Məhkəmə qərarları › İş №e-2(012)-433/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-433/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-433/2021 15.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbində dəqiqləşdirmə verərək iddia ərizəsinin xahiş edirəm hissəsində “xx.xx.1968-ci il təvəllüdlü İddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir” kimi yazılmış, Lakin həmin hissənin “xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir” kimi qeyd edilərək oxunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən 45 saylı mənzil, xüsusi mülkiyyət hüququ əsasında mərhum əri Adıgözəlov Həbib Heyvəli oğluna məxsus olmuşdur. Mərhum ərinin xüsusi mülkiyyət hüququ AR ƏMDK yanında DƏDRX dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli “Çıxarış” verilmişdir. Əri xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Ərinin vəfatından sonra ərinə məxsus miras əmlakı faktiki olaraq qəbul etmiş və vərəsiliyin qəbul edilməsi üçün notariat ofisinə müraciət etmişdir. Abşeron rayon 2 saylı notariat ofisinin xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən, ərindən miras qalan ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilə birinci növbəli vərəsəsi kimi tanınmışdır. Vərəsəlik şəhadətnamə əsasında, ərindən miras qalan əmlakın üzərində onun xüsusi mülkiyyət hüququ tanınaraq RX seriyalı ******* nömrəli “Çıxarış verilmişdir” Cavabdeh onun baldızıdır və 2003-cü ildə ərə gedərək ərinin evinə köçüb. Baldızının 2 övladı - 2004-cü il təvəllüdlü Mətin və 2006-cı il təvəllüdlü Nəzrin hazırda cavabdehin yaşadığı və atalarına məxsus mənzildə pasport qeydiyyatındadırlar. Əvvəldən baldızı ilə münasibətləri yaxşı olmadığı üçün onun harada yaşaması haqqında məlumatı yoxdur. Onun bildiyinə görə Bakı şəhəri Binəqədi rayon ərazisində ərinə məxsus mənzildə ailəsi ilə birgə yaşayır. Cavabdeh daimi olaraq başqa yerə köçüb getməyinə baxmayaraq, o, bu günə kimi ona məxsus mənzildə pasport qeydiyyatındadır. Abşeron rayon İcra Hakimiyyətinin 2 saylı Mənzil Təsərrüfatı istehsalat istismar Təmir Sahəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən, Cavabdeh ünvan 2 ünvanında yerləşən 45 saylı mənzildə qeydiyyatdadır, lakin yaşamır. Hesab edir ki, cavabdehin ona məxsus mənzildə formal pasport qeydiyyatında qalması onun hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də, cavabdehin uzun müddət əvvəl tərk etdiyi lakin pasport qeydiyyatında qaldığı ona məxsus mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli və o, pasport qeydiyyatından çıxarılmalıdır. Bu səbəbdən də, iddiaçı hesab edir ki, “istifadə hüququ yaranmayan şəxsin, mənzildən “istifadə hüququnun itirilməsi (və ya itirilmiş hesab edilməsi) qanunvericiliyə və məhkəmə təcrübəsinə uyğundur və belə tələblər qanunidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Vətəndaşının 0******* Seriya nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı - ünvan 1, mənzil 45- ünvanında qeydiyyatdadır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1, mənzil 45 ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabında xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Abşeron rayon 2 saylı notariat ofisinin xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsinin surətindən görünür ki,” İddiaçı -əri Adıgözəlov Həbib Heyvəli oğlundan miras qalan ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilə birinci növbəli vərəsəsi kimi tanınmışdır. Vərəsəlik şəhadətnamə əsasında, ərindən miras qalan əmlakın üzərində onun xüsusi mülkiyyət hüququ tanınaraq RX seriyalı ******* nömrəli “Çıxarış verilmişdir”. -Abşeron rayon VVAQ şöbəsi tərəfindən verilmiş V-JQ-№ 414079 saylı xx.xx.1990cı il tarixli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə Adıgözəlov Həbib Heyvəli oğlu ilə X1 arasında rəsmi nikah bağlanmışdır, qadın- Adıgözəlova familyasını qəbul etmişdir. -Abşeron rayon icra Hakimiyyətinin 2 saylı MTİİTS-in xx.xx.2020-ci il tarixli, 814 saylı arayışından görünür ki, Cavabdeh -ünvan 1 mənzil 45-də qeydiyyatdadır, lakin yaşamır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-1 № 891231 saylı xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Adıgözəlov Həbib Heyvəli oğlu ürək çatışmamazlığı səbəbindən xx.xx.2017-ci il tarixdə ölmüşdür. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına, xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsinin surətinə, Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı ünvan 1 mənzil 45- ünvanını birinci növbəli vərəsəsi kimi tanınmaqla qanunauyğun qaydada əldə etmiş, Vərəsəlik şəhadətnamə əsasında, ərindən miras qalan əmlakın üzərində olan hüququ xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya keçmiş, lakin qeyd olunan mənzildə keçmiş sakin Cavabdeh qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı ünvan 1 mənzil 45-ünvanını birinci növbəli vərəsəsi kimi tanınmaqla qanunauyğun qaydada əldə etmiş, Cavabdeh evdə qeydiyyatda olsa da yaşamış, 2003-cü ildə ailə həyatı quraraq ərinin evinə köçüb orada yaşamağa başlamışdır. Cavabdeh iddiaçının evində yaşamamasını Abşeron rayon icra Hakimiyyətinin 2 saylı MTİİTS-in xx.xx.2020-ci il tarixli, 814 saylı arayışı da təsdiq edir. Evin keçmiş sakin olan Cavabdeh hazırda həmin evdən istifadə etməməsinə baxmayaraq formal olaraq evdə qeydiyyatda qalmışdır. Mülkiyyətçi dəyişdikdən sonra Cavabdeh İddiaçı məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçinin mülkiyyət hüququndan sərbəst qaydada istifadə etməsini mədudlaşdırır. Ona görə də iddia təmin edilməli, Cavabdeh iddiaçıya məxsus mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə məhkəmə qanunun tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh ünvan 1 mənzil 45ünvanından formal olaraq istifadə hüquqlarının qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia əsaslı olduğundan təmin edilməli və cavabdeh Cavabdeh ünvan 1 mənzil 45-ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. İstifadə hüquqlarının itirilmiş hesab edilməsi cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 mənzil 45 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar