Məhkəmə qərarları › İş №e-2(012)-4194/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4194/2024

07.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4194/2024 07.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 089K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının öz ərizəsinə əsasən işdən azad edilməsi, həmin qanunsuz əmrə görə işləyə bilmədiyi üçün məhkəmə qətnaməsi qəbul edilənədək aylıq əmək haqqının 1 misli miqdarında kompensasiyanın, vəkilə ödənilmiş 300 manat xidmət haqqının, mediasiya və kargüzarlıq xidmətlərinə görə 60 manat olmaqla ödənilmiş 360 (üç yüz altmış) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 06K nömrəli əmrə əsasən xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC-nin Kommersiya departamentinin Satış şöbəsinin Pərakəndə satış bölməsində satış təmsilçisi vəzifəsinə (əlavə iş yeri kimi) təyin edilmiş, xx.xx.2024-cü il tarixində isə həmin iş yeri əsas iş yeri kimi əvəz edilib, əmrin nömrəsi əmək kitabçasında qeyd edilməmişdir. İddiaçı müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 089K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ‘ç’ bəndinə əsasən 72ci maddədə sadalanan hallarda kobud şəkildə pozduğunu və işə gəlmədiyini qeyd edərək iddiaçını tutduğu vəzifədən azad edərək onunla bağladığı əmək müqaviləsini ləğv etmişdir. Həmçinin iddiaçı barəsində xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün 11 gün məzuniyyət günlərinin kompensasiya edilməsi əmrdə qeyd edilmişdir. İddiaçı bu əmrdə göstərilən səbəblərlə qətiyyən razılaşmır və işəgötürənin onu sözügedən əsasla onu işdən çıxarmasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixində faktiki olaraq eyni sahibkara məxsus və eyni işi görən “A+CO” ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin Pərakəndə satış bölməsində təcrübəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixində 066K nömrəli əmrə əsasən satış təmsilçisi vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixində 031K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Həmin gün də sahibkara məxsus Cavabdeh MMC-yə işə götürülmüşdür. Həmin MMC-də və “A+CO” MMC-də işlədiyi müddətdə işə qəbul və işdən çıxma ərizələri eyni anda alındığı üçün iddiaçı ancaq satış sənədləri dəyişəndə bilmişdir ki, bir Cəmiyyətdən digər Cəmiyyətə keçmişdir, çünki iş qaydası və satılan mallar heç vaxt dəyişməmişdir. İddiaçı 2024-cü ilin aprel ayının 30-da MMC-nin bölgə müdiri Faiq Abbasova müraciət edərək işdən çıxmaq istədiyini bildirmiş, o isə rəhbərliyə bildirdikdən sonra işdən çıxa biləcəyinində bir problem olmadığını bildirmişdir. Səhəri gün işə gəldikdə Faiq Abbasov ərazini digər satış təmsilçisinə təhvil verilməsinin zəruri olduğunu bildirmişdir. İşdən çıxma ərizəsini əvvəlcədən ondan aldıqları üçün təkrar ərizə yazmamış, bölgə müdirinin təklifi ilə razılaşaraq, ərazini audit qrupundan Mehdi adlı şəxsin iştirakı ilə adını unutduğu yeni satış təmsilçisinə təhvil vermə prosesinə başlamışdır. Təhvil-təslim prosesi 20 gündən çox davam etmiş, həmin günlərdə də daim işə gedərək, ərazidə olmuş, təhvil prosesi yekunlaşdıqdan sonra da hər gün işə gedib işdən çıxma barədə əmrin və əmək kitabçasının ona verilməsini xahiş etmişdir. Bu səbəbdən əmrdə qeyd olunan işə gəlməmə ilə bağlı iddialar tam əsassızdır. Cavabdeh MMC-nin Problemli iş şöbəsinin müdiri Aqşin adlı şəxs onu xx.xx.2024-cü il tarixində yanına çağıraraq, Cəmiyyətə 4400 manat borcu olduğunu bildirmiş, həmin pulu ödəməyəcəyi təqdirdə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılacağını, bundan sonra heç bir yerdə işə götürülməcəyini deməklə hədələmiş və 4400 manat borcu ödəməyə məcbur etmişdir. Borcun hardan qaynaqlanması ilə bağlı ona heç bir sənəd təqdim edilməmişdir. İddiaçı isə belə bir borcunun olmadığını israrla qeyd etmiş, ərizəsinə əsasən öz xahişi ilı işdən azad olunmasını xahiş etmişdir. Lakin buna baxmayaraq, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 089K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad olunmuş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Odur ki, əmr tam qanunsuzdur və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, İddiaçı əmək fəaliyyətini faktiki olaraq eyni sahibkara məxsus şirkətlərdə davam etdirdiyi müddət ərzində heç bir nöqsana yol verməmiş, barəsində hərhansı bir intizam məsuliyyəti tətbiq edilməmişdir. İşdən çıxma barədə özü müraciət etmiş, ərazini təhvil-təslim etmiş, lakin onunla qərəzli münasibət aparılaraq, guya şirkətə 4400 manat borcu olması bildirililərək, həmin pul tələb edilmiş, ödəməyəcəyi təqdirdə intizam tənbehi ilə işdən çıxarılması ilə hədələnmiş, iddiaçının maddi imkanı olmadığından həmin pulu ödəmədiyi üçün qanunsuz əmrlə işdən çıxarılmışdır. Əmrə əsasən guya işdən çıxarılmasına səbəb iddiaçının üzrlü səbəb olmadan müəyyən dövr ərzində işə gəlməməsi olmuşdur ki, bu barədə qeyd edilənlər tam yalandır, aşkar surətdə aparılan qərəzin nəticəsidir, əksinə iddiaçı işə gəlmiş təhvil-təslim prosesində olmuş və bitdikdən sonra da işə gələrək əmək kitabçasını tələb etmişdir. İddiaçı işlədiyi müddətdə kollektiv arasında hörmət qazanmış, əmək funksiyalarını yüksək səviyyədə icra etmiş, iş yerində daim intizamlı işci kimi tanınmışdır. İddiaçının əmək haqqı 600 manat olmuş, lakin qeyd edilən əmrə görə iddiaçı heç bir yerdə işləyə bilmir, bu səbəbdən də nəticədə maddi və mənəvi ziyana məruz qalmışdır. Qeyd edirik ki, iddiaçının mübahisənin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun tənzimlənməsi cəhdləri heç bir səmərə verməmişdir. Bakı Şəhəri 14 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2024-cü il tarixli MŞB/14/2024-00418 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışda qeyd edilir ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 089K nömrəli əmrinin ləğv edilməsi, həmin qanunsuz əmrə görə işləyə bilmədiyi üçün məhkəmə qətnaməsi qəbul edilənədək aylıq əmək haqqının 1 misli miqdarında kompensasiyanın, vəkilə ödənilmiş 300 manat xidmət haqqının, mediasiya və kargüzarlıq xidmətlərinə görə 60 manat olmaqla ödənilmiş 360 (üç yüz altmış) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izaһatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “işdən azad edilmə haqqında” xx.xx.2024-cü il tarixli 089K №-li əmrin surətindən görünür ki, Kommersiya Departamentinin Satış şöbəsinin Pərakəndə satış bölməsində Satış təmsilçisi xx.xx.2024-cü il tarixindən “A+CO” ASCdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən (72-ci maddədə sadalanan hallarda kobud şəkildə pozduqda, işə gəlməmə), tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün 11 (on bir) gün məzuniyyət günləri kompensasiya edilmişdir. Əsas olaraq “işə gəlməmə aktları və rəsmi müraciət” göstərilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində faktiki olaraq eyni sahibkara məxsus və eyni işi görən “A+CO” ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin Pərakəndə satış bölməsində təcrübəçi vəzifəsinə işə qəbul edilmiş, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən (işə gəlməmə), tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EM-2230VK-2264/24 hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, müraciət edən şəxs: İddiaçı Tərlan oğlu vəkil: Vəkil ilə ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 (sözlə: üç yüz) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 037K №-li əmrlə «A+CO» ASC-də satış bölməsi üzrə təcrübəçi vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixli, 089K №-li əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 72-ci maddənin “a” bəndində sadalanan hallar rəhbər tutularaq tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2 və 3-cü hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bu halların məcmusu məhkəməyə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən verilmiş ərizə nəzərə alınmamış, işçi işə gəlməmə əsası ilə işdən azad edilmiş, bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddianın əksini sübuta yetirə bilməmişdir. Həmçinin cavabdehə mübahisəli əmrin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi üçün sorğu verilsə də, məhkəmə sorğusuna cavab verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əmr ləğv edilməli və iddiaçıya işləyə bilmədiyi üçün məhkəmə qətnaməsi qəbul edilənədək aylıq əmək haqqının 1 misli miqdarında kompensasiya verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində təsbit olunmuşdur ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bu normanı rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Məhkəmə eyni zamanda iddia tələbinin “300 manat məbləğində vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş məbləğin cavabdehdən alınıb iddiaçıya ödənilməsi” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia borc pul tələbi hissədə tam təmin edildiyindən mediasiya üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi kompensasiyanın ödənilməsi” barədə iddia tələbi təmin edilməli, Cavabdeh MMCnin “işdən azad edilmə haqqında” xx.xx.2024-cü il tarixli, 089K №-li əmri ləğv edilməli, Cavabdeh MMC tərəfindən ona işləyə bilmədiyi üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək aylıq əmək haqqının 1 misli miqdarında kompensasiya, həmçinin vəkilə ödənilmiş 300 manat və müdiasiya xərci 60 manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-nin “işdən azad edilmə haqqında” xx.xx.2024-cü il tarixli, 089K №-li əmri ləğv edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı işləyə bilmədiyi üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq əmək haqqının 1 misli miqdarında kompensasiya, həmçinin vəkilə ödənilmiş 300 manat və mediasiya xərci 60 manat pul ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar