Məhkəmə qərarları › İş №e-2(012)-421/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-421/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-421/2025 27.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh MTK-nın nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə hazırda KQMBİ tərəfindən aparılan cinayət işi üzrə həmin binada 37 nömrəli mənzilin sahibi kimi X2 zərərçəkmiş şəxs kimi tanınmışdır. Bundan başqa Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Qeyd edilən səbəblərdən iddiaçının ərizəsində qeyd etdiyi ünvan üzrə həmin mərtəbədə həmin ölçüdə mənzilin olub-olmaması və yaxud həmin mənzillə bağlı iddiaçıdan əvvəl kiminləsə müqavilə bağlanılıb bağlanılmaması araşdırılmadan işə baxılması obyektiv hüquqi qiymətləndirilə bilməz. Bu səbəbdən ekspertiza təyin edilməsi qaçılmazdır. Xahiş edirik bu məsələlərin araşdırılması və eyni zamanda hazırda həmin MTK-nın əvvəlki rəhbərliyi tərəfindən bir mənzilin bir neçə şəxsə satılması faktı ilə bağlı cinayət işi Baş Prokurorluq yanında KQMBİ araşdırıldığından həmin idarədən arayış alınması məqəsəduyğundur. Eyni mənzillə bağlı iddiaçı şəxslə bərabər X1 müqavilə əsasında mənzilin ona satıldığını nəzərə alaraq həmin şəxsin maraqlarına toxunduğundan onunda işə cəlb edilməsi və onun iştirakı ilə işə baxılması zəruridir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil şifahi vəsatət verərəl hazırki mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, hazırki mülki işin baxılmamış saxlanılması barədə ərizə daxil olduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsi verilərkən xx.xx.2024-cü il tarixdə **********48 saylı qəbzlə ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar