Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4198/2024 26.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 başçısının Pirəkəşkül-Qobustan Bələdiyyəsinə qarşı torpaq sahəsinin boşaldılması tələbi barədə iddia ərizəsinə Məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 başçısının Pirəkəşkül-Qobustan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin mülkiyyətində olan Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 2.0 ha torpaq sahəsində əkilmiş ağacların cavabdehlərin hesabına həmin ərazidən çıxarılaraq digər əraziyə köçürülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək mülkiyyətçi İddiaçı QSC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrdə nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na görə Azərbaycan Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqanlar hesab edilir. İşdən görünür ki, inzibati orqanla hüquqi şəxs arasında hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqların həyata keçirilməsi ilə bağlı mübahisə yaranacağı təqdirdə, bu mübahisəyə qeyd edilən normalara əsasən mülki deyil, inzibati icraat qaydasında baxılmalıdır. Odur ki, məhkəmə qeyd etməyi lazım bilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hazırki ərizəsində qeyd etdiyi tələblə bağlı müraciətindən aidiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina olunduğu halda, ərizəçi həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bundan başqa, işdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə ödəmişdir. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə ödənilən 100 manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 başçısının Pirəkəşkül-Qobustan Bələdiyyəsinə qarşı torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hazırki mülki iş (e-2(012)-4198/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4198/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4198/2024
26.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver