Məhkəmə qərarları › İş №e-2(012)-4077/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4077/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4077/2023 16.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı Seyidova İlhamə Babulla qızının, Cavabdehin vəkili Nəsibli Ülvi Mətləb oğlunun iştirakı ilə, İddiaçı Seyidova İlhamə Babulla qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Seyidova İlhamə Babulla qızı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Seyidova İlhamə Babulla qızı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 16 saylı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102 kv.metr olan, 2 otaqlı, 43 saylı mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102 kv.metr olan, 2 otaqlı, 43 saylı mənzildən iddiaçının istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, iddiaçının mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Seyidova İlhamə Babulla qızı iddiasını müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili Nəsibli Ülvi Mətləb oğlu məhkəmə iclasında iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı Seyidova İlhamə Babulla qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında mübahisə xx.xx.2011-ci il tarixli, 16 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilib-yetirilməməsi barədədir. Həmin müqavilənin 3.4 və 3.5-ci bəndlərinə görə tərəflər mübahisənin məhkəməyə qədər həlli qaydalarını öz aralarında müəyyənləşdirmişlər. Qüvvədə olan prosessual qanunvericiliyə görə isə bu qaydalara əməl etmədən iddia ərizəsilə birbaşa məhkəməyə müraciət edilərsə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. Bundan başqa, işdən görünür ki, iddiaçı Seyidova İlhamə Babulla qızı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Seyidova İlhamə Babulla qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi barədə iddia ərizəsinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı Seyidova İlhamə Babulla qızının hazırki mülki iş (e-2(012)-4077/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı Seyidova İlhamə Babulla qızına qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar