Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-448/2024 18.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 718 kvadrat metr torpaq sahəsinin boşaldılması, Cavabdeh ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və məhkəməyə ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonunun Saray qəsəbəsi ərasizində yerləşən sahəsi 718 kvadrat metr olan torpaq sahəsi iddiaçıların birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi torpağın əvvəlki mülkiyyətçiləri olmuş X2 və X3 ilə onların arasında bağlanılmış 05 mart 2023-cü il tarixli bağışlama müqaviləsi əsasında mülkiyyətlərinə keçmişdir. Lakin torpaq sahəsinə sahiblik etmək istədikdə məlum olmuşdur ki, bu torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsində özbaşına tikililər olan fərdi yaşayış evi, qaraj və digər yardımçı tikililər inşa edilmişdir. Bu qanunsuz hərəkətləri ilə cavabdeh torpağın mülkiyyətçisi kimi onların hüquqlarını pozmuşdur. Cavabdeh mübahisəli torpaq sahəsindən müvafiq hüquq müəyyənedici sənədlər olmadan zəbt edərək istifadə etməsi, həmçinin göstərilən ərazidə müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan, şəhərsalma və memarlıq norma və qaydalarını pozmaqla, ərazinin təyinatına uyğun olmadan tikinti-quraşdırma işlərinı aparması, torpaq sahəsinin mülkiyyətçisi kimi hüquqlarını aşkar şəkildə pozmuşdur. Qeyd edilən torpaq sahəsində inşa edilmiş tikililər torpaq sahəsinin mülkiyyətçisi kimi onların icazəsi olmadan və bu cür tikililərin aparılmasına icazə vermək səlahiyyətinə malik olan aidiyyəti icra hakimiyyəti orqanlarının razılığı alınmadan, həmçinin mülki və torpaq qanunvericiliklərinin, şəhərsalma və tikinti normalarının tələblərinə zidd olaraq inşa edildiyindən, həmin tikililər özbaşına tikililər kimi qiymətləndirilərək sökülməlidir. Dəfələrlə cavabdehdən həmin torpağın boşaldılması və özbaşına tikililərin sökülməsi tələb edilsə də, cavabdeh buna məhəl qoymayaraq torpaq sahəsini bu günə qədər qeyri-qanuni tutmaqda davam edir. Abşeron Rayon Polis İdarəsində mübahisə ilə bağlı müvafiq araşdırma aparılmış, ancaq 03 may 2023-cü il tarixli qərarla torlanmış materiallar əsasında cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada iddia irəli sürməklə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçılar, habelə onların vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, ona verilmiş 0,10 ha torpaq sahəsində ev və qaraj tikmişdir. Bu sahənin isə iddiaçılara aidiyyəti yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsindəki 0,0718 ha (kənd təsərrüdatı təinatlı torpaqları kateqoriyalı) xx.xx.2014-cü il tarixdən X4 və X1 ümumi birgə mülkiyyətindədir. İşdə olan daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2023-cü il tarixli müqaviləsindən görünür ki, X4 və X3 mülkiyyətlərində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0718 ha torpaq sahəsini İddiaçı1 və İddiaçı2 bağışlamışlar. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsindəki 0,0718 ha (kənd təsərrüdatı təinatlı torpaqları kateqoriyalı) xx.xx.2023-cü il tarixdən İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. Bu barədə onların adına xx.xx.2023-cü il tarixli A 983992 saylı plan və ölçü sənədi tərtib edilmişdir. İşdə olan Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999cu il tarixli, 25 saylı sərəncamından görünür ki, X10 mənzil tikintisi məqsədilə Abşeron rayonu, Saray qəsəbəsində 0,10 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 32/332/2-16041 saylı mütəxəssis rəyindən görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Mübahisəli ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/388 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0718 ha (718 m2) torpaq sahəsinin 531,1 m2 hissəsi naturada təqdim olunan torpaq sahəsi ilə üst-üstə düşür (“Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlara əsasən). Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı ilə X10 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxem, cizgi, koordinat olmadığına görə, sözügedən 0,10 ha torpaq sahəsinin naturada yerləşmə yerini müəyyənləşdirmək mümkün olmadı. Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı ilə X10 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxem, cizgi, koordinat olmadığına görə, sözügedən 0,10 ha torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətindəki 0,0718 ha (718 m2) torpaq sahələri ilə hər hansı hissədə kəsişib-kəsişmədiyini müəyyən etmək mümkün olmadı. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 531,1 m2 hissəsinin, eyni zamanda fərdi yaşayış evinin 18 m2 hissəsinin, həyətyanı sahəsi əhatə edən hasarın 51 metr hissəsinin, talvarın, su hovuzunun və manqalın isə bütövlükdə, xx.xx.2023-cü il qeydiyyat tarixli **********44 reyestr nömrəli çıxarışa əsasən, iddiaçıların mülkiyyətinə verilmiş 0.0718 ha torpaq sahəsinə dair tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlar daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı1 və İddiaçı2 hazırda onlara məxsus 0,0718 ha torpaq sahəsindən həmin daşınmaz əmlaka heç bir hüququ olmayan Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və məhkəməyə ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İşdən görünür ki, mübahisəli 0,0718 ha torpaq sahəsi əvvəllər X4 və X1 mülkiyyətində olmuş, onlar isə həmin əmlakı xx.xx.2023-cü il tarixdə İddiaçı1 və İddiaçı2 bağışlamışlar. Bu əmlakla bağlı onların adına reyestrdən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçıların mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncuların davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmlaka dair heç bir hüququ müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Mübahisəli torpaq sahəsinin zəbt olunması və orada qanunsuz tikililərin mövcudluğu iş materialları ilə, habelə ekspert rəyi ilə təsdiq olunur. Bununla belə, iddianın əmlakdan Cavabdeh ailə üzvlərinin çıxarılması hissəsi konkret tələb olmadığından, həmin hissədə iddianın təmin edilməsi mümkün deyildir. Məhkəmə əmlakın mülkiyyətçiləri İddiaçı1 və İddiaçı2 izah edir ki, qüvvədə olan prosessual qanunvericiliyə görə onlar iddiaçılar olaraq konkret şəxslərə qarşı tələb irəli sürə bilərlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Əliyev X5 Şirin Cavan qızının və İddiaçı2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 718 kvadrat metr torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikililər cavabdehin hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mübahisəli torpaq sahəsini öz vəsaiti hesabına qızının adına alması barədə Cavabdeh dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunur. Oradakı tikililər isə mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada inşa edilmədiyindən özbaşına tikinti hesab olunur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əliyev X5 Şirin Cavan qızının və İddiaçı2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 718 kvadrat metr torpaq sahəsinin 531,1 kvadrat metr hissəsindən çıxarılsın. Həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 18 m2 hissəsi, həyətyanı sahəni əhatə edən hasarın 51 metr hissəsi, talvar, su hovuzu və manqal isə bütövlükdə cavabdehin hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı1 qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-448/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-448/2024
18.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver