Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4008/2025 04.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi, məcburi buraxılmış əmək dövrü üçün əməkhaqqı, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi, məcburi buraxılmış əmək dövrü üçün əməkhaqqı, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tətbiq edilən xx.xx.2025-ci il tarixli, 054 nömrəli əmrin ləğv edilməsini, məcburi buraxılmış əmək dövrü üçün əməkhaqqı və işəgötürənin təqsiri üzündən dəymiş maddi və mənəvi ziyana görə 10000 manat gecikdirilmiş əmək haqqı üçün hər günə 1 % ödəncin ödənilməsini cavabdeh tərəfdən alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Sabirabad şəhərində doğulmuş, orta təhsilli və ailləlidir, 2 azyaşlı uşaq atasıdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 121 ünvanda fəaliyyət göstərən Cavabdeh ASC-nin satış təmsilçisi kimi əmək müqaviləsi bağlanaraq fəaliyyət göstərməyə başlamışdır. Cavabdeh iddiaçının xx.xx.2025-ci il tarixdə qanunsuz olaraq əmək müqaviləsinə xitam vermiş və Azərbaycan Respublikasının Əmək Məcəllləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək fəaliyyətinə xitam vermişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilərkən ilk öncə ona qabaqcadan xəbərdarlıq edilməli və hansı səbəbdən işdən çıxarıldığı barədə həmkarların rəyi ilə tanış edilməli tanış edilməli idi. Lakin cavabdeh buna məhəl qoymayaraq bunu heçə saymışdır. Cavabdeh ilk öncə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə göstərilən əsaslara zidd hərəkət etmiş, sonra isə ona verilmiş xitamın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72ci maddəsinin “a” bəndinə əsasən işə davamlı və ya üzrsüz səbəbdən gəlmədiyi üçün əsaslandırmış və həmin Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə nəzərən xitam etmişdir. Odur ki, işəgötürən mənim Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən təqsirli hesab edilməyinə dair təsdiq edici hər hansı bir dəlil və ya sənəd (xəbərdarlıq) göndərməmişdir. Həmçinin iddiaçının izahatı istənilməmiş və izahatının verilməsi barədə məlumat rəsmi sənəd formasında da bildirilməmişdir. Cavabdeh iddiaçının işə gəlmədiyi barədə heç bir sənəd təqdim etməmiş, öz xitam əmrini təqdim etməmiş, o cümlədən, əmək kitabçasını da çox gec təqdim etmişdir. Bundan əlavə cavabdeh iddiaçının heç bir şəkildə şifahi və yazılı müraciətinə əsasən xitam əmrini ona təqdim etmir və buna istinadən məcburi şəkildə elektron qaydada tətbiq edilən əmrin surətini və əmək kitabçasında olan müvafiq əmri əldə etmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, 2024-cü ilin iyul ayından etibarən Sabirabadda yerləşən ofisdə işləmiş, hər zaman işdə olmuş, işçilərin davamiyyət jurnalı ilə bağlı məlumatı olmamış, yeni hazırlandığı üçün imzalamamışdır. xx.xx.2025-ci il tarixdə döyüldüyünə görə işə getməmiş, polisə müraciət etmişdir. Belə ki, filial rəhbəri ona əl qaldıraraq onu təhqir etmiş, ekspert iddiaçının xəsarəti ilə bağlı rəy vermiş, qorxduğuna görə işə getməmişdir. 06-07 mart tarixlərində, işləri təhvil-təslim edərək uzaqlaşmışdır. Ümumiyyətlə, işə getməməyi ilə bağlı iddiaçıdan izahat alınmamışdır. Cavabdeh ASC-yə çoxsaylı müraciətləri cavabsız qalmış, işə gəlməməklə bağlı ASC-nin məktubu ona verilməmiş, əmək kitabçasının öz istəyi üzrə göndərilməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona təqdim edilməmişdir. 4-5 aydır ki, sözügedən maddəyə görə iş tapa bilmir, məhkəməyə də borc alıb gəlmişdir. Cinayət işinin başlanmasının rədd qərarını yeni əldə edib və şikayət verəcək. Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, əmr teleqramla iddiaçının ünvanına göndərilmişdir. Həmçinin işə gəlməməsi ilə bağlı məktub da göndərilmişdir. Filialda işçilərin davamiyyət cədvəli olur, həmin cədvəldə işçilərin işə gəlib-çıxması ilə bağlı qeyd olunur. İzahatının alınması üçün işçi işə gəlməlidir. Bundan əlavə şirkətlərində Həmkarlar İttifaqının olmadığını bildirmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı işə gəlmədiyinə görə Əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən xaric edilmişdir. 6 günlük iş rejimində işləməsinə baxmayaraq, iddiaçı 15 gün işə gəlməmişdir. Rəsmi qaydada iddiaçıya xəbərdarlıq edilmişdir. İşçi işə gəlmədiyi halda izahatı alına bilməz. Tabeldə qeyd olunmuş “i.g” – “işə gəlməyib” deməkdir. Poçt vasitəsilə məlumat verildiyinə görə əmr gec təqdim edilmişdir. Bundan əlavə 71.2-ci maddəsinə görə müəssisənin fəaliyyətinə ziyan vurmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Tarixçədən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, xxxxxxx000200 nömrəli müqavilə əsasında Cavabdeh ASC-də satış təmsilçisi vəzifəsində işə götürülmüş, rəsmi əməkhaqqı məbləği 500 manat təşkil edir. -4800927 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin Region üzrə satış bölməsində satış təmsilçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını yerinə yetirmədikdə maddəsinə əsasən) işdən azad edilmişdir. -Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh ASC-yə əmək müqaviləsi işə bərpa və 70-ci maddənin ç bəndinin ləğvinə dair təklif göndərilmişdir. -Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X6 Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1/92 saylı məktubdan görünür ki, Sabirabad RPF-nin MXŞ-dən xx.xx.2025-ci il tarixdə Abşeron rayon Xırdalan şəhər H.Əliyev 121 ünvanda yerləşən Cavabdeh ASC-yə göndərilmiş SS913562327AZ saylı məktub xx.xx.2025-ci il tarixdə ünvanı üzrə çatdırılmışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X6 Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1/116 saylı məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla İddiaçı ünvanına xx.xx.2025-ci il tarixdə Xırdalan şəhəri Cavabdeh ASC tərəfindən SX034136841AZ saylı ştrix kodlu qeydiyyatlı məktub göndərilmiş və ünvan üzrə ona çatdırılması mümkün olmadığı üçün göndərişçinin ünvanına geri qaytarılmışdır. -xx.xx.2025-ci il tarixli, 054K saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, Cavabdeh ASC-nin “Kommersiya Departamenti/Satış Şöbə/Region üzrə Satış Bölməsi/Saatlı” bölməsində “satış təmsilçisi” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “AR Əmək Müqaviləsinin 70.“ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsinə, işçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər istifadə edilməmiş 14 məzuniyyət gününün son haqq-hesab qanunvericiliyinə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə (departamentinə) həvalə edilməsinə əmr edilmişdir. -Cavabdeh ASC tərəfindən İddiaçı SX034136841AZ tranzaksiya nömrəli göndərişlə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 182 saylı məktubda qeyd olunur ki, İddiaçı xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan iş günlərində hər hansı bir üzrlü səbəb göstərmədən 3 iş günü işə gəlməyəcəyi barədə qabaqcadan müəssisənin aidiyyatı şəxslərinə heç bir yazılı və ya şifahi məlumat vermədən bütün iş günü işə gəlməmişdir. Sonuncuya işə gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olduğunu təsdiq edə biləcək müvafiq sənədin müəssisənin aidiyyatı şəxslərinə təqdim edilməsi tələb olunmuş, əks təqdirdə qeydiyyat ünvanına göndərilən xəbərdarlıq məktubuna cavab verməməsi və işə çıxmaması səbəbilə AR Əmək Məcəlləsinə uyğun proseduran həyata keçiriləcəyi bildirilmişdir. -Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin elektron sistemindən çıxarışdan görünür ki, SX034136841AZ tranzaksiya nömrəli göndəriş xx.xx.2025-ci il tarixdə regional çeşidləmə mərkəzindən poçt şöbəsinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə çatdırılma cəhdi uğursuz olmuş, xx.xx.2025-ci il tarixdə alıcıya (İddiaçı) çatdırılmışdır. -Region satış müdiri X2, Təftiş bölmə müdiri X3 və İR üzrə aparıcı mütəxəssis X5 tərəfindən imza edilərək tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə satış bölməsində satış təmsilçisi vəzifəsində çalışan İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə 16 iş günü işə gəlməmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli, 054K saylı əmri ilə Cavabdeh ASC-nin işçisi (işə başlama tarixi xx.xx.2024-cü il) İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. -Sabirabad rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, pois kapitanı X4 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 472 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə, qəbul olunmuş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokuroruna göndərilməsinə, həmçinin qəbul edilmiş qərarın surəti İddiaçı göndərilməklə qərarla razılaşmadığı halda AR CPM-nin 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ olmasının izah olunmasına qərar verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2 və 3-cü hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “a” bəndinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 186.2-ci maddəsinin “ç” bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Bu halların məcmusu məhkəməyə onu deməyə əsas verir ki, iddiaçının yazılı şəkildə izahatı alınmamış, işçi işə gəlməmə əsası ilə işdən azad edilmiş, bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddianın əksini sübuta yetirə bilməmişdir. Həmçinin cavabdehə mübahisəli əmrin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi üçün sorğu verilsə də, məhkəmə sorğusuna cavab verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əmr ləğv edilməlidir. Əmək Məcəlləsinin: 74.2-ci maddəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddiaçının məcburi buraxılmış əmək dövrü üçün əməkhaqqı ödənilməsi tələbinə münasibətdə qeyd olunmuş normalara əsasən hesab edir ki, qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi nəzərdə tutulduğundan və iddiaçı tərəfindən işə bərpa tələbi irəli sürülmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa iddiaçı iddia tələbində əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsini tələb etməsinə baxmayaraq, məhkəmə həmin hissədə iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin Qeyd hissədinə əsasən «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında ifadə olunan mövqeyə əsasən qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Hazırki mübahisə üzrə isə cavabdeh tərəfindən əmək haqqının verilməsinin gecikdirilməsi müəyyən edilmir, iddiaçı tərəfindən də həmin halı təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə xitam vermiş, bunun hüquqi nəticəsi olaraq da iddiaçıya əmək haqqı ödənilməsini dayandırmışdır. Məhkəmə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçiyə əmək haqqı ödənilməsinin dayandırılmasını əmək haqqının gecikdirilməsi kimi qiymətləndirmir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normasından da göründüyü kimi əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməsinin 2 şərti müəyyən edilmişdir: 1) əmək haqqının verilməsi gecikdirilməli və 2) bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməsi. Məhkəmə araşdırması zamanı birinci şərt, yəni cavabdehin əmək haqqının verilməsinin gecikdirilməsi sübut olunmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə iddia tələbinin maddi və mənəvi zərərə görə 10000 manatın cavabdehdən alınaraq ona verilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Mülki Məcəllənin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək qeyd edir ki, iddiaçı maddi və mənəvi ziyana görə cavabdeh tərəfindən 10000 manat ödənilməsini iddia etsə də, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini, iddia tələbinin əsası kimi istinad etdiyi həmin halı sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir, həmçinin məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi 10000 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC-nin xx.xx.2025-ci il tarixli, 054K saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-nin xx.xx.2025-ci il tarixli, 054K saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4008/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4008/2025
04.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver