Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3949/2025 21.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş "Samsung Galaxy S 24 8/256" markalı cihazın qalıq borcu 1974.62 manat borc məbləğinin və ödənilmiş 39.80 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqaviləyə görə sonuncuya dəyəri 1968.19 manat təşkil edən “Samsung Galaxy S 24 8/256” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 109.34 manat olmaqla, 18 ay müddətinə, ********* nömrəsinin balansından silinmə yolu ilə ödəməli olduğu halda, müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri pozaraq heç bir ödəniş etməmişdir. Buna görə də hazırda borcu 1974.62 manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə abonent tərəfindən ardıcıl 2 ay ərzində ödəniş edilmədikdə, abonentin mobil nömrəsi operator tərəfindən ikitərəfli blok olunur və bundan sonrakı 90 gün ərzində borc ödənilmədikdə qalıq borc məbləği bütövlükdə abonentin mobil nömrəsinin balansına borc kimi yüklənir. Odur ki, göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və tədqiq olunmuş: -Operator İddiaçı MMC ilə abonent Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, operator dəyəri 1968.19 manat təşkil edən “Samsung Galaxy S 24 8/256” markalı telefon cihazı və müvafiq xidmətləri abonentə təqdim etməyi, abonent isə həmin cihazı və xidmətləri qəbul edib əvəzində cihazın dəyərini aylıq 109.34 manat olmaqla 18 ay müddətinə operatora ********* nömrəsinin balansından silinmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1974.62 manat yaranmışdır. -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildiriş (pretenziya) məktubundan görünür ki, sonuncuya borcunun 1975.62 manat təşkil etdiyi və xx.xx.2024-cü il tarixli müqavilənin 5.5.2-ci maddəsinə əsasən müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmiş, borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin, dövlət rüsumu, hüquqi xidmət haqqının tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədə “Samsung Galaxy S 24 8/256” markalı telefon cihazın dəyərinin 1968.19 manat təşkil etdiyi qeyd olunmuş, iddia ərizəsində isə cavabdehdən borc məbləği üzrə 1974.62 manat tələb olunmuşdur. İddiaçı sözügedən müqavilə üzrə tələb etdiyi həmin məbləğin - 1974.62 manat nədən yarandığını təsdiq edən hər hansı mötəbər sübutu iş materiallarına əlavə etmədiyindən həmin məbləğini tələb etməsi əsassızdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehdən 1974.62 manat deyil, 1968.19 manat borc məbləği tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə **********49 saylı qəbz əsasında 39.80 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 39.80 manat dövlət rüsumunun 39.68 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 0.12 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1968.19 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 39.68 manat məbləğində vəsait İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 284-1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1968.19 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 39.68 manat məbləğində vəsait İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 0.12 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli e-2(012)-3949/2025 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Abşeron Rayon Məhkəməsi 21 iyul 2025-ci il Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hakim mülki iş üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət başladı. İş materiallarını araşdıraraq qətnamə qəbul etdi. Prosessual hərəkət qurtardı. Protokol 21 iyul 2025-ci il tarixdə tərtib edilmişdir. Hakim: Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3949/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3949/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver