Məhkəmə qərarları › İş №e-2(012)-403/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-403/2023

03.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-403/2023 03.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa olunma tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa olunma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "A+CO" ASC-nin 208/K saylı 04 iyul 2022-ci il tarixli əmrinin ləğv edilməsi və onun "A+CO" ASC-də tutduğu satış təmsilçisi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, "A+CO" ASC-də 05 aprel 2019-cu il tarixdə əmək fəaliyyətinə başlamışdır. Fəaliyyət müddətində işinə daim vicdanla yanaşmış və vəzifə səlahiyyətlərinin icrasında məsuliyyətli olmuşdur. 04 iyul 2022-ci il tarixdə "A+CO" ASC-nin 208/K saylı, 04 iyul 2022-ci il tarixli əmrinə əsasən o, müəssisənin satış təmsilçisi vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Onun vəzifədən azad edilməsinin əsası barədə məlumat alınması üçün "A+CO" ASC-yə müraciət etmişdir. Müraciətinə cavab ala bilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, "A+CO" ASC tərəfindən onun tutduğu vəzifədən azad edilməsi üçün əsas olmuş hər hansı bir maliyyə yoxlanış aktı olmadığı təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi əsassızdır. "A+CO" ASC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsini əsaslandırmadan əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinin pozulmasıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, hazırki mübahisə üzrə iddia müddəti ötürülmüşdür. Nümayəndə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli, 310K saylı əmrlə Cavabdeh ASC-də satış təmsilşisi vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixli 208K saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaq tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 208K saylı əmrin surətindən görünür ki, Cavabdeh ASC-də satış təmsilşisi vəzifəsində işləyən İddiaçı həmin tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 172-ci maddənin “c” bəndində sadalanan hallar (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) rəhbər tutularaq tutuğu vəzifədən azad edilmiş, xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün 21 gün, xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 5 gün olmaqla, toplam 26 gün məzuniyyət günləri kompensasiya edilmişdir. Əmrə əsas kimi sərbəst auditin çatışmazlıq barədə rəyi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müstəqil auditor hesabatından (rəyindən) görünür ki, Cavabdeh ASC-də satış təmsilşisi vəzifəsində işləyən İddiaçı işlədiyi dövr araşdırılarkən onun hesabında 18739,57 manat çatışmazlıq müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-də satış təmsilşisi vəzifəsində işləyən İddiaçı Cəmiyyətin rəhbərliyinə yazdığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, işlədiyi dövr ərzində Cəmiyyətə məxsus 17782 manatlıq malı rəhbərliyə məlumat vermədən, satılaraq planı doldurmaq məqsədilə tanıdığı müxtəlif şəxslərə vermişdir. Yaranmış kəsri 3 ay müddətinə ödəyəcəyi, əks təqdirdə özünə məxsus avtomobili Cəmiyyətin adına keçirəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan Abşeron rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh ASC-də satış təmsilşisi vəzifəsində işləyən İddiaçı işlədiyi müddətdə hesabında 18739,57 manat satış pulu çatışmazlığı barədə Cəmiyyətin şikayət ərizəsi üzrə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsilə ********* saylı cinayət işi başlanılmışdır. Həmin iş üzrə şahid kimi dindirilmiş İddiaçı xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsində ümumilikdə 16240,45 manatlıq malların müxtəlif şəxslərdə olduğunu etiraf etmişdir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixli, 310K saylı əmrlə Cavabdeh ASC-də satış təmsilşisi vəzifəsinə təyin edilmiş və xx.xx.2022ci il tarixli 208K saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaq tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2 və 3-cü hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İş materiallarından görünür ki, Cavabdeh ASC-də satış təmsilşisi vəzifəsində işləyən İddiaçı hərəkətləri (hərəkətsizliyi) nəticəsində mal çatışmazlığı müəyyən edilmiş, bununla bağlı onun xx.xx.2022-ci il tarixdə ilkin izahatı alınmışdır. Bu ərizə ilə İddiaçı etiraf etmişdir ki, işlədiyi dövr ərzində Cəmiyyətə məxsus 17782 manatlıq malı rəhbərliyə məlumat vermədən, satılaraq planı doldurmaq məqsədilə tanıdığı müxtəlif şəxslərə vermişdir. Bundan sonra Cəmiyyət ona vurulmuş ziyanın miqdarını müəyyən etmək məqsədilə müstəqil auditor dəvət etmiş və xx.xx.2022-ci il tarixli müstəqil auditor hesabatı ilə Cavabdeh ASC-də satış təmsilşisi vəzifəsində işləyən İddiaçı işlədiyi dövr araşdırılarkən onun hesabında 18739,57 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlığı aradan qaldırmadığından Cavabdeh ASC şikayət ərizəsilə müvafiq prokurorluq orqanına müraciət etmiş, Abşeron rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə həmin fakt üzrə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsilə ********* saylı cinayət işi başlanılmışdır. Həmin iş üzrə şahid kimi dindirilmiş İddiaçı xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsində ümumilikdə 16240,45 manatlıq malların müxtəlif şəxslərdə olduğunu etiraf etmişdir. Beləliklə, iş materialları ilə İddiaçı işçi kimi təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində Cavabdeh ASC-yə maddi ziyan vurması öz təsdiqini tapdığından bu hal onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması barədə 208/K saylı 04 iyul 2022-ci il tarixli əmr qanunidir. Bu əmrin ləğv edilməsi üçün məhkəmə heç bir əsas tapmır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən A+CO» ASC tərəfindən əmək qanunvericiliyi pozulmamış, bu xüsusda əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir. İşin bu halları məhkəməyə təqdim edilən sənədlərlə sübut olunur. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından və iddiaya etirazın dəlilləri işin məhkəmə baxışında tədqiq olunan sənədlərlə öz təsdiqini tapdığından, İddiaçı Cavabdeh ASC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa olunma barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti İddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, iddiaçı 208/K saylı 04 iyul 2022-ci il tarixli əmrlə bağlı müdiasiya prosesinə xx.xx.2022-ci il tarixdə başladığından Əmək Məcəlləsində nəzərdə tutulmuş müddətlərlə bağlı tələblərə əməl etmiş, əmri vaxtında mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa olunma barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar