Məhkəmə qərarları › İş №e-2(012)-383/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-383/2024

17.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-383/2024 17.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 Sadiq oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 170 kv.m torpaq sahəsinin 40 kv.m hissəsinin üzərində olan tikilidən öz əşyalarını çıxararaq həmin tikilinin giriş qapısının açarlarının İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması (həvalə edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ünvan 1 ünvanında yerləşən 170 kv.m torpaq sahəsinin 40 kv.m hissəsi və həmin 40 kv.m torpaq sahəsi üzərində olan tikilinin alqı-salqısı barədə razılığa gəlmişlər. Alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün notariusa gedilsə də sənədləşmədə müəyyən çatışmazlıqlar olduğu üçün notarial qaydada rəsmiləşdirmə aparılmamışdır. Ancaq cavabdeh həmin torpaq sahəsi və üzərindəki tikili ilə bağlı xx.xx.2021-ci il tarixində Bakı şəhəri 15 saylı notariat ofisində iddiaçıya AR-İİ ******* saylı etibarnamə vermişdir. Cavabdeh pula ehtiyaclarının olmasını, xüsusən də ərinin iddiaçıdan götürdüyü borcun qaytarılması, o cümlədən bizneslərinin yenidən qurulması üçün bu vəsaitə ehtiyac olduğunu bildirmişdir. Buna görə də, sənədləşməni ən qısa zamanda başa çatdıraraq qeyd edilən torpaq sahəsi və üzərindəki evi iddiaçıya təhvil verəcəyini bildirmişdir. İddiaçı cavabdehin həyat yoldaşı X4 əvvəlcədən tanıdığı və onunla aralarında külli miqdarda borc münasibətlərinin yarandığı, ən əsası cavabdeh və onun həyat yoldaşının onda inam yaratdıqları üçün xx.xx.2021-ci il tarixdə torpaq sahəsi və onun üzərindəki tikilinin dəyəri olan 40000 (qırx min) manatı tam şəkildə cavabdehə ödəmişdir. Torpaq sahəsinin və üzərindəki tikilinin dəyərinin tam şəkildə ödənilməsi ilə bağlı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə yazılı iltizam verilmişdir. Həmin iltizam cavabdeh və onun əri tərəfindən imzalanmışdır. Eyni zamanda, qeyd edilən tikilini iddiaçıya satıldığı vaxt cavabdeh və onun həyat yoldaşı iddiaçının razılığı ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B, mənzil 27 və 28-də yaşamışlar. Cavabdehin yoldaşı Rusif Abuzərov iddiaçıdan xahiş etmişdir ki, öz evi təhvil verilənədək iddiaçıdan həmin mənzillərdə yaşamağa icazə versin, o, gələcəkdə mənzillərin kirayəsini ödəyəcəyinə söz vermişdir. İddiaçı da X4 uzun müddət öncə tanıdığını və ona inandığı üçün ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B, mənzil 27 və mənzil 28-də yaşamalarına icazə vermişdir. Tərəflər arasında yaranmış bu münasibətlərə görə də, iddiaçı cavabdehin ünvan 1 ünvanında yerləşən 170 kv m torpaq sahəsinin 40 kv.m hissəsini və həmin 40 kv.m torpaq sahəsi üzərində olan tikilinin ən qısa zamanda ona təhvil veriləcəyinə inanmışdır. Bundan bir müddət keçdikdən sonra, iddiaçının səhhətində ciddi problemlər yarandığı üçün bir müddət cavabdeh və onun əri ilə görüşə bilməmişdir. İddiaçı həmin 40 kv.m tikilidəki kommunal xidmətlərlə bağlı sənədləşməni öz adına keçirmək üçün aidiyyəti üzrə müraciət etmiş və su təchizatı ilə bağlı müvafiq müqavilə bağlayaraq öz adına abonent kodu almışdır. Cavabdehin həyat yoldaşı X9 da iddiaçıdan aldığı 255200 (iki yüz əlli beş min iki yüz) manatı söz verdiyi müddətdə qaytarmadığı üçün iddiaçı cavabdehdən aldığı ünvan 1 ünvanında yerləşən 170 kv.m torpaq sahəsinin 40 kv.m hissəsini və həmin 40 kv.m torpaq sahəsi üzərində olan tikilinin boşaldaraq açarlarının ona təhvil verilməsini tələb etmişdir. Cavabdeh və onun əri hər dəfə iddiaçıya ən qısa zamanda satdıqları evi təhvil verəcəklərini bildirsələr də, bu vaxtadək həmin ev iddiaçıya təhvil verilməmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixində Bakı şəhəri, 15 saylı notariat ofisində verilən AR-İİ ******* saylı etibarnaməyə əsasən tikili və torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını reallaşdıra bilmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, habelə onun nümayəndəsi və vəkili Nümayəndə2 Sadiq oğlu iddianı qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X1, X6 və X2 notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizələrindən görünür ki, İddiaçı həqiqətən də ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini öz pulu hesabına inşa etdirmişdir . İşdə olan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindəki 91 saylı evin su ilə təchiz olunması məqsədilə "xxxx" ASC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Ailə tərkibi 4 nəfərdir. İşdə olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X5 1 ay müddətinə qaytarmaq şərtilə 50000 manat borc vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, ona etibarnamə əsasında verilmiş 1,5 sot torpaq sahəsindəki 44 kv.metrlik tikilini Cavabdeh 40000 manata İddiaçı satmışdır. Həmin tarixdən onun və ya əri X3 bu əmlaka hər hansı iddiası olmayacaqdır. İşdə olan xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, X14 ƏMDK yanında DƏDRX-nin ərazi idarəsindən Reyestr nömrəsi 30801201GT54-10301 Qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2014-cü ildə verilmiş çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsindən ona ayrılmış 170 kv.metr torpaq sahəsindən 40 kv.metr torpaq sahəsini və üzərində yerləşən tikilini sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reyestrdən çıxarışı almağı, tikinti işlərini aparmağı, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, bu barədə müqavilə imzalamağı və s. digər hərəkətləri etməyi X10 verdiyi səlahiyyətləri Cavabdeh ötürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, AR-İİ 300336 saylı etibarnamənin surətindən görünür ki, X14 ƏMDK yanında DƏDRX-nin ərazi idarəsindən Reyestr nömrəsi 30801201GT54- 10301 Qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2014-cü ildə verilmiş çixarişa əsasən ünvan 3 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsindən ona ayrılmış 170 kv.metr torpaq sahəsindən 40 kv.metr torpaq sahəsini və üzərində yerləşən tikilini sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reyestrdən çıxarışı almağı, tikinti işlərini aparmağı, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, bu barədə müqavilə imzalamağı və s. digər hərəkətləri etməyi Cavabdeh verdiyi səlahiyyətləri İddiaçı ötürmüşdür. İşdə olan AZ-İ 227934 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 xx.xx.2006-cı il tarixdə nikaha girmişlər. İşdən görünür ki, mübahisə predmetini təşkil edən torpaq sahəsinin mülkiyyətçisi X12r. F.M.Əsgərov özünə məxsus torpaq sahəsinə və orada yerləşən tikiliyə dair bəzi səlahiyyətləri xx.xx.2018-ci il tarixli etibarnamə ilə Cavabdeh, xx.xx.2021-ci il tarixli etibarnamə ilə isə İddiaçı vermişdir. Bu səlahiyyətlərin içində torpaq sahəsinə dair alqısatqı müqaviləsini rəsmiləşdirmək, bu barədə müqavilə imzalamaq səlahiyyətləri də vardır. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının cavabdehin əri ilə borc münasibətləri olmuş, bu barədə aralarında kredit müqaviləsi imzalanmışdır. İddiaçının deməsinə görə cavabdehin əri borcu vaxtında qaytarmadığından o, Cavabdeh qeyd edilən əmlakı etibarnamə və iltizam əsasında almışdır. Hazırda İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 170 kv.m torpaq sahəsinin 40 kv.m hissəsinin üzərində olan tikilidən öz əşyalarını çıxararaq həmin tikilinin giriş qapısının açarlarının İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması (həvalə edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən sənədlərə və qüvvədə olan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə mübahisə ilə əlaqədar, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcudluğu əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri bilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Mübahisəli evin hüquqmüəyyənedici sənədləri mövcud olmasa da, həmin ev faktiki olaraq mövcuddur, hazırda yaşayış sahəsi kimi istifadə olunur. Bununla belə, həmin evin iddiaçının sahibliyində olması barədə o, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İş materiallarında mübahisəli yaşayış evinin iddiaçının faktiki sahibliyində olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. İddiaçı tərəfindən təqdim edilmiş qonşuların notarial qaydada təsdiq etdikləri ərizələri isə iddiaçının mübahisəli tikilinin sahibi olması nəticəsinə gəlməyə yetərli deyildir. Başqa sözlə, məhkəmə hesab edir ki, mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmək baxımından iddiaçı ilə cavabdehin hər hansı birinin üstünlük hüququ mövcud deyil və onların normal şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, əmlakın iddiaçının faktiki sahiblik və istifadəsində olduğunu təsdiq edən mötəbər sübutlar olmadığından, tərəflərin bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşıldığında isə cavabdehin əşyalarının həmin mübahisəli yaşayış sahəsindən çıxarılması barədə İddiaçı iddia tələbinin əsassız olması şübhə doğurmur. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırki halda isə İddiaçı məhkəmə iclasında cavabdehin mübahisəli evdə yaşamaqla onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçının evlə bağlı hüququ cavabdeh tərəfindən pozulmadığından o, hazırki tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçının mübahisəli evdən cavabdehin əşyalarının çıxarılması barədə tələbi hazırki mərhələdə təmin edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə, məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə işdə olan sənədlərə əsasən qeyd edir ki, iddiaçı əmlakla bağlı ona verilən səlahiyyətlərdən istifadə etməklə onu özgəninkiləşdirə və ya evə görə cavabdehə verdiyi vəsaiti geri tələb edə bilər. Hazırki iddianın isə heç bir hüquqi əsası yoxdur, çünki qüvvədə olan qanunvericiliyə görə etibarnamə və ya iltizam hər hansı şəxsin yaşayış sahəsindən çıxarılması üçün əsas hesab edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar