Məhkəmə qərarları › İş №e-2(012)-442/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-442/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-442/2023 12.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinin və "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MTK-ya və "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada çatışmayan mənzil sahəsi üçün 10205 manat, artıq ödənilmiş kommunal xərclər üçün 650 manat olmaqla, ümumilikdə, cəmi 10855 manat pul vəsaiti və 122 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində texniki yanlışlığa yol verilərək Abşeron Rayon İcra Hakimiyyətinin “maraqlı üçüncü şəxs” qismində deyil, “müstəqil tələb irəli sürməyən üçüncü şəxs” qismində nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada çatışmayan mənzil sahəsi üçün 6750 manat, artıq ödənilmiş kommunal xərclər üçün 350 manat olmaqla, ümumilikdə, cəmi 7100 manat pul və 122 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü ildə "xxxx" MTK-dan Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən 26 saylı evin, 28 saylı mənzilini almışdır. Mənzili alarkən sənədlərdə mənzilin ümumi sahəsi 76.1 kv.m qeyd edilmişdir. Bununla bağlı iddiaçıdan müvafiq müqavilə alınaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 796 nömrəli sərəncamına əsasən xx.xx.2013-cü il tarixli, 3008 nömrəli order təqdim edilmişdir. 2022-ci ilin may ayında həmin mənzilə dövlət Reyestrindən çıxarış almaq üçün iddiaçıya "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli, 223 nömrəli maliyyə arayışı və MTK üzvlərinin ümumi iclas protokolundan çıxarış təqdim edilmişdir. Maliyyə arayışında və protokolda mənzilin ümumi sahəsinin 66.6 kv.m olmasına iddiaçı etirazını bildirəndə bunun mənzilin daxili sahəsi ilə düzgün olduğu və dövlət reyestrindən çıxarış verilərkən ümumi sahənin 76.1 kv.m olacağını bildirmişlər. xx.xx.2022-ci il tarixdə həmin mənzilə dair çıxarış və texniki pasport aldıqdan sonra məlum olmuşdur ki, mənzilin ümumi sahəsi daha da az, yəni 60.4 kv.m-dir. Yəni, hardasa ölçülər arasında fərq 15.7 kv.m-dir. Bundan başqa, 9 il ərzində mənzilin kommunal xərcləri (istilik təchizatı ödənişləri daxil) 76.1 kv.m sahə üçün hesablanmış və iddiaçı bu məbləğləri vaxtında və tam ödəmiş, hazırda da, heç bir borcu yoxdur. Həmin mənzilin olduğu ərazidə 1 kv.m təmirsiz mənzil sahəsi orta bazar qiyməti ilə 650 manat təşkil edir. Mənzilin sahəsi sənədlərdə az qeyd edilməklə cavabdeh təşkilatlar iddiaçıya ziyan vurmuş və bu ziyan onlardan tutularaq qaytarılmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizasının rəyi ilə razıdır. İlkin sənədlər "xxxx" MTK tərəfindən verilmiş, sonradan iddiaçıya maliyyə arayışı "xxxx" MTK tərəfindən verilmişdir. Təqdim edilmiş sənədlərə əsasən, mənzil satılan zaman ilkin olaraq, 66 kv.m sahə ilə, sonradan isə 76.1 kv.m sahə ilə satılmışdır. MTK-ya müraciət ediləndə qeyd olunan hal aşkara çıxarılmış, işçinin səhlənkarlığı ilə əlaqələndirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilən zaman mənzilin sahələri arasında ölçü fərqləri olduğundan iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mənzil alınan zaman MTK-nın balansında olmuş, mülkiyyətçisi olmamış və vətəndaşdan alınmışdır. MTK sənədləşdirilmə üçün bir şəxsin adından digər şəxsin adına sərəncam vermişdir. Sənədləşdirilmə MTK tərəfindən həyata keçirilmişdir. Məhkəmə iclasında cavabdehlər "xxxx" MTK-nın və "xxxx" MTK-nın nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə razı deyildir. Hesab edir ki, iddia ərizəsi düzgün verilməmişdir. Belə ki, iddiaçı MTK-ya hər hansı bir məbləğdə pul vəsaiti ödəmədən MTK-dan pul tələb edir. Başqa sözlə, iddiaçı pul ödəmədiyi şəxsdən pul tələb edir. Sadəcə olaraq, sənədləşdirilmə işləri MTK-da həyata keçirilmişdir. Satılan mənzilin digər şəxsin adına keçirilməsinə dair razılıq notarial qaydada təsdiqlənməli idi. Ona görə də hesab edir ki, iddia tələbləri əsaslı deyildir. Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Podratçı "xxxx" MTK ilə sifarişçi X5 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 026/0028 saylı müqavilənin surətindən görünür ki, sifarişçi Abşeron rayonu, Masazır qəsəbəsi, 26 saylı yaşayış binasının blok 2, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 76.1 kv.m olan 28 saylı mənzilini hər kv.m-i 480 manat olmaqla 36528 manata almışdır. -Payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli arayışdan görünür ki, Zakir İbrahimov ilə MTK arasında xx.xx.2008-ci il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuş, payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən MTK-ya məxsus yaşayış kompleksində mənzil 26, blok 2, sahəsi 76.1 kv.m olan 28 saylı mənzili almış, mənzilin ümumi dəyərini tamamilə ödəmiş, MTK-ya borcu qalmamışdır. -Payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, X6 ilə MTK arasında xx.xx.2010-cu il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuş, payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən MTK-ya məxsus yaşayış kompleksində mənzil 26, blok 2, sahəsi 76.1 kv.m olan 28 saylı mənzili almış, mənzilin ümumi dəyərini tamamilə ödəmiş, MTK-ya borcu qalmamışdır. -Podratçı "xxxx" MTK ilə sifarişçi X6 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 026/0028 saylı müqavilənin surətindən görünür ki, sifarişçi Abşeron rayonu, Masazır qəsəbəsi, 26 saylı yaşayış binasının, blok 2, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 76.1 kv.m olan mənzilini hər kv.m-i 480 manat olmaqla 36528 manata almışdır. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 796 saylı sərəncamının surətindən görünür ki, "xxxx" MTK-nın rəhbərliyi və vətəndaşın ünvanladığı müraciətdə Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən istismara qəbul olunmuş 26 saylı üç girişli beşmərtəbəli kooperativ yaşayış binasının 28-ci mənzilində X3 adına verilmiş orderin ləğv edilməsi və həmçinin, mənzilə İddiaçı adına order verilməsi xahiş olunmuş, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən 26 saylı evin, 2 otaqlı, ümumi sahəsi 76.1 kv.m, yaşayış sahəsi 48.1 kv.m, köməkçi sahəsi 28 kv.m olan blok 2, mərtəbə 1, 28 saylı mənzilə İddiaçı 1 nəfər olmaqla öz adına orderin yazılması, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 079 saylı sərəncamı ilə təsdiq edilmiş X3 adına verilmiş 26 saylı evin, 28 saylı mənzilinin orderinin ləğv edilməsi qərara alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 3008 saylı orderinin surətindən görünür ki, İddiaçı 1 nəfər özündən ibarət olmaqla Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 26, ümumi sahəsi 76.1 kv.m, yaşayış sahəsi 48.1 kv.m, köməkçi sahəsi 28 kv.m olan, blok İİ, 1-ci mərtəbədə 2 otaqlı yaşayış sahəsinə yiyələnmək hüququ vardır. -"xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 223 saylı maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən də, MTK-ya məxsus yaşayış kompleksində inşa olunan bina 26, blok 2, mərtəbə 1, ümumi sahəsi 66.6 kv.m olan 2 otaqlı, 28 saylı mənzilin ümumi dəyərini tamamilə ödəmiş və MTK-ya borcu yoxdur. -"xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli, 223 saylı protokolundan görünür ki, İddiaçı ərizə ilə MTK-ya müraciət edərək onun kooperativ üzvlüyünə qəbul edilməsini xahiş etmiş, İddiaçı MTK-ya qəbul edilməsi və ona MTK-nın Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, bina 26, mərtəbə 1, ümumi sahəsi 66.6 kv.m olan 2 otaqlı, 28 saylı mənzilin verilməsi, çıxarışa 1 nəfər olmaqla İddiaçı daxil edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, 26 saylı evin, ümumi sahəsi 60.4 kv.m olan 28 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 321 saylı reyestr kitabının, 81 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********19-05325-093001 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1961 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 26 saylı evin, 28 saylı mənzilinin faktiki vəziyyətdə sahəsinin “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 59-cu maddəsinin 2 və 3-cü bəndlərinin, eləcə də, “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası”nın xx.xx.2012-ci il tarixli, 7 saylı Qərarının 2 və 3.8-ci bəndləri nəzərə alınmaqla 67.1 kv.m (50 kv.m yaşayış, 17.1 kv.m yardımçı) olduğu müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 26 saylı evin, blok 2, mərtəbə 1, ümumi sahəsi 76.1 kv.m olan 28 saylı mənzilini dəyəri ödəməklə almış və bu barədə ona "xxxx" MTK tərəfindən xx.xx.2022-ci il tarixdə 223 saylı maliyyə arayışı verilməklə iddiaçının MTK-ya borcunun olmaması təsdiq olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarış əsasında mübahisəli mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasına baxmayaraq müqavilə əsasında iddiaçıya satılmış mənzilin ümumi sahəsi 76.1 kv.m qeyd olunsa da çıxarış əsasında 60.4 kv.m qeyd olunmuşdur. Hazırda, iddiaçı onun tərəfindən mənzilin dəyərinə görə artıq ödənilmiş olan 6750 manat pul vəsaiti və 350 manat kommunal ödəniş xərclərinin cavabdehlər "xxxx" MTK və "xxxx" MTK-dan alınaraq ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki iş materiallarına əlavə olunmuş "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 223 saylı maliyyə arayışı, xx.xx.2022-ci il tarixli, 223 saylı protokoldan çıxarış, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 96 saylı sərəncamı, xx.xx.2013-cü il tarixli, 3008 saylı order əsasında iddiaçının mübahisəli Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 26 saylı evin, ümumi sahəsi 76.1 kv.m olan 28 saylı mənzilinə sahiblik hüququ tanınmış olsa da, sözügedən mənzilin əvvəlki sahibinin X3 olması və mənzil alqı-satqı müqaviləsinin MTK ilə İddiaçı arasında deyil, məhz X7 ilə bağlanması, mənzilin dəyərinin ödənilərək borcun qalmamasına dair maliyyə arayışının isə MTK tərəfindən verilməsinə baxmayaraq, ödənişin MTK-ya deyil, məhz satıcı X4 ödənilməsi məhkəmə araşdırması zamanı tərəflərin izahatı əsasında öz təsdiqini tapmışdır. Başqa sözlə, mənzil alqı-satqısına dair sənədlərin MTK tərəfindən verilməsinə baxmayaraq, iddiaçının artıq ödənilmiş pul vəsaitinin geri qaytarılmasına dair tələb hüququ üzrə cavabdehlik daşımalı olan şəxs də məhz X7 olmuşdur. Beləliklə, mənzilin alınması zamanı mənzilin ümumi sahəsinin 76.1 kv.m olması ilə razılaşaraq mənzilin dəyərindən olan ödənişi X4 ödəmiş İddiaçı artıq ödənilmiş pul vəsaitinin "xxxx" MTK ilə "xxxx" MTKdan alınaraq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli 28 saylı mənzilin ölçülərinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb-hesablanmadığını müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1961 saylı rəyinə əsasən, mübahisəli mənzilin ümumi sahəsi 67.1 kv.m müəyyən olunmuşdur. Beləliklə, iddiaçıya müqavilə ilə satılmış mənzilin sahəsi 76.1 kv.m, Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, 60.4 kv.m, ekspert rəyinə əsasən isə 67.1 kv.m müəyyən olunmuşdur. Göstərilən ziddiyyətlərin yaranması İddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin məbləğinə təsir etdiyindən və qeyd olunan hal iddiaçı tərəfindən artıq ödənilmiş pul vəsaitinin məhkəmə qaydasında geri qaytarılmasını tələb etmək hüququnu yaratsa da məhkəmə iddiaya cavab verməli olmayan şəxsə münasibətdə hazırki iddia ərizəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Mülki Prosessual Məcəllənin: 54.1. maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2. maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən, mülki iş materiallarına əlavə olunmuş sənədləri və tərəflərin izahatını paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, İddiaçı pul tələbi üzrə cavab verməli olan şəxs X7 olmasına baxmayaraq, iddiaçı "xxxx" MTK ilə "xxxx" MTK cavabdehlər qismində qoyulmuşdur. Başqa sözlə, iddia tələbi həmin tələbə cavab verməli olmayan şəxslərə qarşı verildiyindən iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği və ekspertiza tədqiqatının dəyəri iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçı cavabdehlər "xxxx" MTK-ya və "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar