər toplaşır, özlərinin qeyri-etik davranışları ilə uşaqlarda qorxu hissi yaradaraq sakinlərə narahatlıq törədirlər. Cavabdeh1 bu davranışları, gecə-gündüz şübhəli şəxslərin bu mənzilə gəlib-getməsi mənzildə narkotik vasitələrin qanunsuz dövriyyəsi haqda şübhələr yaradır. Gələcəkdə bu mənzildə və ümumi binada hər hansı neqativ hadisənin baş verməməsi üçün bu barədə tədbir görülməsi xahiş olunmuşdur. -Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZE № 08213350 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 Bakı şəhəri Nərimanov rayonu A.M.Cümə küçəsi 11A saylı evin 27 saylı mənzilində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu Masazır kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, payçı X2 "xxxx" MTK ilə bağladığı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının “A” girişi 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80.3 kv.m olan 2 otaqlı 84 saylı mənzili almış və dəyəri 56210 manat müəyyən edilmiş mənzilin dəyərindən ilkin olaraq 20000 manat ödəniş etməklə 36 ay ərzində hər ay 700 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında, iddiaçı öz öhdəliyini yerinə yetirərək mənzili payçıya təhvil vermiş, lakin payçı mənzili təhvil alsa da müqavilə üzrə müəyyən olunmuş müddətlərdə və məbləğdə mənzilin dəyərindən ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən də iddiaçı "xxxx" MTK müqavilənin ləğv edilməsi və mənzilin cavabdehlərdən, yəni payçının övladları olan Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti üzrə Qərarı”nda göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X3 tərəfindən mənzilin dəyərindən sonuncu dəfə ödəniş olaraq xx.xx.2019cu il tarixdə 1000 manat ödəniş edilmiş, lakin payçının xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində MTK tərəfindən inşa edilmiş yaşayış binasının “A” blok 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80.3 kv.m olan 2 otaqlı 84 saylı mənzildə məskunlaşmış cavabdehlərin, yəni payçının övladları Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda məskunlaşmaqla sözügedən mənzilə dair analarından miras qalmış əmlaka sahiblik etməklə vərəsə olmaq hüququnu yaratmışdır. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunun və Plenum Qərarının hüquqi mövqeyinə istinad edərək, məhkəmə qeyd edir ki, vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək cavabdehin izahatı əsasında müəyyən etmişdir ki, cavabdehlər mərhum analarının müqavilə əsasında aldığı mənzilə sahiblik etməklə miras əmlaka vərəsə olmaq hüquqları olduğu halda qanunla müəyyən edilmiş müddətdə həmin əmlaka vərəsə olmamış, miras əmlakı qəbul etməkdən imtina etmiş, hətta məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək mənzilin dəyərindən ödənilmiş pul vəsaitinin geri qaytarılmaqla mənzildən çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə də, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərindən də göründüyü kimi, alıcının müqavilə əsasında alınmış mənzilin dəyərindən ödənişləri gecikdirməsi Kooperativin müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etmək hüququnu yaratmışdır. Eyni zamanda, Mülki Məcəllənin: 1133.1. maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə həmçinin, qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə əsasən, Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Qanunun, həmçinin, Plenum Qərarının tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdehlərin miras qalmış əmlaka münasibətdə vərəsəliyi qəbul etməməklə vərəsəlik şəhadətnaməsini almamaları onların tələbkar qarşısında müqavilə üzrə öhdəliyin icrasından yayınmasını ehtiva etmir. Bu səbəbdən də, iddiaçı "xxxx" MTK mərhum X3nın övladları, yəni, Cavabdeh1 Feyruz oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi irəli sürməyə subyektiv hüququ yaranmaqla həmin cavabdehlərə qarşı iddia irəli sürməkdə haqlı olmuşdur. Beləliklə, mülki iş materialları əsasında müəyyən olunmuşdur ki, X7 mənzilin dəyərindən xx.xx.2017-ci il tarixdə 20000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 700 manat, xx.xx.2018-ci il tarixdə 500 manat və xx.xx.2019-cu il tarixdə 1000 manat olmaqla, cəmi 23200 manat ödəniş etmiş və ümumi dəyəri 56210 manat müəyyən edilmiş mənzilin dəyərindən cəmi 33010 (56210-23200=33010) manat borcu qalmışdır. Belə ki, cavabdehlər müqavilə üzrə kreditor qarşısında mərhum analarının müqavilə öhdəliyinin icrası kimi ödənişləri etməli olduğu halda, ödənişlərin edilməsindən yayınmışlar. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehlərin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı”nda göstərilmişdir ki, Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər Kooperativin verdiyi mənzil, bağ, qaraj və ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 112.1-ci maddəsinə əsasən, kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə Kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər Kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və Kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə Cavabdeh2 iddia tələbinin təmin olunmasına dair etirafını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, "xxxx" MTK ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ləğv edilməli, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında inşa edilən yaşayış binasının “A” giriş 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80.3 kv.m olan 2 otaqlı 84 saylı mənzildən çıxarılmalı, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının “A” giriş 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80.3 kv.m olan 2 otaqlı 84 saylı mənzil "xxxx" MTKya geri qaytarılmalı, mənzilin dəyərindən ödənilmiş 23200 manat pul vəsaitinin ½ hissəsi, yəni, 11600 manat pul vəsaiti Cavabdeh1, 11600 manat pul vəsaiti isə Cavabdeh2 "xxxx" MTK tərəfindən ödənilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. "xxxx" MTK ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ləğv edilsin. ünvan 2 ünvanında inşa edilən yaşayış binasının “A” giriş 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80.3 kv.m olan 2 otaqlı 84 saylı mənzil "xxxx" MTK-ya geri qaytarılsın. Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında inşa edilən yaşayış binasının “A” giriş 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80.3 kv.m olan 2 otaqlı 84 saylı mənzildən çıxarılsın. "xxxx" MTK tərəfindən mənzilin dəyərindən ödənilmiş 23200 (iyirmi üç min iki yüz) manat pul vəsaitinin ½ hissəsi, yəni, 11600 (on bir min altı yüz) manat pul vəsaiti Cavabdeh1, 11600 (on bir min altı yüz) manat pul vəsaiti isə Cavabdeh2 ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov