Məhkəmə qərarları › İş №e-2(012)-4137/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4137/2024

19.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4137/2024 19.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehin mənzildən çıxarılması və əmlakın boşaldılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı fərdi yaşayış evinin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 1A, 50-ci mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh2 məxsus, Abşeron ray., Xırdalan şəh., 27-ci məhəllədə yerləşən 2 otaqlı, ümumi sahəsi 82.75 kv.metr, yaşayış sahəsi 59.99 kv.metr, yardımçı sahəsi 22.76 kv.metr olan 1 “A” saylı evin 50-ci mənzilinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-3989/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-ci il tarixli “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışdan göründüyü kimi, Abşeron ray.,Xırdalan şəh., məh. 27, ev 1A, 50-ci mənzildə Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 qeydiyyatda olmaqla yaşayır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh6 iddia tələbini qəbul etmədiklərini bildirdilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarından olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-989/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)-2039/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin qərardn görünür ki, Abşeron rayon məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(012)- 3989/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.İ.Səfiyeva) iddiaçı “Nikyol" İKB ASC Cavabdeh2 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə 28 yanvar 2015-ci il tarixli kredi müqaviləsi üzrə əsas borca görə 17.630,52 ABS dolları, faiz borcuna görə 10.268,59 ABŞ dolları, hesablanmış cəriməyə görə 50 ABŞ dolları, cəmi 27.949,11 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 2 otaqlı, ümumi sahəsi 82,75 kv.metr, yaşayış sahəsi 59,99 kv.metr, yardımçı sahəsi 22,76 kv.metr olan 1 “A” saylı evin 50-ci mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilən vəsait hesabına Cavabdeh2 iddiaçı təşkilata olan borcunun ödənilməsinin təmin edilməsi, ipoteka predmeti olan mənzilin ilkinsatış qiymətinin 80.000 manat müəyyən edilməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)-2039/2019 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, S.A.Qafari və F.Ə.Məmmədov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron rayon məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş və Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 2 otaqlı, ümumi sahəsi 82,75 kv.metr, yaşayış sahəsi 59,99 kv.metr, yardımçı sahəsi 22,76 kv.metr olan 1 “A" saylı evin 50-ci mənzilinin ilkin satış qiymətinin 82.000 manat məbləğində müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən, iddiaçı təşkilatın apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilib. İş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında, ümumi sahəsi 82.75 kv.metr olan mənzil İddiaçı ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarından olan “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında Cavabdeh2, Cavabdeh4 X6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 qeydiyyatdadırlar. İş materiallarından olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli MAPS arayışlarından müəyyən edilir ki, X3, X6, X4, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi məhkəmə qətnaməsinə əsasən iddiaçının mülkiyyətinə keçirilmiş və bu barədə ona müvafiq çıxarış verilmişdir. Hazırda daşınmaz əmlak üzrə orada yaşayan şəxslər həmin əmlakda yaşayırlar və oranın boşaldılmasından imtina edirlər. Bu səbəbdən iddiaçı həmin şəxslərin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan təminatların əsas mahiyyəti həm də ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzilin sahibinin iradəsi ziddinə heç kəs mənzilə zorla daxil ola bilməz. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra — “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır və cavabdehlərin iddiaçının mülkiyyətində olan evdən istifadə etmələri mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia tələbi əsaslıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 1A, 50 saylı mənzildən faktiki yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 həmin evdən əşyaları ilə birlikdə çıxarılmalı və daşınmaz əmlak boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 1A, 50 saylı mənzildə faktiki yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 həmin evdən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar