Məhkəmə qərarları › İş №e-2(012)-4134/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4134/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4134/2024 26.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz sahibliyində olan mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə öhdəliyi olaraq qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət reyestrindən adına verilmiş **********24-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05 sentyabr 2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin boşaldılaraq ona təhvil verilməsinin Cavabdeh üzərinə vəzifə öhdəliyi olaraq qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmlakı ipoteka saxlayan "xxxx" Açıq Səhimdar Cəmiyyəti, əmlakın alıcısı olaraq İddiaçı və əmlakın satıcısı olaraq Cavabdeh arasında Bakı şəhəri 3 saylı notariat ofisində bağlanmış RB/İKNR-356 №-li alqı-satqı və ipoteka müqaviləsinə əsasən dövlət reyestrindən cavabdehin adına verilmiş, ********** qeydiyyat nömrəli, 27 dekabr 2022-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi evin iddiaçıya satılmasına dair 01 sentyabr 2023-cü il tarixli müqavilə imzalanaraq bağlanmışdır. Müqavilənin 2.2.1-2.2.5-ci bəndlərinin tələblərinə görə (satıcı) Cavabdeh üzərinə bir neçə öhdəlik götürmüşdür. Onlardan da biri də əmlakın dəyərini tam aldıqdan sonra 30 gün ərzində evi yardımçı vasitələri ilə birlikdə iddiaçıya (alıcı, ipoteka qoyan) təhvil verməsi barədədir. Lakin cavabdeh üzərinə götürdüyü bu öhdəliyi bu günə kimi icra etməmişdir. Göstərilənlərə əsasən dövlət reyestrindən adına verilmiş **********24-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05 sentyabr 2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin boşaldılaraq İddiaçı təhvil verilməsinin Cavabdeh üzərinə vəzifə öhdəliyi olaraq qoyulması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, dövlət reyestrindən adına verilmiş **********24-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05 sentyabr 2023-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən Cavabdeh çıxarılması və həmin evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, hərbiçi olduğunu və bu səbəbdən işdən çıxa bilmədiyinin nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə alıcı(ipoteka qoyan)-borcalan İddiaçı və satıcı Cavabdeh arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli, RB/İKNR-356 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini alıcı-ipoteka qoyana satmış, götürülmüş 150.000 manat kredit məbləğinə görə həmin ev "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ipotekaya qoyulmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı tam mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi **********dur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 33-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmış, götürülmüş 150.000 manat kredit məbləğinə görə həmin ev "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ipotekaya qoyulmuşdur. Hazırda qeyd olunan evin mülkiyyətçisi İddiaçıdur. Lakin evin əvvəlki mülkiyyətçisi olan Cavabdeh satdıqdan sonra evi tərk etməmişdir. Bununla da cavabdeh mülkiyyətçi kimi İddiaçı dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 99,60 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evi İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumuna görə 99,60 (doxsan doqquz manat, altmış qəpik) manat Cavabdeh alınaraq İddiaçı verilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar