Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4083/2023 22.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə X1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.m olan 1 otaqlı, 75 saylı mənzili və həmin binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.m olan 1 otaqlı, 77 saylı mənzilinin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzillərə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.m olan 1 otaqlı, 75 saylı mənzildən və həmin binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.m olan 1 otaqlı, 77 saylı mənzildən iddiaçının istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, iddiaçının mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında mübahisə xx.xx.2011-ci il tarixli 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələr üzrə öhdəliklərin yerinə yetirilib-yetirilməməsi barədədir. Həmin müqavilələrin 3.4 və 3.5-ci bəndlərinə görə tərəflər mübahisənin məhkəməyə qədər həlli qaydalarını öz aralarında müəyyənləşdirmişlər. Qüvvədə olan prosessual qanunvericiliyə görə isə bu qaydalara əməl etmədən iddia ərizəsilə birbaşa məhkəməyə müraciət edilərsə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı cinayət mühakimə icraatı ilə bağlı bir sıra səlahiyyətləri vəkili Nümayəndə vermiş, hazırki iddia ərizəsini Nümayəndə bu etibarnamədən istifadə edərək imzalamışdır. Halbuki bu etibarnamə ilə ona iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmişdir. Başqa sözlə, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 66-cı maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi barədə iddia ərizəsinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı hazırki mülki iş (e-2(012)-4083/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-4083/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4083/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver