Məhkəmə qərarları › İş №e-2(012)-4472/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4472/2025

30.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4472/2025 30.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Abşeron Su X2 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Su X2 İdarəsinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Abşeron Su X2 İdarəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 64 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin, o cümlədən hüquqi yardıma görə ödənilmiş 520 manat və mediasiya xərci kimi ödənilmiş 60 manatın cavabdeh Abşeron Su X2 İdarəsi tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində texniki yanlışlıq olduğu üçün İddiaçı ilə cavabdeh Abşeron Su X2 İdarəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 31k nömrəli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin, o cümlədən hüquqi yardıma görə ödənilmiş 520 manat və mediasiya xərci kimi ödənilmiş 60 manatın cavabdeh Abşeron Su X2 İdarəsi tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı su təchizatı sahəsində 21 ildən çox əmək stajı mövcuddur. İddiaçı sonuncu iş yerində, yəni "xxxx" ASC “Abşeron Sukanal” İdarəsində 12 ildən artıq fasiləsiz olaraq müddətsiz əmək müqaviləsi ilə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Sərəncamının 5.2-ci maddəsinə əsasən “Abşeron Sukanal” İdarəsinin əsasında cavabdeh Abşeron Su X2 İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Qeyd olunan sərəncamın əsasında yaradılan Abşeron Su X2 İdarəsi “Abşeron Sukanal” İdarəsinin hüquqi varisidir. Həmin idarənin hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq qaydada cavabdehə keçmişdir. Cavabdeh bu dəyişikliklərdən sonra iddiaçı ilə müddətsiz əmək müqaviləsi ilə əmək münasibətlərini davam etdirməli olduğu halda əmək qanunvericiliyinin tələblərini pozmaqla iddiaçını müddətli əmək müqaviləsi bağlamağa məcbur etmiş, əks təqdirdə onu işə buraxmayacağı ilə hədələmiş, nəticədə xx.xx.2024-cü il tarixli 64 nömrəli əmrlə onu Texniki istehsalat və istismar şöbəsinə xx.xx.2024-cü il tarixədək 2 ay 6 gün müddətinə 9-cu dərəcəli mühəndis vəzifəsinə təyin etmişdir. Cavabdeh bununla da kifayətlənməyərək xx.xx.2025-ci il tarixli, 31 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozmaqla xəbərdarlıq müddətini gözləmədən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni müddətli əmək müqaviləsində göstərilən müddət qurtarması əsası ilə xitam vermişdir. İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.2012-ci ildən xx.xx.2025-ci il tarixədək “Abşeron Sukanal” İdarəsi işləmiş və onunla bağlanmış əmək müqaviləsinə hüquqi varis Abşeron Su X2 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 31k saylı əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İlk növbədə iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 31k saylı əmrin ləğv edilməsinə dair tələbə münasibətdə qeyd edirlər ki, həmin hissədə cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, “Abşeron Sukanal” İdarəsində əmək fəaliyyətinə xx.xx.2012-ci il tarixdən başlamış, uzun müddət su təchizatı ilə bağlı müxtəlif vəzifələrdə işləmişdir. Bundan sonra həmin qurum ləğv edilərək Abşeron Su X2 İdarəsi yaradılmış və həmin idarə ilə iddiaçı arasında xx.xx.2024-cü il tarixdən 30 dekabr 2025-ci il tarixədək əmək müqaviləsi bağlanmış, daha sonra cavabdehin müqaviləyə xitam verilməsi ilə bağlı heç bir bilidirişi olmadığı üçün əmək müqaviləsinin müddəti eyni müddətə uzadılmışdır. Qeyd edilən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən müddətin bitməsi səbəbindən xitam verilmişdir. Beləliklə, iddiaçı ilə əvvəllər bağlanmış əmək müqaviləsi müddətsiz olmuş, əmək münasibətləri müddətsiz əmək müqaviləsi üzrə davam etmişdir. Qeyd edirlər ki, əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda müddətli işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən, Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunmaq üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu səbəbdən qeyd edirlər ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda iddiaçıya münasibətdə mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının uzun müddət su təchizatı sahəsində işlədiyi halda, xx.xx.2024-cü il tarixdə “öz xahişi” ilə əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2024-cü il tarixdə isə müddətli əmək müqaviləsi bağlaması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının əmək kitabçasından görünür ki, “Abşeron Sukanal” İdarəsinin xx.xx.2024-cü il tarixli, 179 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlamasına görə xitam verilmişdir. Başqa işəgötürən isə hüquqi varis cavabdehdir. İddiaçı qurumun ləğvi ilə bağlı işdən çıxarkən ərizəsində müddətlə bağlı iradə ifadə etmiş olsa belə iradə ifadəsinin motivi olmamışdır. İradə ifadəsinin isə motivi olmalıdır. İddiaçının isə su təchizatı sahəsində uzun müddət, Abşeron Su X2 İdarəsində də əmək müqaviləsinə qanunsuz xitam verilən vaxta xx.xx.2025-ci il tarixədək çalışdığı halda, 25 oktyabr 2024-cü il tarixdə hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi sual doğurur. Ona görə də hesab edirlər ki, işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan səbəblə izah olunmadığından belə razılaşmanın işəgötürənin təzyiqi altında bağlanması daha şübhəsizdir. Beləliklə, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən çıxış edərək (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) müddətli əmək müqaviləsinə keçirilməsi iş materiallarında öz əksini tapmır. Qeyd edilənlərə əsasən hesab edirlər ki, cavabdeh tərəfindən iddiaçının əslində müddətsiz əmək müqaviləsinə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməməklə xitam verilmişdir. İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsinə müraciət etmiş, Regional Şöbə cavabdehin barəsində xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş, iddiaçının işə bərpa olunması barədə cavabdehə göstəriş verilmiş, o cümlədən cavabdeh barəsində iddiaçı işə bərpa olanadək şərti olaraq cərimə tətbiq edilmişdir. Eyni zamanda Regional Şöbə cavabdeh təşkilata xx.xx.2025-ci il tarixli, 3-17-5/2-34999/2025 saylı göstəriş xarakterli məktub göndərilərək iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 31 nömrəli əmrin 20 gün müddətində ləğv edilməsi tələb edilmişdir. Lakin cavabdeh həmin göstərişi də icra etməmişdir. Cavabdeh təşkilat ilə Abşeron 1 saylı mediasiya təşkilatı vasitəsilə razılığa gəlməyə çalışsalar da cavabdeh mediasiya prosesinə nümayəndə göndərmədiyindən bu mümkün olmamış, həmin təşkilatın mediatoru X4 08 iyul 2025-ci il tarixli, MŞAB/MT041-2025/00638 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışı mediasiya təşkilatı tərəfindən onlara təqdim edilmişdir. Onlar tərəfindən mediasiya təşkilatına xidmət haqqı ilə birlikdə 60 manat məbləğində rüsum ödənilmişdir. Bundan əlavə o, iddia müddətinin bərpa edilməsi barədə ərizəsi ilə bağlı qeyd edir ki, cavabdeh Abşeron Su X2 İdarəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddiaçı işdən çıxarılmasına dair xx.xx.2025-ci il tarixli, 31k nömrəli əmr və son haqq hesab cavabdeh Abşeron Su X2 İdarəsi tərəfindən işdən çıxarılan gün iddiaçıya verilməmiş, ona şifahi qaydada işdən çıxarıldığı bildirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsinə müraciət etmiş, Regional Şöbə cavabdehin barəsində xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş, iddiaçının işə bərpa olunması barədə cavabdehə göstəriş verilmiş, o cümlədən, cavabdeh barəsində iddiaçı işə bərpa olanadək şərti olaraq cərimə tətbiq edilmişdir. Eyni zamanda Regional Şöbə cavabdeh təşkilata xx.xx.2025-ci il tarixli, 3-17-5/2-34999/2025 saylı göstəriş xarakterli məktub göndərilərək iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 31 nömrəli əmrin 20 gün müddətində ləğv edilməsi tələb edilmişdir. Lakin cavabdeh həmin göstərişi də icra etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsi iddiaçıya xx.xx.2025-ci il tarixli, 3-17-5/2-A- 42289/2025 saylı məktub göndərərək cavabdeh təşkilata xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 34999/2025 saylı göstəriş xarakterli məktub göndərilməsi barədə məlumat vermiş, eləcə də təqdimat icra olunmayacağı təqdirdə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmin məktub xx.xx.2025-ci il tarixdə iddiaçıya çatdırılmış, həmin gün də Abşeron 1 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən araşdırma aparılan dövrdə iddiaçının himayəsində olan 2-ci qrup əlil və ağır xəstə olan atası X1 pisləşmə olmuşdur. Həm əmək müffətişliyinin apardığı araşdırma, həmin araşdırmanın nəticəsi barədə iddiaçıya xx.xx.2025-ci il tarixdə məlumat verilməsi, həm də iddiaçının atasının səhhətinin pisləşməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə məhkəməyə və mediasiya təşkilatına müraciət edilməsi, eləcə də əmrin rəsmi qaydada iddiaçıya təqdim edilməməsinə görə hesab edirlər ki, müddətin buraxılması üzrlü səbəblərlə bağlı olmuşdur. Qeyd olunanlara əsasən iddia müddətinin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən bərpa edilməsi mümkündür. Odur ki, qeyd edilənlərə əsasən o, Əmək Məcəlləsinin 296-cı maddəsində göstərilən müddətlər iddiaçı tərəfindən üzrlü səbəblərdən, yəni əmək müfəttişliyində aparılan araşdırmanın iddiaçının xeyrinə yekunlaşması, işə bərpa olunmasına dair göstərişin verilməsi, eləcə də iddiaçının atasının xəstələnməsi ilə bağlı səbəblərdən ötürüldüyü üçün iddia müddətinin bərpa edilərək, mübahisəyə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Abşeron Su X2 İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbinə etirazında və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. O, İddiaçı şəxsən tanıyır. Belə ki, iddiaçıya dəfələrlə şifahi şəkildə və telefonuna SMS bildiriş göndərilməklə işdən çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı müddətli əmək müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli, 64 №-li əmr ilə xx.xx.2024-cü il tarixədək 2 ay 6 gün müddətinə 9-cu dərəcəli mühəndis təyin olunmuş, xx.xx.2025-ci il tarixdə işə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə edilməmiş 11 məzuniyyət gününün son haqq-hesabı qanunda nəzərdə tutulmuş qaydada ödənilmiş, sənədlərin tərtibatı qanuna uyğun həyata keçirilmişdir. Lakin buna baxmayaraq İddiaçı əsassız olaraq heç bir üzürlü səbəb olmadan iddia müddətini buraxmaqla işə bərpa olunması barədə məhkəməyə iddia qaldırmışdır. Onların fikrincə iddia müddətinin axımı iddiaçının işdən çıxdığı və son haqq-hesabın edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin qərarı onlara bu ilin may ayında gəlib çatmışdır. Göstərilənlərə əsasən o, hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan işəgötürən Abşeron Su X2 İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli əmək müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, işçi İddiaçı xx.xx.2024-cü il tarixədək 02 ay 06 gün müddətinə Abşeron Su X2 İdarəsinin Texniki istehsalat və istismar şöbəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə təyin etmişdir. İş materiallarında olan Abşeron Su X2 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Abşeron Su X2 İdarəsi İddiaçı aralarında bağlanmış 25 oktyabr 2024-cü il tarixli müddətli onlayn əmək müqaviləsinin müddətinin 03 mart 2025-ci il tarixində bitdiyini və müqavilə müddətinin bitdiyi gün əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Abşeron Su X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 31k nömrəli əmrdən görünür ki, Abşeron Su X2 İdarəsinin Texniki istehsalat və istismar şöbəsində 9-cu dərəcəli mühəndis vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış 1ZQEVV5C000200 nömrəli əmək müqaviləsinə AR ƏM-in 68.2-ci maddəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi və işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 11 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin mühasibatlığa həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 07 may 2025-ci il tarixli, 3-17-5/2-A-42289/2025 nömrəli məktubun surətindən görünür ki, İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin ləğv edilməsi barədə Abşeron Su X2 İdarəsinin rəisi (işəgötürəni) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 31 nömrəli xitam əmrinin (20 gün müddətində) ləğv edilməsi və nəticəsi barədə X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə rəsmi məlumat verilməsi üçün tərəflərindən Abşeron Su X2 İdarəsinin rəhbərliyinə 3-17-5/2-34999/2025 saylı, 22.04 2025-ci il tarixli göstəriş məktubu ünvanlandığı, həmçinin İddiaçı müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar olaraq müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ olduğu qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sonuncu iş yerində, yəni "xxxx" ASC “Abşeron Sukanal” İdarəsində 12 ildən artıq fasiləsiz olaraq müddətsiz əmək müqaviləsi ilə işləmiş, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Sərəncamının 5.2-ci maddəsinə əsasən “Abşeron Sukanal” İdarəsinin əsasında cavabdeh Abşeron Su X2 İdarəsi yaradılmış, qeyd olunan sərəncamın əsasında yaradılan Abşeron Su X2 İdarəsi “Abşeron Sukanal” İdarəsinin hüquqi varisidir və həmin idarənin hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq qaydada cavabdehə keçmişdir.Məhkəmə hesab edir ki, cavabdeh Abşeron Su X2 İdarəsi bu dəyişikliklərdən sonra iddiaçı ilə müddətsiz əmək müqaviləsi ilə əmək münasibətlərini davam etdirməli olduğu halda, iddiaçı ilə 2 ay 6 gün müddətinə müddətli əmək müqaviləsi bağlamaqla əmək qanunvericiliyinin tələblərini pozmuşdur.Belə ki, işin faktiki hallarından gğründüyü kimi, iddiaçı ilə əvvəllər bağlanmış əmək müqaviləsi müddətsiz olmuş, əmək münasibətlərinin xarakteri müddətsiz əmək müqaviləsinin tələblərinə uyğun olduğu halda, müddətsiz əmək müqaviləsi ilə çalışan iddiaçının işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun və Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən, Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olmamışdır.Belə ki, iddiaçının uzun müddət su təchizatı sahəsində işlədiyi halda, xx.xx.2024-cü il tarixdə “öz xahişi” ilə əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2024-cü il tarixdə isə müddətli əmək müqaviləsi bağlaması üçün hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsinin motivləri, həmçinin ddiaçının bu cür dəyişikliyə getməsinin ağlabatan səbəblə izah olunması halları məhkəmədə müəyyən edilmədiyindən məhkəmə hesab edir ki,müddətli əmək müqaviləsinin bazğlanması əmək münasibətlərində zəif tərəf olan işçinin onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz.Lakin,yuxarıda qeyd olunanlara baxmayaraq iddiaçı Ağazadə X5 Su X2 İdarəsi ilə bağlanmış xx.xx.2024-cü il tarixli müddətli əmək müqaviləsini rəsmi qaydada qanunvericiliklə müəyyən edilmiş müddətdə mübahisələndirmək hüququ olduğu halda bunu etməmişdir ki,halbuki xx.xx.2024-cü il tarixli müddətli əmək müqaviləsi işə götürənə xx.xx.2025-ci il tarixli, 31k nömrəli əmrin imzalanmasına zəmin yararmışdır ki, Abşeron Su X2 İdarəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsaslanmaqla iddiaçı barəsində işdən azad edilmə barədə müvafiq əmri imzalamışdır ki,hal-hazırda da həmin əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir,həmçinin qanunvericiliklə həmin əmrin məhkəmə qaydasında mübahisələndirilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş,cavabdeh təşkilat isə iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki,iddia müddətinin ötürülməsi işin mübahisələndirilməyən faktiki halları ilə müəyyən edilmiş,belə ki,iddiaçı tərəf də məhkəmədə iddia müddətinin ötürüldüyünü qəbul etmiş,lakin həm əmək müffətişliyinin apardığı araşdırma, həm də iddiaçının atasının səhhətinin pisləşməsi ilə əlaqədar həmin müddətin üzürlü səbəbdən buraxıldığı üçün müddətin bərpa olunmasını xahiş etmişdir.Məhkəmə qeyd edir ki,iddiaçının istinad etdiyi hallar Əmək Məcəlləsi ilə nəzərdə tutulmadığından həmin hallar müddətin bərpası üçün üzürlü sayıla bilmədiyində,iddia müddəti tətbiq edilməklə məhkəməyə iddianın rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Müraciətedənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri bir-birindən fərqləndirmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 520 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Abşeron Su X2 İdarəsinə qarşı İddiaçı ilə cavabdeh Abşeron Su X2 İdarəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 31k nömrəli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin, o cümlədən hüquqi yardıma görə ödənilmiş 520 manat və mediasiya xərci kimi ödənilmiş 60 manatın cavabdeh Abşeron Su X2 İdarəsi tərəfindən ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 520 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar